İradə Tuncayın yubiley yaşına TƏBRİKLƏR

Bu gün Əməkdar jurnalist, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın 65 illik yubiley yaşıdır.

Musavat.com xəbər verir ki, Azərbaycan Mətbuat Şurası bu münasibətlə İradə Tuncayı təbrik edib.

Təbrikdə deyilir:

“Noyabrın 9-u müasir Azərbaycan publisistikasının usta nümayəndələrindən biri, Əməkdar jurnalist, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın növbəti yubiley yaşı tamam olur. Bu münasibətlə İradə xanımı ən xoş arzularla ürəkdən təbrik edir, cansağlığı və bol-bol yaradıcılıq uğurları diləyirəm.

Jurnalist kimi fəaliyyətə əvvəlcə televiziyadan başlayan, sonradan yazılı mətbuatda çalışan İradə Tuncay istər telekanallarda müəllifi olduğu verilişləri, istərsə də mətbuatda dərc olunan çoxsaylı yazıları ilə çağdaş jurnalistikamızın və publisistikamızın ən yaddaqalan nümunələrini yaradıb. Onun xüsusilə müstəqillik illərində telekanallarda efirə gedən verilişlərində ən fərqli mövzulara geniş dünyagörüşünə, dərin savada, zəngin biliyilə əsaslanan yanaşmasına, səsləndirdiyi dopdolu, yüklü cümlələrindən ibarət mətnlərindəki dərin qatlı fikirlərə bir tamaşaçı kimi dəfələrlə heyranlıq duymuşam. Sonrakı dönəmdə isə dərin intuisiyası, müşahidə qabiliyyəti, həssaslığı ilə də seçilən İradə xanımın mətbuatda çoxsaylı publisistik yazıları dərc olunmağa başladı. Mən əvvəllər TV ekranlarından eşitdiyim, amma sürətli nitqi, həyəcanlı ifadə tərzi üzündən bir çox hallarda çatdırıb hamısını həzm edə bilmədiyim o cümlələri bu dəfə təkrar-təkrar gözlə görmək, oxumaq imkanı qazandım və yenə də heyran qaldım. İradə xanımın yazılarını ötəri, üzdən oxumaq olmaz, onun hər yazısında alt qatlar, gizli laylar, görünməyən məqamlar var və o yazılar bizi düşündürür, beynimizi yormamaq üçün haqqında fikirləşmək istəmədiyimiz dərin mətləblərə toxunur. İradə xanımın yazdıqları həm də gözəl bədii ədəbiyyat nümunələridir. Bu yazılar öz bədii siqləti, obrazlılığı, təsir gücü, dərin alt qatları ilə çağdaş ədəbiyyatımızın ən dəyərli nümunələri sırasındadır. İradə xanım sosial şəbəkədə də fəaldır. O, burada da tarixin dərin qatlarına varmaq, oxucularını, izləyicilərini maarifləndirmək, öyrətmək və şərh etmək missiyasını eyni səviyyədə yerinə yetirir.

İradə Tuncayı ötən əsrin səksəninci illərindən tanıyıram. Təxminən bu 40 ildə onunla söhbətləşməyə, reaksiyalarını, təpkilərini, sevincinin və qəzəbinin səbəblərini müşahidə etməyə çox imkanım olub; bəzən ən adi, sakit söhbətlərdə də hadisələr və insanlar haqqında dərin müşahidələrə əsaslanan elə dəqiq fikirlər söyləyir ki, heyrətindən donub qalırsan.

Son bir neçə ildir ki, İradə xanım yazılarına ara verib. Halbuki naşılığın və qeyri-peşəkarlığın mediada ayaq açdığı indiki dövrdə İradə Tuncay kimi peşəkar qələm sahibinin yazılarına daha çox ehtiyac duyulur. Bu əlamətdar gündə İradə xanımı bir daha ürəkdən təbrik edir, şövqünün, enerjisinin, gücünün və yazmaq ehtirasının heç zaman azalmamasını arzulayıram.

Yubiley yaşınız mübarək, əziz və dəyərli İradə xanım!”

“Yeni Müsavat” Media Qrupu olaraq İradə Tuncayı yubileyi münasibətilə təbrik edirik.

Musavat.com

09.11.2024 14:13
554