İqlim dəyişikliyinin insan sağlamlığına təsiri AÇIQLANDI

“İqlim dəyişikliyinin insan sağlamlığına təsiri birbaşa və dolayı yolla ola bilər”.

Musavat.com xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

WhatsApp Image 2024-10-31 at 14.57.49.jpeg (275 KB)

Mütəxəssis-ekspert bildirib ki, noyabr ayında ölkəmizdə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək:

“COP29 zamanı iqlim dəyişkənliyi, bunun insan sağlamlığına təsiri və digər qlobal qərarların qəbulunu baxımından mühüm hadisədir: “Qlobal səhiyyə ictimaiyyəti iqlim dəyişikliyinin təsirlərinə cavab verməkdə və qlobal sağlamlıq təhlükəsizliyinin yaxşılaşdırılmasına töhfə verməkdə mühüm rola malikdir. Bunu nəzərə alaraq, qlobal səhiyyə COP29 çərçivəsində hökumətlər üçün prioritet və əsas göstərici rolunu oynamalıdır. Qeyd edim ki, Səhiyyə Nazirliyi tərəfindən COP29 zamanı insanların sağlamlığının qorunması ilə bağlı bir sıra xəstəxanalarda hazırlıq işlərin görülüb”.

Z.Quliyev bildirib ki, COP29 çərçivəsində səhiyyə və qeyri-səhiyyə olaraq ümumilikdə doqquz xəstəxana ayrılıb.

Onun sözlərinə görə, birbaşa təsirlər dəniz səviyyəsinin yüksəlməsi, anomal isti dalğaları, normadan artıq yağıntılar səbəbindən yaranan təbii fəlakətlərin nəticəsində zədələnmələr, xəstəliklər və ölümləri əhatə edir:

“Dolayı təsirlər mühitdəki dəyişikliklər vasitəsilə baş verir və bu da insan sağlamlığına dolayı yolla təsir göstərir. Məsələn, hava çirklənməsinin səviyyəsinin artması tənəffüs sistemi və ürək-damar xəstəliklərinə mənfi təsir edir. Temperatur və yağış dəyişiklikləri böcəklər və digər həşərat növlərinin həyatını, yayılmasını və davranışını dəyişdirə bilər ki, bu da infeksiya xəstəliklərinin artımına səbəb ola bilər. Eyni zamanda, havadakı rütubətin, nəmişliyin artması revmatoloji xəstəliklərin də şiddətlənməsinə gətirib çıxarda bilər”.

31.10.2024 15:04
216