İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ

 

Srağagün başa çatmalı olan COP29 iqlim sammiti bu gün gecəyə (01.00-a) qədər davam etdi. Məşhur ifadə elə desək, mübahisəli məsələ vardı, o həll edilməliydi.

Əsas məsələ iqlim dəyişikliyinin nəticələrinin maliyyələşdirilməsi üçün xərclərin artırılmasını razılaşdırmaq idi. Həmişə olduğu kimi, böyük pullar olan yerdə qızğın mübahisələr qaçılmazdır.

Yüksək tribunalardan emissiyaların azaldılması və iqlimin istiləşməsi ilə mübarizə tədbirlərinin zəruriliyi haqqında danışmaq bir şeydir, ekoloji layihələrin maliyyələşdirilməsini artırmaq, əlini daşın altıa qoymaq isə tamam başqadır.

Qlobal kataklizmlərdən xeyir-asanlığıyla qurtulmaq, daha dəqiqi, onlara məruz qalmamasq üçün milyardlarla dollar ayırmaq lazımdır və buna hazır olan ölkələr daha azdır. Kasıb ölkələrin çoxu isə ayrılmış böyük pulları xərcləmək həvəsi ilə alşıb-yanırlar.

COP29 zamanı bir çox siyasətçilər 195-dən çox ölkənin 2015-ci ildə Parisdə imzaladığı sazişinə sədaqətdən danışırdılar. Bu saziş qlobal istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmağı nəzərdə tutur. Ancaq aradan keçən 9 ildə bu istiqamətdə elə bir məsafə qət edilməyib, planet istiləşə-istiləşə gedir. Pafoslu bəyanatların planetə isti-soyuğu olmayıb. İndi ekspertlər və iqlimşünaslar deyirlər ki, böyük ehtimalla o nailliyyət heç vaxt əldə edilməyəcək. Hazırda dünya 2,7°C istiləşmənin ərəfəsindədir.

Dünya dövlətlərinin siyasiləri və hökumət rəsmiləri trilyonlarla dollar həcmində “təcili olaraq iqlimin maliyyələşdirilməsinin artırılmasının” zərurətindən danışırlar.

Hələ 2009-cu ildə inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə uyğunlaşması üçün ildə 100 milyard dollar məbləğində maliyyə ayırmağa razılıq vermişdilər. Bu məqsəd 2020-ci il üçün qoyulsa da, ona yalnız bir dəfə - 2022-ci ildə nail olunub.

COP29-da isə inkişaf etməkdə olan dövlətlər daha iddialı idilər. onlar iqlim dəyişikliyinə uyğunlaşma üçün ildə 1 trilyon ABŞ dolları həcmində maliyyələşdirməyə can atırdılar. Varlı dövlətlər buna qarşı çıxır, Çinin, Hindistanın və Fars körfəzinin neft ölkələrinin donorların siyahısına daxil edilməsini təklif edirdilər. İnkişaf etməkdə olan ölkələr isə yardımı kreditdən çox qrant şəklində almaq istəyirdilər. Alsınlar, istədikləri kimi xərcləsinlər. Bunlar elə ölkələrdir ki, korrupsiya maxinasiyaları xirtdəkdəndir və iqlim üçün ayrılan pulların böyük hissəsinin hansısa diktatorun şəxsi varidatına çevriləcəyi ehtimalı böyükdür.

1 trilyon dollar isə böyük məbləğdir. Bütün dünya iqtisadiyyatının həcmi 105 trilyon dollardan bir az çoxdur.

Hələ 2013-cü ildə iqlim dəyişikliyinin nəticələri ilə bağlı zərər və itkiləri kompensasiya etmək üçün beynəlxalq mexanizm yaradılıb. 10 ildən sonra zərər fondunda toplanan vəsaitin məbləği 720 milyon dolları keçib. Bunun kifayət qədər olmadığı açıq-aydındır. Dünyanın əsas karbon qazı təchizatçılarından biri olan ABŞ fonda cəmi 17,5 milyon dollar vəd edib.

İqlim dəyişikliyi ilə bağlı fəlakətlər isə hər il müxtəlif ölkələrə daha çox ziyan vurur. Təkcə Çin müxtəlif təbii fəlakətlər səbəbindən 2023-cü ildə 42 milyard dollar iqtisadi itki ilə üzləşib.

Ümumilikdə, mötəbər hesablamalara görə, təbii fəlakətlər son 10 ildə qlobal iqtisadiyyata 2 trilyon dollar ziyan vurub. 2022-2023-cü illər üçün iqtisadi itkilərin həcmi isə əvvəlki illərdən xeyli çox olub.

Ancaq bu da bir acı gerçəkdir ki, ən böyük zərərlə inkişaf etməkdə olan ölkələr üzləşir. Təbiət kataklizmləri onların onsuz da zəif inkişaf etmiş infrastrukturlarını darmadağın dağıdır və onların öz daxili imkanları ilə toparlanmaları mümkün olmur. Müxtəlif hesablamalara görə, onların təkcə 2030-cu ilə qədər iqlim dəyişikliyi ilə bağlı maliyyə ehtiyacları 7,8-13,6 trilyon dollar təşkil edəcək.

Təəccüblüdür ki, Dünya Bankının özü ötən il inkişaf etməkdə olan ölkələrə cəmi 43 milyard dollar, sonrakı 10 il üçün isə cəmi 150 milyard dollar ayırıb. İlə 15 milyard dollar düşür.

Bax, dünən gecəyə qədər davam edən iqlim sammitinin bağlanışı ona görə ləngiyirdi.

Gecə yarısı COP29-un sədarətinin verdiyi açıqlamadan aydın oldu ki, iqlim diplomatiyasında ən mürəkkəb və texniki problemlərdən biri çözülüb, ölkələr Paris sazişinə sadiq qalacaqlar. Yekun nəticə budur ki, kömürlə işləyən elektrik stansiyalarının fəaliyyəti dayandırılacaq, güc külək stansiyalarına veriləcək və meşələr salınacaq.

Lap axırda, bu gün gecə saat 1-də isə aydın oldu ki, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsait verəcəklər, bu, 2035-ci ilədək ən azı 300 milyard dollara çatdırılacaq.

Yenə də şükür ki, nəsə bir razılıq əldə olundu. Ayrılan milyardlar yeyintisiz, mənimsəməsiz iqlim layihələrinin reallaşdırılmasına yönəlsə, faydalı olacaq, yönəlməsə, 1 trilyon da olsa, heç nə olmayacaq.

24.11.2024 11:18
1119