İran hakimiyyəti Avropa İttifaqının islam respublikasının üç aviaşirkətinə qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq Yaxın Şərqdəki dəniz ticarət yollarını Avropa gəmiləri üçün bağlamalıdır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu fikir İranın “Keyhan” qəzetində yer alıb.
Bildirilir ki, qəzetin qiymətləndirmələrinə görə, İranın hazırda Aİ-yə təzyiq göstərmək üçün daha çox imkanları var və Avropa gəmilərinin sərbəst keçidinə mane olmaq “Avropaya İran təyyarələrinin uçuşlarını dayandırmaqdan daha çox ziyan vuracaq”.
Nəşr vurğulayır: “Şübhəsiz, avropalılar artıq başa düşüblər ki, İranın Avropadakı hava yollarından asılılığı onların İranın nəzarətində olan sulardan keçən gəmiçilik asılılığından qat-qat azdır”.
“Keyhan”ın yazdığına görə, hazırda İranın təsiri təkcə Fars körfəzi və Hörmüz boğazında deyil, həm də digər sulara, o cümlədən Oman körfəzi, Hind okeanı və Aralıq dənizinə qədər uzanır. Qəzet qeyd edir ki, avropalılar İran raketlərinin 2 min km məsafəni asanlıqla vura bildiyini yaxşı bilirlər.
Musavat.com