İran-İsrail müharibəsi bu halda ABŞ-İran müharibəsinə çevriləcək

Ötən gün İran İsrailə ciddi hava zərbəsi endirdi. Məlumata görə, İsrailə 500-ə qədər hipoersonik raket atan İran İsrailin 3 hərbi bazasını hədəfə götürüb. Həm İsrailin, həm də İran yetkililərinin hücum barədə qarşılıqlı açıqlamaları narahatlıq doğurur.

Belə ki, İsrail baş naziri Binyamin Netanyahu hücumdan sonra verdiyi açıqlamada İranın bu zərbələrinə cavablarının ağır olacağını bildirib. İran prezidenti Məsud Pezişkiyanın ona özünün X səhifəsindən cavabı isə belə olub:

“Netanyahuya deyin ki, İran müharibə aparmır, lakin istənilən təhdidlərə sərt cavab verir. Bu, gücümüzün yalnız cüzi bir hissəsidir, İrana qarşı gəlməyin”.

Sual olunur: İran-İsrail savaşı böyüyüb bütün Yaxın Şərqi əhatə edə bilərmi? Regionda artan ekskalasiyadan Azərbaycan necə təsirlənəcək?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, İsrail-İran arasındakı gərginliyin taleyi son hücumların nəticələrindən asılı olacaq: “Məsələ burasındadır ki, son hücumun nəticələri barədə tərəflər bir-birindən fərqli fikirlər səsləndirirlər. İsrail və ABŞ-ın iddialarına inansaq, hücumun elə də ciddi dağıntıları olmayıb. Hücum nəticəsində bir neçə nəfər yaralanıb, az sayda insan isə həyatını itirib. İranın açıqlamalarına görə isə, hücum nəticəsində İsrailin aralarında Nevatim aeroportu da olmaqla hərbi baza vurub və 20-dən çox F-35 təyyarəsi məhv edilib. Əgər İsrail və ABŞ-ın məlumatları doğrudursa, ekskalasiya eyni səviyyədə qalacaq, Təl-Əviv İranın regiondakı proksi qüvvələrini ortadan qaldırmaq əməliyyatlarını davam etdirəcək, Tehran isə öz simasını qorumaq üçün arada-sırada müxtəlif obyektlərə zərbələr endirərək qisasını aldığı görüntüsü yaradacaq. Yox, əgər İranın iddiaları doğrudursa, Yaxın Şərqdə misli görünməmiş hadisələr yaşanacaq, hətta bu gərginlik ABŞ-ın İrana hərbi müdaxiləsinə yol açacaq”.

Heydər Oğuz fikrini onunla əsaslandırıb ki, İranın vurduğunu iddia etdiyi F-35-lər həm ABŞ, həm də İsrail üçün böyük dəyərə malikdir: “ABŞ-ın öz müttəfiqlərinə satıb böyük pullar qazandığı və faktiki olaraq, NATO qüvvələrinin böyük ümidlər bağladığı F-35-lərin İran tərəfindən vurulması Vaşinqtonun çəkindirici gücünün iflası anlamına gələ bilər. Bu məlumat öz təsdiqini taparsa, İsrail üçün də ciddi itki deməkdir. Əvvəla, ona görə ki, İsrail F-35-ləri digər ölkələrə satılan həmcinslərindən xeyli fərqlənir. “F-35 Adir” adlanan bu təyyarələr yalnız İsrail üçün istehsal olunub və İsrailə məxsus cihazlarla gücləndirilib. İkincisi ona görə ki, İsrailin hazırda cəmi 50 ədəd F-35-i var və əgər həqiqətən də onlardan 20-si vurulubsa, deməli, İsrail ən güclü hava vasitələrinin 40%-ni itirib”.

Cəmi 22 min kvadrat km-lik ərazisi olan İsrailin coğrafi özəlliyi baxımdan strateji dərinlikdən yoxsul bir ölkə olduğunu xatırladan Heydər Oğuzun fikrincə, onun Rusiya kimi hərbi bazalarını ölkənin dərinliklərinə çəkmək potensialı yoxdur:

“Məhz bu səbəbdən də İsrail öz ərazilərinin hər qarışını xüsusi etina ilə qorumalıdır. İsrailin çoxqatlı hava hücumundan müdafiə sistemləri yaratması da bu zərurətdən qaynaqlanır. Onun F-35 filotu təkcə hücum vasitəsi deyil, həm də Hava Hücumundan Müdafiə sisteminin bir parçasıdır. İran bir hücumla onun F-35 filotunun 20 təyyarəsini məhv edibsə, belə çıxır ki, İsrailin özünümüdafiə sistemi də böyük ölçüdə yara alıb. Sözsüz ki, nə İsrail, nə də onun əsas himayədarı ABŞ İranın bu həmləsinə laqeyd qala bilməz”.

İran prezidentinin İsrail Baş nazirinə səslənişini dialoq arayışı kimi dəyərləndirən siyasi şərhçinin fikrincə, Pezişkiyanın “X” platformasında paylaşımı əslində 1-ci versiyanı, yəni tərəflərin bir-biri ilə danışaraq bəzi addımlar atdığını təsdiqləyir: “Prinsipcə, Pezişkiyanın bundan əvvəlki açıqlamaları da İranla ABŞ və ya İsrail arasında gizli sövdələşmələrin getdiyini göstərir. Məlum olduğu kimi, İran prezidenti bu yaxınlarda jurnalistlərin suallarını cavablandırarkən, ölkəsinin indiyədək qisas əməliyyatına başlamamasını düşmən tərəflə sövdələşmə aparılması ilə əlaqələndirmişdi. Demişdi ki, ABŞ İranın hərəkətsiziliyi müqabilində Qəzzada atəşkəs təklifi irəli sürmüş və İran da sırf fələstinlilərin maraqları naminə bu təkliflə razılaşmışdı. Amma sonradan ABŞ-ın guya İranı aldatdığı həqiqəti ortaya çıxmış və rəsmi Tehranın cavab haqqı doğmuşdur. Bu etiraf sübut edir ki, İranla ABŞ arasında dialoq mövcuddur və bəzi hərbi fəaliyyətlər qarşılıqlı razılaşmalar əsasında yürüdülür”.

İran, ABŞ və İsrail arasında qarşılıqlı razılaşmanın İrandakı molla rejimi üçün ağır nəticələri olacağını bildirən Heydər Oğuzun fikrincə, bu ilk növbədə cənub qonşumuzun ən güclü müdafiə sistemi sayılan proksilərindən vaz keçməsi kimi ağır nəticələr doğura bilər: “Amma nəticələr bununla da qalmaz. Bu həm də İranda rejim dəyişikliyi ilə nəticələnə bilər. Başqa sözlə desək, İran İslam rejimi ölkənin bölünməsinin qarşısının alınması naminə bəzi ciddi güzəştlərə gedər, demokratikləşmə prosesinə start verər, beləcə, bir sıra ənənəvi özəlliyini itirə bilər. Bu versiyada qurban veriləcək qurumlardan biri də İranın sivil hakimiyyətinin alternativi olan SEPAH-dır. Çünki İslam İnqilabı Keşikçiləri Korpusu anlamına gələn bu qurum İrandakı mühafizəkar rejimin qoruyucusu və islam inqilabi ideyasının ətraf ölkələrə ixracı ilə məşğul olan əsas vasitəçidir. Məhz bu səbəbdən də adı ABŞ-ın terrorçular siyahısına salınıb. İranın yeni prezidenti Məsud Pezişkiyan bir müddət əvvəl verdiyi bəyanatlarların birində bildirmişdi ki, ölkəsinə qarşı sanksiyalar qaldırılacağı təqdirdə Tehran öz ideologiyasını ixracından vaz keçəcək. Bu, əslində SEPAH-dan da imtina olunacağı demək idi. Sözsüz ki, İran iqtisadiyyatının hardasa yarısını əlində cəmləşdirən SEPAH bu təkliflə razılaşmaz və ölüm-dirim mübarizəsinə başlayar. Amma ölkənin üzərində qara buludlar dolaşdığı bir zamanda SEPAH müəyyən şərtlər daxilində bu təklifi qəbul etmək məcburiyyətində qala bilər”.

Bəs əgər, SEPAH bununla razılaşmasa, dolayısıyla ikinci versiya – dişə-diş, gözə-göz mübarizə ehtimalı reallaşarsa hansı gedişatın şahidi olacağıq?


Heydər Oğuzun fikrincə, bu mübarizə həm İrana, həm də İsrailə ağır  zərbələr vura bilər:
“Söhbət ondan gedir ki, coğrafi baxımından dərinliyi olmayan İsrail nə qədər güclü hərbi qüdrətə sahib olsa belə, İranla qarşılaşacaq gücdə deyil. Xüsusilə son hücumlar göstərdi ki, İranın əlində İsrail HHM sistemlərini aşan raketlər var. O raketlərin kütləvi atəşlənməsi 22 min kvadrat km-lik ərizədə sıxışmış İsrail üçün həssas durum yaradır. İstənilən böyük miqyaslı hücum qarşısında İsraili qorumaq üçün ABŞ-ın proseslərə müdaxiləsi qaçılmazdır. Bu isə ABŞ-İran müharibəsi deməkdir. Belə bir müharibədə zəif tərəf isə İrandır. Üstəlik, zəiflik təkcə silah gücü ilə də ölçülmür. Eynilə İsrailin İran qarşısında coğrafi həssaslığı da ABŞ-İran qarşıdurmasında ikincinin əleyhinə dəyişilir. Çünki ABŞ İrandan çox-çox uzaqda, İran isə ABŞ-ın bir o qədər yaxınlığındadır. Yəni İranın tam qulağının dibi sayılan Fars körfəzində ABŞ-ın çoxsaylı hərbi bazaları var və həmin bazalarda ən müasir hərbi alətlər yerləşdirilib. İranın həmin hərbi qüdrətlərə qarşı dirəniş gücü yox səviyyəsindədir. Ən əsası isə, İran xalqı da molla rejimindən bezib və bir an öncə ondan xilas olmağın yollarını axtarır. Zənnimcə, İran ABŞ-la döyüşmək yolunu seçərsə, Vaşinqtonun ən güclü hərbi aləti İran ictimaiyyətinin özü olacaq”.

Bütün bu məqamları nəzərə alan Heydər Oğuz İranın molla rejiminin 2 pis ssenaridən ən yaxşısını seçəcəyinə inanır:

“Məncə, İran rejimi ən azı ölkəsinin xilası naminə ABŞ-la sövqdələşməsini davam etdirəcək, İsrailin Yaxın Şərqdəki İrana bağlı proksilərini aradan qaldırmasına göz yumacaq və arada bir əndazəsini aşıb öz simasını qurtarmağa çalışacaq”.

Yaxın Şərqdə artan gərginliyin Azərbaycana təsirinə gəlincə, Heydər Oğuzun fikrincə, bu da regiondakı hərbi vəziyyətdən birbaşa asılı olacaq:

“Əgər İran real vəziyyətlə razılaşıb rasional mövqe tutacaqsa, ilk növbədə Azərbaycanla münasibətlərini düzəltməyə çalışacaq. Yox, əgər o, öz sonunu gətirən digər yolu seçəcəksə, Azərbaycanla da qarşıdurmaya gedəcək. Bütün hallarda Azərbaycan hakimiyyəti cənub sərhədlərimizdəki vəziyyəti ciddi nəzarət altına almalı və soyuqqanlı siyasət yürütməlidir. Biz nə cənub qardaşlarımızı, nə də özümüzü nəhəng dövlətlərin geosiyasi savaşına fəda etməməliyik”.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

02.10.2024 11:17
793