İqtisadçı: “Hökumət büdcədə inflyasiyaya tətikləyən xərclərin kontrolunu artırmalıdır” 

“Mövcud şəraitdə inflyasiya ilə mübarizə nə qədər vacib olsa da, onun səviyyəsini istədiyimiz qədər aşağı salmaq çətin olacaq”.

Bu təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edib.

0e30c6b7-fcca-387c-ba94-123d4a066d93_850.jpg (79 KB)

Komitə sədri qeyd edib ki, inflyasiyanın strukturunda idxalın rolu böyükdür: “Dünyada iqtisadi artımı zəiflədəcək anti-inflyasiya tədbirləri, xüsusilə monitor və fiskal siyasətin sərtləşdirilməsi böyük itkilərə səbəb olmaqdadır. Ona görə də istehsalla bağlı təklifin selektiv formada stimullaşdırılması, kütləvi istehlakın məhdudlaşdırılması üçün hibrid iqtisadi siyasətin aparılması vacibdir. Belə görünür ki, iqtisadi böhrandan qaçmağın düzgün yolu yüksək inflyasiya şəraitində iqtisadi artımın sürətləndirilməsi olacaq. Bunun üçün yeni dəyər yaradan əsas investiysa xərclərinin artırılmasını təklif edirik. Özəl sektorun imkan və bacarıqlarından daha çox istifadə olunmasını məqsədəuyğun hesab edirik”.

Deputat həmçinin bildirib ki, büdcə strukturuna nəzarətin, təhlilin asanlaşıdırılması üçün ilk öncə vahid büdcə sistemi təkmilləşdirilməlidir: “Büdcə planlaşdırılmasının struktural olaraq tam elektronlaşması vacibdir. Bu nəticə əsaslı büdcəyə keçid, qoyulan hədəflərin yerinə yetirilməsinə nəzarət baxımdan da vacib və vəzəedilməz addımdır. Müşahidələrimiz göstərir ki, insan faktorunun bu prosesdə həlledici olması bir çox texniki, qeyri-iradi səhvlərin yaranmasına səbəb olur. Fikrimizcə, bu səhvlərin aradan qaldırılması iqtisadi siyasətin səmərəliliyinə birbaşa təsir edəcək”.

Yerı gəlmişkən, 2022-ci ilin ilk üç rübündə Azərbaycana idxal inflyasiyası əsasən hansı məhsullar tərəfindən daha çox artdığı məlum olub. Dövlət Statistika Komitəsinın bununla bağlı məlumatında bildirilir ki, Azərbaycan inflyasiyanı idxal etdiyindən ixracı daha çox gücləndirib. Burada da əsas səbəb dünya bazarlarında müharibədən irəli gələn ticarət zənciri qorxusu ilə bahalaşan enerji qiymətləridir.

Hesabat müddəti ərzində ölkəyə idxal olunan məhsulların qiymətlər indeksi 122.1% olduğu halda, ixrac 174.5% artıb. İlin 9 ayı ərzində ən çox bahalaşan məhsul saatlar üzrə olub. Burada qiymətlər indeksi 224.2% təşkil edib. İdxal olunan ət məhsulları 33.1%, dənli bitkilər 30.6% və taxıl 28% qiymətlərində bahalaşma müşahidə edilib.

İnflyasiyanın qarşısını almaq mümkün olmayacaqmı? Bahalaşma nə zamana kimi davam edəcək? Nə kimi tədbirlər görülməlidir?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli “Yeni Müsavat”a dedi ki, Milli Məclisdə səsləndirilən  fikirlər əslində reallığı əks etdirir: “Azərbaycanın hazırda inflyasiyanın qarşısını almağa gücü yoxdur. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəbləri ondan ibarətdir ki, inflyasiya daha çox idxalla əlaqədar inflyasiyadır. Biz kiçik ölkəyik və kiçik iqtisadiyyata malik ölkəyik. Ümumiyyətlə, qeyri-enerji sektoru da çox zəif inkişaf edib. İdxaldan çox asılıyıq, həm ərzaq bazarında, həm də qeyri-ərzaq bazarında. Dünyada artım prosesləri baş verir. Düzdür, artım getdikcə zəifləyir. Amma yenə də qiymətlər yüksək olaraq qalır. Həm Mərkəzi Bankın, həm də dünya mərkəzi banklarının  proqnozları ondan ibarətdir ki, inflyasiya getdikcə zəifləyəcək. Xüsusilə, 2023-cü ildə artıq ikirəqəmli inflyasiya yox, birrəqəmli inflyasiya müşahidə olunacaq. Dünya mərkəzi bankları həm monetar, həm də fiskal siyasətlə çalışırlar ki, inflyasiyanı kontrol altına salsınlar. Amma müharibə, istehsalın azalması məsələləri var ki, onlar inflyasiyanı tam aşağı düşməsinə imkan vermir. Müharibə ərzaq məhsullarını baha saxlayır və istehsalın aşağı düşməsi baş verir. Misal üçün, COVİD-lə əlaqədar Çində istehsalın, ixracın nəzərdə tutulduğu qədər artmaması, Rusiya iqtisadiyyatının təcridi, Ukrayna iqtisadiyyatının məhvi istehsal həcminin nəzərdə tutulan qədər artmamasına səbəb olub və bu səbəbdən qiymətlərin yüksək saxlanması davam edəcək”.

Ekspert əlavə edib ki, inflyasiya qlobal miqyasda ölkəmizə daxil olur və biz bunun qarşısını ala bilmirik: “Desək ki, qiymətləri qaldırmamaq lazımdır, onda defisit olacaq, çünki sahibkar məhsul gətirməkdə maraqlı olmayacaq. Burada yalnız süni qiymət artımı ilə mübarizə apara bilərik. İnhisarçıların təyin etdiyi qiymət süni qiymətdir. Bunun üçün də İqtisadiyyat Nazirliyinin anti-inhisar departamenti faktiki olaraq inhisarçıları müəyyənləşdirməlidir. Bu, həm idxal, həm də istehsal inhisarçıları ola bilər. Onlar üçün məcburi qiymət marjaları təyin edilməlidir. Mən demirəm, gedib mağazalarda mübarizə aparsınlar.  İqtisadiyyat Nazirliyi antiinhisar fəaliyyətini gücləndirməlidir. İnhisarçıları təyin etməlidir və onların lüzumsuz qiymət artırmasına imkan verməməlidir. Bunu həyata keçirmək həmin qurumun birbaşa vəzifə borcudur. Dövlətin ona verdiyi öhdəlikdir ki, ölkədə inhisarçılıqla mübarizə aparsın. Bunun qanunvericilik əsası da var, anti-inhisar haqqında qanun da mövcuddur. Orada göstərilir ki, hansısa məhsul üzrə bazarın 30 faizindən çoxu bir şirkət , yaxud bir şəxsin nəzarətindədirsə, bu monopolist sayılır. Bunun üzərində dövlət nəzarəti olmalıdır ki, istehlakçıların hüquqları pozulmasın. Burada monopoliya ilə mübarizə hökumətin atacağı addımlardan asılıdır. Bu həm rəqabətin yaxşılaşmasına gətirib çıxaracaq, həm də cəmiyyətin “yağmalanması”na imkan verməyəcək”.   

X.Kərimli qeyd edib ki, Mərkəzi Bank öz növbəsində pul bazarında artıq pulun sterilizasiyasını aparmalıdır: “Pulun inflyasiya yaratmasına imkan verməməlidir. Eləcə də, hökumət büdcədən xərclərin, xüsusən inflyasiyaya tətikləyən xərclərin kontrolunu artırmalıdır. Büdcə xərcləri zamanı korrupsiyanın qarşısını almaq elə inflyasiya ilə mübarizədə ən böyük addım ola bilər. Bir sözlə inflyasiyanın qarşısını ala bilməyəcəyik, amma inflyasiya təsirlərinin qarşısını almaq imkanına malikik. Hökumət növbəti ilin büdcəsində daha səxavətli olmalıdır. Sosial müavinətlər, dövlət sektorunda maliyyələşən şəxslərin əmək haqqının artırılması, müavinətlərin və pensiyaların artırılması kimi addımlar atılmalıdır ki, inflyasiyadan əhalini qoruyaq”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat” 

16.11.2022 19:51
870