Bu günlərdə Dövlət Statistika Komitəsi cari ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə dair məlumatları öz internet səhifəsində dərc edib. Məlumatlardan görünür ki, cari ilin 4 ayı ərzində Azərbaycanda ümumi daxili məhsul ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% artıb. Halbuki ötən ilin 4 ayı ərzində 2022-ci ilin 4 ayı ilə müqayisədə iqtisadiyyat cəmisi 0,1% artmışdı.
Bu məlumatların rəsmi açıqlamasından sonra ölkə iqtisadiyyatında 4,3% artımın olduğunu şübhə altına alan iqtisadçılar hökuməti iqtisadiyyatın durumuna dair rəqəmləri şişirtməkdə ittiham etməyə başladılar. İqtisadçı olaraq populizmlə məşğul olmaq və real faktları təhrif edib, insanları çaşdırmaq bununla da cəmiyyətdə ucuz “nüfuza” yiyələnmək nə peşəkar iqtisadçıya, nə də peşəkar siyasətçiyə yaraşan bir hərəkət deyil.
Baxın, cəmiyyətin peşəkar iqtisadçılar kimi tanıdığı siyasi iqtisadçılarımız ölkə iqtisadiyyatının cari ilinin 4 aylıq yekunlarını təhlil edərkən nə deyirlər. Onlar deyirlər ki, ölkədə ümumi daxili məhsul 2023-cü ilin yanvar-aprel aylarında 39986,5 milyon manat, 2024-cü ilin eyni dövründə isə 38181,9 milyon manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 804 milyon manat azalıbsa, cari ilin 4 ayında iqtisadiyyatın 4,3%-lik artımı necə əldə olunub?
Cənab siyasi iqtisadçılar - bilməyiniz və öyrənməyiniz üçün nəzərinizə çatdırıram ki, ümumi daxili məhsula dair göstəricilər dünyanın bütün ölkələrində və təbii ki, Azərbaycanda da beynəlxalq standartlara uyğun olaraq yalnız müqayisəli qiymətlərlə hesablanır və bu məlumatların əvvəlki dövrlə müqayisəsi də sizlərin yazıb göstərdiyi kimi nominal göstəricilər əsasında aparılmır. Sizlər əgər bu qaydaları çeynəyib, belə qeyri-peşəkar təhlillərinizlə cəmiyyətdə çaşqınlıq yaratmaq istəyirsinizsə, unutmayın ki, yaydığınız bu yalanları yalnız sıradan bir olan vətəndaşlar deyil, peşəkarlar da oxuyurlar.
Fikrət Yusifov
Iqtisad elmləri doktoru, professor