İqtisadçı subasma problemindən DANIŞDI: “Milyonlarla dollar lazımdır”

Bakının kanalizasiya problemi hər zaman olub. Bu problemin köklü şəkildə, birdəfəlik həll edilməsini gözləmirəm çünki bunun üçün böyük həcmdə maliyyə vəsaiti lazımdır, həmçinin, illərlə zaman tələb olunur.

Bu fikirləri Musavat.com-a iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, elə yerlər var ki, sistemi tamamilə düzəltmək mümkün deyil:

“Şəhərsalma qaydalarında ciddi çatışmazlıqların olması müəyyən yerlərdə problemlərin aradan qaldırılmasına imkan vermir. Mövcud infrastrukturun ciddi şəkildə təhlil olunması ilə, kanalizasiya sisteminin mövcud vəziyyətini texniki olaraq öyrənməklə bir layihə ortaya çıxarıla bilər. Bundan sonra layihənin həcmi məhz kanalizasiya sisteminin mövcud vəziyyətindən, həcmindən, sistemin hazırkı genişlənmə tələbatından, təmir edilməli, yenidən qurulmalı olan yerlərin həcmindən çox asılıdır. Yalnız bu suallara cavab verildikdən sonra birmənalı olaraq yenidənqurma işləri üçün büdcə təxminləri formalaşmalıdır. Lazımi vəsait müəyyən edildikdən sonra vəsaiti təmin edəcək mənbələr tapılmalıdır. Yerli yaxud beynəlxalq maliyyə təşkilatlarından bəlli istiqamətlərdə, bəlli şərtlərlə maliyyə vəsaitləri cəlb edilməlidir. Bundan sonra işçi qüvvəsi, texnoloji vəziyyət və s. suallara cavab tapılmalıdır. Bütün hallarda bu tip layihələrin maliyyə dəyəri milyonlarla dollar məbləğində ölçülür”.

Nigar HƏSƏNLİ,
Musavat.com

22.10.2024 13:10
715