İran “Hizbullah”ı dəstəkləmək üçün əlindən gələni edəcək - SƏBƏB

“İsrail Livana qarşı genişmiqyaslı müharibəyə başlasa, İran “Hizbullah” hərəkatını dəstəkləmək üçün əlindən gələni edəcək”.

Musavat.com xəbər verir ki, bunu İranın ruhani lideri Ayətullah Əli Xameneinin müşaviri, İranın Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi “Financial Times” qəzetinə müsahibəsində deyib.

“Belə bir vəziyyətdə “Hizbullah”ı hər vasitə ilə dəstəkləməkdən başqa çarəmiz olmayacaq” deyən Xarazi İranın genişmiqyaslı qarşıdurma halında şiə hərəkatına hərbi dəstək olub-olmayacağı ilə bağlı suala cavab olaraq vurğulayıb:

“Bütün Livan xalqı, ərəb ölkələri və müqavimət oxu İsrailə qarşı Livanı dəstəkləyəcək”.

İran liderinin müşavirinin fikrincə, münaqişənin daha da gərginləşməsi və genişlənməsi nə İranın, nə də Birləşmiş Ştatların maraqlarına uyğun gəlir.

İyunun 29-da İranın BMT-dəki daimi nümayəndəliyi bəyanat yayaraq qeyd edib ki, Tehran İsrailin Livanda genişmiqyaslı hərbi əməliyyat keçirəcəyi ilə bağlı təhdidlərinə psixoloji təzyiq kimi baxır, lakin İsrail tərəfinin Livan istiqamətində genişmiqyaslı hərbi əməliyyatlara başlaması məhvə səbəb olacaq.

İyunun ortalarında İsrail ordusu Livanda hücum əməliyyatı planını təsdiqləyib. Qəzza zolağında Fələstinin HƏMAS radikal hərəkatına qarşı əməliyyatdan sonra İsrail hakimiyyətinin HƏMAS kimi İsrailə qarşı fəaliyyət göstərən, vaxtaşırı şimaldan yəhudi dövlətinin ərazisini atəşə tutan “Hizbullah” qüvvələrinə eyni vaxtda zərbələr endirməsi gözlənilir.

Nigar HƏSƏNLİ,
Musavat.com

02.07.2024 12:15
787