İran "Yeni Müsavat" Media Qrupuna qarşı təbliğat aparmağa davam edir. Telegram sosial şəbəkəsinin İran seqmentində media qrupunun əleyhinə bir neçə telegram kanalı yaradılıb ki, onlardan biri "Qafqazın səsi"dir. Sözügedən kanal saytda yayımlanan məqalələrdən istifadə edərək, "Yeni Müsavat"a qarşı əsassız iddialar irəli sürür.
Belə ki, dünən Musavat.com saytında "Böyük Britaniya Zəngəzuru Azərbaycan torpağı kimi tanıyır" sərlövhəli məqalə dərc edilib.
Yazar Elbəyi Həsənlinin müəllifi olduğu məqalədə qeyd edilib ki, Böyük Britaniya Zəngəzur üzərində Azərbaycanın yurisdiksiyasını təsdiq edib: "Böyük Britaniya Zəngəzur üzərində Azərbaycanın yurisdiksiyasını təsdiq edib, bəs, Britaniya nə vaxtsa bu sənəddən imtina edibmi? Yox. İmtina yoxdursa, dedik ki, yoxdur, deməli, Böyük Britaniya Zəngəzur üzərində Azərbaycanın yurisdiksiyasını tanıyır. Yəni Britaniyanın nəzərində Zəngəzur Azərbaycan torpağıdır. Absurd olan odur ki, ermənilər dədə-baba torpağımızdan bizə heç dəhliz belə vermək istəmirlər... "
"Qafqazın səsi" yazır ki, məqalədə Qırmızı dənizdə İranın müttəfiqi Yəmənin hərəkətlərinə qarşı İngiltərənin müttəfiqi Azərbaycan Ordunun Zəngzura hücum etməsi barədə dolayı yolla təhdidlər edir. Əsassız şəkildə müəllifi "sionist" adlandıran İran telegram kanalı iddia edir ki, guya bu məqalədə Zəngəzurun barrikadasına mümkün müdaxilənin qondarma hüquqi termininə haqq qazandırılır.
Kanal Elbəyi Həsənlinin aşağıdakı fikirlərindən sitat gətirir:
"Ermənilərin Sünik, bizim isə Zəngəzur dediyimiz ərazi Rusiya imperiyasının dağılmasından sonra 1918-1920-ci illərdə Ermənistan və Azərbaycanın ilk respublikaları arasında ciddi mübahisələrə səbəb olub. Ən önəmlisi isə odur ki, 1919-cu ilin yanvarında Böyük Britaniya Zəngəzur mahalı üzərində Azərbaycanın yurisdiksiyasını təsdiq edib. Sonra bolşeviklər hər iki respublikada iqtidara gəliblər. Təəssüf ki, Azərbaycan diplomatiyası 1919-cu ilin yanvarında Böyük Britaniyanın Zəngəzur mahalı üzərində Azərbaycanın yurisdiksiyasını təsdiq etməsi kimi önəmli bir faktdan gərəyincə yararlanmayıb. Halbuki bu, son dərəcə önəmli məsələdir. O vaxtlar daha hansı Avropa ölkəsi Zəngəzur üzərində Azərbaycanın yurisdiksiyasını təsdiq edib? Bizim tarixçilərimiz bu kimi suallara etibarlı qaynaqlara istinadən birmənalı cavab verməlidir".
Musavat.com