İran İsrailə hücum edəcəkmi? – Təl-Əvivin iki mərhələli planı

Ağ Evin yüksək rütbəli rəsmisi ABŞ-ın nüfuzlu “Axios” nəşrinə açıqlamasında bildirib ki, İran tezliklə İsrailə ballistik raket hücumu etməyə hazırlaşır və onlarda bu barədə dəqiq kəşfiyyat məlumatları var.

“Axios”a açıqlama verən Ağ Ev rəsmisi İrana belə bir addım atmaması üçün xəbərdarlıq edib: "İsrailin bu hücumdan müdafiə üçün hərbi hazırlıqlarını fəal şəkildə dəstəkləyirik. İrandan İsrailə birbaşa hücum İran üçün ağır nəticələrə səbəb olacaq".

Doğrudanmı İran özünün ən böyük proksi qüvvələrinə qarşı hücuma başlayan İsrailə hərbi zərbələr endirə bilərmi? Bu, Yaxın Şərqdəki prosesləri haraya aparar?

Musavat.com-a açıqlama verən siyasi şərhçi Heydər Oğuz İranın belə bir addım atacağına inanmır: “Məlum olduğu kimi, HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən üzərindən iki ay keçir. Bu müddət ərzində İran dəfələrlə İsraildən qisas alacağına dair gurultulu vədlər verib. Ortada isə hansısa məscidin üzərində qara və qırmızı bayraqlar qaldırmaqdan başqa heç bir hərəkətlənmə yoxdur. İranın qisas sahəsində sözdən əməli fəaliyyətə keçməməsi təsadüfi deyil. Tehran həm özünün, həm də düşmənin gücünü yaxşı anlayır. Bilir ki, elə bir addım atarsa, İsrailin və ABŞ-ın hansı cavabları ilə qarşılaşacaq. Odur ki, rəsmi Tehranın dünyanın ən böyük hərbi qüdrətinə qarşı özünün sınıq-salxaq silahları ilə hücuma keçəcəyinə inanmıram. Bu, onun üçün ölümcül səhv olardı”.

Heydər Oğuzun fikrincə, əslində İsrail də İranı bu cür ölümcül xətaya getməsini istəyir və mümkün olduğu qədər onu buna məcbur etməyə çalışır: “Özü də indi deyil, Netanyahu hakimiyyəti ərəb baharının başladığı 2010-cu illərdən indiyədək dəfələrlə İranla hesablaşmaq fikrinə düşüb, ancaq ABŞ-ın təzyiqləri ilə fikrindən vaz keçib. Ötən ilin 7 oktyabr tarixində HƏMAS-ın keçirdiyi “Əqsa tufanı” əməliyyatı İsrailə çoxdan axtardığı bəhanəni verdi. İrana və proksi qüvvələrinə qarşı planlaşdırdığı böyük müharibədə ona “legitimlik haqqı” qazandırdı. Təl-Əviv bu hadisədən sonra açıq şəkildə İranın heysiyyatı ilə oynanır, onu ya beynəlxalq nüfuzundan vaz keçməyə, ya da İsraillə savaşa girməyə vadar edir. Tehran isə İsrailin bu təxribatı qarşısında, nəyin bahasına olursa olsun, stratejik səbr nümayiş etdirməyə üstünlük verir. Çünki əks addım atarsa, başına nələrin gələ biləcəyini gözəl anlayır”.

Həmsöhbətimizin fikrincə, rəsmi Tehran bu qorxularını açıq ifadə etməkdən də çəkinmir: “Bu yaxınlarda İran dini lideri ayətullah Xameneyiyə yaxınlığı ilə seçilən analitikləri bəzi fikirləri ilə tanış oldum. Onlar artıq HƏMAS-ın keçən ilə həyata keçirdiyi “Əqsa tufanı” əməliyyatını təşkilatın hazırkı rəhbəri Yəhya Sinvarın İsraillə əlbir olub İrana qarşı təxribatı kimi qələmə verməyə çalışırlar. Xameneyi tərəfdarı olan analitik Abdelreza Daveri qələmə aldığı yazısında iddia edib ki, Yəhya Sinvar İsrail həbsxanalarında 22 il yatdığı üçün “onun casusu ola bilər”. Daveri, İran və Hizbullah komandirlərinin ölümü ilə nəticələnən "Əl-Əqsa Tufanı” əməliyyatının İrana qarşı hazırlanmış tələ olduğunu düşünür. Digər iranlı analitik Hüseyn Derahşan da onunla həmrəydir. Derahşan mövzu ilə əlaqədar yazısında bildirib ki, Yəhya Sinvarla bağlı bəzi şübhələri var. “O axmaq əməliyyat” (“Əqsa tufanı”nı nəzərdə tutub) həqiqətən də İranı məhv etmək üçün bəhanə oldu". Açığı bu anlayış içərisində olan İranın başını gizlətdiyi yorğanın altından qaldırıb “mən burdayam” deyəcəyi inandırıcı görünmür”.

Heydər Oğuzun fikrincə, İranın digər rəsmilərinin açıqlamaları da Tehranın “stratejik səbr” siyasətindən kənara çıxmayacağına dəlalət edir: “İran prezidenti bu yaxınlarda BMT Baş Assambleyasındakı çıxışı zamanı ABŞ-a dostluq mesajları verir, İsrail yetkililəri ilə görüşür və bir az da irəli gedərək Amerika xalqını İranın qardaşı adlandırmışdı. Təsəvvür edirsinizmi, dünənə qədər “böyük şeytan” dediyi bu iki dövlət birdən-birə İranın qardaşına çevrilib. O, Nyu-Yorkda görüşdüyü jurnalistlərə verdiyi açıqlamada “İsrail silahını yerə qoyarsa, İranın da eyni addımı atacağını”, hətta “regionun təhlükəsizliyi təmin etmək üçün qurulacaq beynəlxalq təşkilatda vəzifə qəbul etməyə hazır” olduğunu bildirmişdi. Bu bilirsinizmi nə deməkdir? İran faktiki olaraq, “İsrailin təhlükəsizliyi üçün onun sərhədlərini qorumağa belə hazıram” deyir. Öz ənənəvi mövqeyindən bu qədər geri çəkilməyə hazır olan dövlətdən İsrailə hücum gözləmək mümkündürmü?”.

Heydər Oğuz hesab edir ki, İsrail İranın bu yaxınlıq mesajına müsbət yanaşmayacaq və özünün illər boyu hazırladığı planını həyata keçirəcək: “İsrailin əsas planı İranın proksi qüvvələrini məhv etdikdən sonra onun özü ilə uğraşmaqdır. Bunu ABŞ-ın sabiq prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton “Əl-Ərəbiyyə” nəşri üçün qələmə aldığı bir yazısında açıq-aşkar etiraf edirdi. O yazırdı ki, İsrailin sağ qalması İrana qarşı hər hansı böyük hərbi tədbir görməmişdən əvvəl Hizbullahın zərərsizləşdirilməsi tələb olunur. Con Bolton həmçinin yaranmış indiki situasiyanı İsrail üçün ən yaxşı fürsət kimi qiymətləndirmiş və Təl-Əvivin sonuna qədər öz planını həyata keçirəcəyini bildirmişdi. İsrail Baş naziri Netanyahunun bu yaxınlarda səsləndirdiyi “Biz İrana demokratiya gətirəcəyik” sözləri də Con Boltonun iddialarını təsdiqləyir. Təl-Əvivin son hədəfinin İranda rejim dəyişikliyinə nail olmaq olduğunu göstərir. Bunun üçün isə İranın strateji təhdid silahları sayılan proksi qüvvələri sıradan çıxarılmalı, sonra İrana keçilməlidir. Göründüyü kimi, İsrailin Yaxın Şərq planının iki mərhələsi var və hazırda ilk mərhələnin ikinci hissəsindəyik. İlk mərhələnin birinci hissəsi isə Qəzzadakı HƏMAS qüvvələrini yox etmək idi. Bu hədəfinə böyük ölçüdə çatan İsrail indi planın Livanda Hizbullahı sonlandırmaq hissəsinə başlayıb. Növbəti hissələr, yəqin ki, Suriya, İraq və Yəməndəki proksilərlə hesablaşmaq olacaq. Bundan sonra planın ikinci mərhələsi başlayacaq – İranı islah etmək mərhələsi”.

Heydər Oğuzun fikrincə, İran ictimaiyyəti də buna hazırlanıb: “Hazırda İranda molla rejiminə məhəbbət bəsləyənlərin sayı durmadan azalır. Yaxın Şərqdəki məğlubiyyətlər də rejimin öz xalqı üzərindəki xofunu sındırır. İran bəzi islahatlara getməsə, onu öz daxili gücüylə ram etmək ABŞ və İsrail üçün çətin olmayacaq. İran öz bütövlüyünü qorumaq istəyirsə, mütləq İslam inqilabı ideyalarından və onun müdafiəsini həyata keçirən SEPAH-dan imtina edib demokratikləşməlidir. Əks halda sınıq-salxaq, 50 il əvvəlin köhnə texnologiyası ilə ABŞ və İsrailin ən müasir silahları qarşısına çıxmağa məhkumdur. Bu isə onun üçün daha böyük fəlakətləri də gətirə bilər”.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

01.10.2024 20:30
1009