İqtisadiyyata investisiya qoyuluşunda 4 faizlik azalma

Ən çox azalma kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsindədir...

Azərbaycanda əsas kapitala qoyulan investisiyalarda ciddi azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin aylıq hesabatına əsasən bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 12 milyard 711,1 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz az investisiya yönəldilib. Bu zaman neft-qaz sektoruna investisiyalar illik ifadədə 8,4 faiz, qeyri neft-qaz sektoruna investisiyalar isə 1,6 faiz azalıb. Bir ay əvvəl – yanvar-avqusta əsas kapitala 11 milyard 216,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox investisiya yönəldilmişdi. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,4 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 3,9 faiz artmışdı. Yanvar-sentyabrda isə hər iki sektora yatırımlar üzrə azalma diqqəti cəlb edir.

Doqquz ayda ümumi sərmayənin 57,6 faizi dövlət, 42,4 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 72,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilibr. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 83,2 faizini təşkil edib.

9 ay ərzində istifadə olunmuş investisiyanın 6 milyard 302 milyon manatı və yaxud 49,6 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 743,8 milyon manatı və yaxud 37,3 faizi xidmət sahələrinə, 1 milyard 665,3 milyon manatı və yaxud 13,1 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Xatırladaq ki, 2023-cü ilin yanvar-sentyabr aylarında əsas kapitala 12 milyard 728,9 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,3 faiz çox vəsait yönəldilmişdi. Bu zaman neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,1 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 23,2 faiz artmışdı. İstifadə olunmuş vəsaitin 7 milyard 482,0 milyon manatı və ya 58,8 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 607,8 milyon manatı (36,2 faizi) xidmət sahələrinə, 639,1 milyon manatı (5,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdu. Əsas kapitala yönəldilmiş vəsaitlərin 9 milyard 839,7 milyon manatını və ya 77,3 faizini daxili vəsaitlər təşkil etmişdi. Göründüyü kimi, Azərbaycanda kapital qoyuluşlarında xaricdən cəlb olunan vəsaitlərin payı sürətlə azalır.

Azərbaycan Mərkəzi Bankının hazırladığı tədiyə balansına əsasən ölkəyə birbaşa xarici investisiyaların qoyuluşunda da azalma var. Tənzimləyicinin məlumatına əsasən bu göstərici cari ilin birinci yarısında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,04 faiz azalmaqla 2 milyard 978 milyon ABŞ dollar təşkil edib. Bunun 80,4 faizi neft-qaz sektoruna yatırılıb. Qeyri-neft-qaz sektoruna yatırılan xarici birbaşa investisiyaların həcmi 585,1 milyon dollar təşkil edib ki, bu da illik ifadədə 18,5 faiz azalma deməkdir.

İlk yarımildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcminə görə ilk 10 ölkə bunlardır: Böyük Britaniya - 913,293 milyon dollar, Türkiyə - 622,523 milyon dollar, Kipr - 372,866 milyon dollar, BƏƏ - 236,866 milyon dollara, İran - 183,99 milyon dollar, Yaponiya - 124,205 milyon dollar, Macarıstan - 92,227 milyon dollar, Norveç - 70,692 milyon dollar, ABŞ - 64,041 milyon dollar və Rusiya - 62,78 milyon dollar.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,1 faiz artımla 6,658 milyard ABŞ dolları təşkil edib.

Rəsmi statistikaya görə, 2024-cü ilin yanvar-sentyabr aylarında neft-qaz sektoruna 4 milyard 83,3 milyon manatlıq investisiya yönəldilib. Qeyri neft-qaz sektorunun inkişafına sərf edilmiş 8 milyard 627,8 milyon manatlıq investisiyanın 761,9 milyon manatı (ümumi sərmayənin 6,0 faizi) qeyri neft-qaz sənayesi sektorunda istifadə edilib.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş investisiyanın 2 milyard 45,2 milyon manatı (95,9 faizi) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan, BƏƏ, Qırğızıstan və Fransa sərmayədarlarına məxsus olub.

İqtisadiyyatın sahələri üzrə baxdıqda, aydın olur ki, investisiya qoyuluşlarında ən çox azalma kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsindədir. Doqquz ayda bu sahəyə cəmi 188 milyon manat investisiya yatırılıb ki, bu da keçən ilin eyni dövründəkinin 41 faizinə bərabərdir.

Komitənin aylıq hesabatına əsasən yanvar-sentyabrda sənaye sektorunda investisiya qoyuluşlarının həcmi 4 milyard 845,2 milyon manat təşkil edib ki, bu da illik ifadədə 5,8 faiz azalma deməkdir.

Sənayenin mədənçıxarma sahəsinə 3 milyard 308,3 milyon manat yatırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,3 faiz azalmanı göstərir. 974,6 milyon manat investisiya qoyulan emal sənayesində bu göstərici 72 faizdən çox artıb.

Tikinti sənayesinə illik 10,7 faiz artımla yatırılan 2 milyard 934 milyon manat vəsaitin 1 milyard 665,3 milyon manatı bilavasitə mənzil tikintisinə sərf edilib. Bu, illik ifadədə 2,6 dəfə artım deməkdir. Bu artımın əsasında işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən geniş miqyaslı mənzil tikintisi prosesi dayanır.

Yüksək artım qeydə alınan sahələrdən biri də Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahsəsidir. Yanvar-sentyabrda bu sahəyə yatırılan sərmayələrin həcmi 4,1 dəfə artmaqla 245,7 milyon manat təşkil edib. Bu artımda da işğaldan azad olunmuş ərazilərdəki tikintilərin payı kifayət qədər böyükdür.

Daşınmaz əmlakla əlaqədar əməliyyatlara investisiyalar(2,5 milyon manat) 2,1 dəfə, Peşə, elmi və texniki fəaliyyətə (55,3 milyon manat) 4,6 dəfə, İnzibati və yardımçı xidmətlərin göstərilməsinə (74,9 milyon manat) 3,8 dəfə artıb.

Rəsmi statistikaya əsasən 9 ayda nəqliyyat sahəsinə yatırılan investisiyalar 14 faiz azalmaqla 3 milyard 402,3 milyon manata bərabər olub.

Dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsindəki yatırımlar 59,1 faiz azalaraq 64,9 milyon manata düşüb.

Doqquz ayda istifadəyə verilən obyektlərin mühüm əksəriyyəti işğaldan azad olunmuş ərazilərdədir. Belə ki, bu dövrdə Ağdam rayonunda “Aghdam City Hotel”, Ağdam Sənaye Parkında ayaqqabı istehsalı zavodu, elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodu, avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodu, divar kağızları istehsalı zavodu, havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodu, dam örtükləri istehsalı zavodu, Cəbrayıl rayonunda “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları, Füzuli rayonunda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunel, Kəlbəcər rayonunda 110/35/10 kVluq “İstisu” yarımstansiyası, 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyası, “İstisu” mineral su zavodu, 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyası, Laçın rayonunda “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları, Şuşa rayonunda yaşayış kompleksi, Bayraq Meydanı, Zəngilan rayonunda “Ağalı” hoteli, “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları, Zəngilan məscidi və s. obyektlər istifadəyə verilib.

Yuxarıda da qeyd olunduğu kimi, yanvar-sentyabr aylarında Azərbaycanda neft-qaz sahəsinə yatırımlarda ciddi azalma var.

Enerji məsələləri üzrə ekspert İlham Şabana görə, bu, normaldır: “Azəri-Çıraq-Günəşli yatağında yeni ACE platformasının tikintisi başa çatdırılıb, oradan hasilata başlanıb. Buna görə də cari ilin əvvəlindən əsaslı kapital qoyuluşlarında azalma baş verir”.

ILHAM-SHABAN-Tv-1-1.jpg (133 KB)

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, əsas azalma dövlət investisiyalarındadır:

“Statistik rəqəmlərə baxdıqda görünür ki, əsas azalma dövlət vəsaitləri hesabına investisiya qoyuluşlarındadır. Burada ötən illə müqayisədə 5,5 faiz, yaxud 300 milyon manat azalma var. Nəticədə aqrar sektorda, nəqliyyat, ticarət, həmçinin dövlət sosial təminat infrastrukturunun yaradılması sahələrində azalma var. Özəl müəssisələrin vəsaitləri hesabına investisiya qoyuluşlarında artım var və bu, onu deməyə əsas verir ki, ümumi investisiya qoyuluşlarındakı azalma fraqmental xarakter daşıya bilər. Ola bilsin ki, beynəlxalq səviyyəli tədbirlərin təşkili daha yüksək məbləğə başa gəldiyinə görə digər sahələrə vəsait qoyuluşları müəyyən qədər azaldılıb. Bundan əlavə, məlumdur ki, Azərbaycanda dövlət büdcəsi hesabına kapital qoyuluşları üzrə layihələrin əsas hissəsinin maliyyələşdirilməsi ilin son 1-2 ayında həyata keçirilir. Buna görə də bu sahədə real vəziyyəti ilin yekunu üzrə qiymətləndirmək daha doğru təsəvvür yaradar”.

1935cde6ccbf558f9d9697febce66dba.jpg (38 KB)

Ekspertə görə, Azərbaycandakı investisiya mühiti xarici investisiyaların sürətli artımı üçün əlverişli deyil: “Bu mühit cəlbedici deyil. Ona görə də ümumi investisiya qoyuluşlarında dövlətin vəsaitləri böyük paya malikdir. Bu isə iqtisadiyyatın inkişafını dövlət fiskal siyasətində yaranacaq hər hansı kataklizmlərə qarşı son dərəcə həssas edir. Bu, həm də hökumət qarşısında çağırışlar formalaşdırır ki, investisiya cəlbediciliyini artırmaq üçün proqramlar hazırlayıb həyata keçirsin. Belə real nəticə əsaslı proqramlar həyata keçirilmədən Azərbaycan iqtisadiyyatının kapital qoyuluşu baxımından dövlət büdcəsindən asılılığını aradan qaldırmaq mümkün olmayacaq. Məlumdur ki, dövlətin investisiya qabiliyyəti də əsas gəlir mənbəyi olan neft-qazdan asılıdır. Bu əmtəələrin qlobal bazarındakı dəyişikliklər dövlətin investisiya qabiliyyətinə ciddi təsir göstərir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

16.10.2024 12:27
340