İran generalı Zəngəzur MÜHARİBƏSİNƏ çağırdı, rus generalı TƏCİLİ Tehrana getdi - CANLI

Cənab Putin Zəngəzur dəhlizi ilə bağlı İranın milli mənafeinə zidd mövqe tutub. Tarixə nəzər salsaq görərik ki, bu dəhliz Moskvanın təhlükəsizliyini təmin etmək üçün SSRİ tərəfindən qurulub. Keçmiş razılaşmalar ləğv ediləcəyi təqdirdə Qafqazın 17 şəhəri İrana qaytarılmalıdır.

Axar.az bildirir ki, SEPAH generalı və Ərdəbilin İran parlamentindəki keçmiş millət vəkili Mənsur Həqiqətpur özünün X hesabında yazıb. O, Qafqazın 17 şəhərinin İrana qaytarılması üçün ölkədə ümumxalq hərəkatının yaradılmasına çağırıb.

Qeyd edək ki, M.Həqiqətpur Azərbaycan Respublikasına qarşı qərəzli mövqeyi ilə tanınır. O, 1992-ci ildə Azərbaycan İslam Partiyası funksionerlərindən Hacı Əlikram Əliyevi, Hacı Vaqif Əliyevi və Hacı Hacağa Nuriyevi İrana dəvət edərək, Tehran şəhərindəki “Mərmər” otelində, habelə, Şimrandakı iqamətgahında Azərbaycanda islam inqilabı həyata keçirilməsi üçün məxfi əməkdaşlığa cəlb etmişdir.
Həqiqətpur bununla yanaşı Qarabağda döyüş təcrübəsi keçmiş gənclərin qanunsuz yolla İrana aparılaraq, Azərbaycanda dövlət çevrilişi məqsədilə ideoloji və hərbi hazırlıq keçmələrini təşkil etmişdir.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu sentyabrın 17-də yenidən Tehrana yola düşdü və İranda Prezident Məsud Pezeşkianla görüşdü, ona Rusiya lideri Putinin mesajını çatdırdı. Bildirilir ki, Şoyqu Pezeşkiana müəyyən “əldə edilmiş razılaşmalar haqqında hesabat” da təqdim edib. Rusiya Təhlükəsizlik Şurasının katibi elan olunmamış səfərlə Tehrana gəlib və iranlı həmkarı Əli Əhmədian ilə danışıqlar aparıb. Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər, regionda nəqliyyat marşrutları və dəhlizləri ilə bağlı İslam Respublikasının mövqeyinə xüsusi diqqət yetirilib. Beləliklə, Zəngəzur dəhlizi üzərindən Tehran-Moskva qarşıdurması İran Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Rusiyaya səfəri ilə də həll edilmədi.

Əhmədianın Moskva səfərindən sonra baş verənlər də İran rəsmisinin “əliboş” qayıtdığını deməyə əsas verir. Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın “Moskva Zəngəzur dəhlizi ilə bağlı öz arqumentlərini təqdim edib və İranın bunu başa düşəcəyinə ümid edir” açıqlaması, kommunikasiyanın açılması üzrə Üçtərəfli İşçi Qrupunun Rusiyadan olan həmsədri Aleksey Overçukun İrəvana səfəri və verdiyi bəyanatlar da bu ehtimalı gücləndirir. İran isə “müharibə edəcəm” təhdidini davam etdirməkdədir, SEPAH-a bağlı informasiya resursları təbliğatı bu yöndə aparır. Son olaraq, İran Elmi Hövzələrin rəhbəri, İran Konstitusiyasının Keşikçilər Şurasının üzvü Ayətullah Əlirza Ərafi “Rusiyaya xəbərdarlıq edirik: Zəngəzur dəhlizinin mülkiyyət məsələsi bizim qırmızı xəttimizdir” açıqlamasını verib.

İki müttəfiq ölkə olan Rusiya ilə İran arasında Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılığı getdikcə ciddi böhrana səbəb olmaqdadır. Bu da iki dövlətin rəsmilərinin intensiv şəkildə qarşılıqlı səfərlərində və müzakirələrində öz əksini tapmaqdadır. Orta Dəhlizin işə düşməsi ilə bağlı yeganə İrandır ki, əleyhinə çıxır. Yəni ABŞ, Fransa nəqliyyat kommunikasiyalarının açılmasına qarşı çıxmır, sadəcə dəhlizə kontrolun Rusiyada olmasını istəmirlər. Bu mövqeyi Ermənistan da bölüşür. Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya da logistikanın bərpasında maraqlıdırlar, amma Moskva 10 noyabr sənədinə istinad edərək nəzarətin Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətində olmasını tələb edir. Yəni bütün ölkələr Zəngəzur dəhlizinin bu və ya digər şəkildə açılmasının tərəfdarıdır, yeganə Tehrandır ki, birmənalı şəkildə etiraz edir, bunu Cənubi Qafqazda sərhədlərin dəyişməsi, İranın “qırmızı xətti” kimi qiymətləndirir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Elçin Xalidbəyli ilə regiondakı hadisələri müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

18.09.2024 16:00
2327