İran Çin üçün neft qiymətini artırıb

İran, sanksiya altındakı tədarükçülərdən yanacaq alaraq vəsaitlərinə əhəmiyyətli dərəcədə qənaət etmiş Çin üçün neftni qiymətini artırıb. Uzaq Şərq ölkəsinin neft istehlakının təqribən 10 faizini Tehran təmin edir.

“Report” xəbər verir ki, bu barədə “Reuters” neft emalı zavodundakı mənbələrinə istinadən bildirib.

“Alıcılar hələ də həll tapmağa çalışır, çünki yeni qiymətlər həddindən artıq yüksəkdir. Lakin onların seçiminin məhdud olduğunu, İran tərəfinin isə sərt olduğunu nəzərə alsaq, qiymət haqqında danışıq imkanı mürəkkəbdir və çinli alıcıların əleyhinədir”, – Çinin Şandun vilayətindən neft alıcısı söyləyib.

Cərəyan edən olayların işığında İrandan Çinə neft tədarükü azalıb. Belə ki, oktyabrda Pekin sutkada 1,53 mln barel neft alırdısa, noyabrda bu göstərici 1,22-yə, dekabrda isə 1,18-dək azalıb. “Kpler” şirkətinin verilənlərinə əsasən, İranın üzən neft anbarlarındakı neft ehtiyatı 2 milyon barel artaraq 15,5 milyona çatıb.

“Reuters” xatırladıb ki, Çinin dövlət neft emalı şirkətləri ABŞ-nin sanksiyalarına uğramamaq üçün İrandan neft almır, bununla 2019-cu ildən ölkənin müstəqil neft emalı zavodları məşğul olur. İran neftinin bütün ixracatının təxminən 90 %-ni sözügedən alıcılar təşkil edir. Yanacaq adətən Malayziya və ya BƏƏ-dən olan neft kimi ötürülür. Agentlik qeyd edib ki, Çin sanksiyalara məruz qalmış istehsalçılar İran, Venesuela və Rusiyadan böyük endirimlərlə neft almaqla milyardlarla dollara qənaət edib. Bu ölkələr Pekinə xam neft idxalının təxminən 30 %-ni təmin edir.

05.01.2024 22:20
802