Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) kritik vaxta təsadüf etdiyini bəyan edib.
“Report”un məlumatına görə, COP29 liderlərinin sammitində çıxışı zamanı Gürcüstanın Baş naziri qeyd edib ki, belə bir konfransın ilk dəfə olaraq Cənubi Qafqaz ölkəsində, Azərbaycanda keçirilməsi region üçün əlamətdar hadisədir:
“Bu tədbir əlamətdar hadisədir, çünki Cənubi Qafqaz regionu ölkəsi ilk dəfə olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının İştirakçılarının Konfransına ev sahibliyi edir. Bu konfrans kritik bir vaxta təsadüf edir, çünki iqlim dəyişikliyi dövrümüzün ən aktual problemlərindən biri kimi ortaya çıxır və onun çoxşaxəli nəticələrini həll etmək üçün təcili qlobal fəaliyyət və əməkdaşlıq tələb edir”.
O təəssüflə qeyd edib ki, bu yolda gedən silahlı münaqişələr nəinki ciddi humanitar böhranlara gətirib çıxarır, həm də qlobal iqlim dəyişikliyi ilə mübarizə səylərini əngəlləyir və ləngidir.
“İqlim dəyişikliyinin artan təsirləri, o cümlədən buzlaqların sürətlə əriməsi və dəniz səviyyəsinin qalxması inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını ciddi ziyan vurur və xüsusilə həssas ölkələrin və yerli icmaların yaşayış vasitələrini təhdid edir. Təəssüf ki, Gürcüstan da istisna deyil və iqlim dəyişikliyinin ağır nəticələri ilə üzləşir. Son illər insan hüquqları ilə ekologiya arasında əlaqə haqqında məlumatlılıq xeyli artıb”, - deyə baş nazir bildirib.