İpoteka Fondu 1 milyard 68 milyonu necə xərcləyəcək?

Ekspertlər hesab edir ki, kreditlərin çoxalması mənzil bazarında ucuzlaşmaya, daha çox vətəndaşın güzəştli ipoteka krediti götürməsinə səbəb ola bilər

İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində dəyişiklik edilib. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, fondun nizamnamə kapitalı artırılıb. Fondun nizamnamə kapitalı 980 milyon 700 min manatdan 1 milyard 68 milyon 400 min manata qaldırılıb.

Xatırladaq ki, fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Fonddan verilən məlumata görə, 2024-cü ilin yanvar-sentyabr aylarında fondun vəsaiti hesabına 365,6 milyon manat ipoteka krediti verilib ki, onun da 66,5 milyon manatını güzəştli ipoteka kreditləri təşkil edir.

İlin əvvəlindən adi ipoteka kreditləri hesabına 3017, güzəştli ipoteka kreditləri hesabına isə 844 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb.

2024-cü ilin ötən dövründə verilmiş ipoteka kreditlərinin orta məbləği 94 683 manat təşkil edib.

Ümumilikdə indiyədək fondun vəsaiti hesabına 3,2 milyard manat dəyərində ipoteka krediti verilib ki, bu da 51 710 ailənin mənzil şəraitini yaxşılaşdırmasına imkan verib.

Bəs nizamnamə kapitalının artırılması ipoteka götürmək istəyənlər üçün nə vəd edir?

Elçin Bayramlı: “Rüşvətsiz cəmiyyət bu günə qədər olmayıb, olmayacaq da” -  Oxu.az

Elçin Bayramlı

Sosioloq Elçin Bayramlı deyir ki, son illər vətəndaşların ipoteka ilə ev alması müşkülə çevrilib:  “Nəinki az imkanlı ailələr, heç orta təbəqənin belə ipoteka götürmək imkanları aşağıdır. Azərbaycanda orta əmək haqqı məlumdur, rəsmi göstəricilərə görə 800-900 manat civarındadır. Bu da ailənin güclə dolanmasını təmin edə bilər. Bu ipoteka xalq üçün deyil. Bu, sadəcə, əhalinin 5-10% imkanlı təbəqəsinin ev almasını şərtləndirən sistemdir. Müxtəlif ölkələrdə sosial evlər layihəsi var. Bizdə də sosial evlər elə bu formada oldu. Adi insanların bunu almaq imkanı yoxdur. Faizlər, şərtlər, tələblər çox yüksəkdir. Nəticədə də elə ölkədə evləri bir qrup imkanlı şəxslər alır. Onlar onlarla, yüzlərlə evlər alır və bunu biznes məqsədi üçün istifadə edirlər. Məsələn, kirayə verirlər. Nəinki gənc ailələr, görürsən ki, 20-40 illik ailələr belə kirayələrdə yaşayır və heç vaxt ev ala bilmir. Bugünkü reallıqda praktiki olaraq bu mümkün deyil, çünki dünyada ən baha evlər Azərbaycandadır. Baha deyilərkən pul nisbətində götürülmür. Ola bilər qiymət nisbətində bizdən də baha ölkələr var. Amma orada pensiya məbləğinə nəzərən hər şey belə götürülməlidir. Yəni vətəndaş neçə aylıq maaşına ev ala bilir. Məsələn, bizdə bu 100 aydırsa, başqa ölkədə təxminən 20 aydır. İpoteka kreditləri bir çox ölkələrdə 1-2 faizlə verilir. Bəzi ölkələrdə hətta 0,5 faizlədir. Bizdə isə bundan dəfələrlə yüksəkdir. Banklar da sərbəst ipotekada öz bildiklərini edirlər. Nəticədə evsizlik problemi çoxalır”.

Vüqar Bayramov: Proseslər dünya enerji bazarına təsirsiz ötüşməyəcək –  BAYRAQDAR MEDİA

Vüqar Bayramov 

İqtisadçı millət vəkili Vüqar Bayramov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki,  nizamnamə kapitalının artırılması ipoteka götürmək istəyənlər üçün fürsət yaradır: “Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur.

Bütövlükdə, fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur. Bu eyni zamanda güzəştli şərtlərlə kreditlərin portfelini də genişləndirir. Deməli, bu həmçinin daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir".

Pensiya yaşının artırılması tələsik addım idi, indi...” – Xalid Kərimli

Xalid Kərimli 

İqtisadçı Xalid Kərimli də mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, İpoteka və Kredit Zəmanət Fondunun resurslarının imkanlarının genişləndirilməsi qurumun ipoteka vermək imkanlarını genişləndirir: “İndi kommersiya banklarının çoxu kredit verir. Misal üçün, müxtəlif layihələr üzrə Beynəlxalq Bank müxtəlif iri layihələr üzrə MTK-larla əməkdaşlıq çərçivəsində kredit verir. Amma dövlətin verdiyi kreditlə müqayisədə bu bankların verdiyi kreditlərin faizləri bir qədər yüksəkdir. Dövlət kommersiya təyinatlı ipoteka kreditini maksimum 7-8 faizə verir. Amma kommersiya banklarında bu 10-11 faizdir. Həm də dövlət kreditləri daha uzunmüddətli verir. Yəni İpoteka Fondunun daha çox resursunun olması daha çox kredit vermək imkanını artırır. Sosial ipotekada isə bu, 4 faizdir. Bu il ipoteka kreditinin verilməsini banklar birbaşa tənzimləmirlər. Orada elektron şəffaflıq yaradıblar. İpoteka Fondunun öz saytından girib vəsait varsa, vətəndaş özü bron edə bilir. İki ay əvvəl yoxlamaq istədim ki, ipoteka resursu var, ya yox, gördüm ki, vəsait yoxdur. Bu da onu göstərir ki, hətta İpoteka Fondunun kommersiya təyinatlı kreditlərinə də bazarda tələb var. İnsanlar maraqlıdırlar ki, kreditlə mənzil alsınlar. Fərmanla tanışam, orada deyilir ki, 2024-cü il İpoteka Fonduna verilən vəsait nizamnamə kapitalının artırılmasına yönəlib. Dövlət bunu İpoteka Fonduna Maliyyə Nazirliyi tərəfindən borc şəklində vermir. Pul nizamnamə kapitalının artırılması şəklində verilir ki, İpoteka Fondunun ipoteka vermək imkanları genişlənsin. Bu mənada müsbətdir. Amma bunun bir mənfi tərəfi də odur ki, bu cür kreditlərin çoxalması mənzil bazarında bahalaşmaya təsir göstərən amildir. Çünki insanlar böyük məbləğləri tam olaraq birdən-birə əllərində formalaşdırmaqda çətinlik çəkirlər. İpoteka krediti burada əlavə tələb yaradır. Bu da qiymətləri artıran faktorlardan biridir. Həcmin artması yaxşıdır, insanların kreditə çıxışı artır ki, kredit götürmək istəyənlər kredit götürsün. Amma əvvəldə dediyim kimi, kreditin genişlənməsi qiymətlərin yüksəlməsinə təsirini göstərir. Çünki tələb yaradır”.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu Qafqaz regionunun ilk ipoteka bazarı operatorudur. Fond 2005-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb və 2006-cı ilin mart ayından ölkədə uzunmüddətli ipoteka kreditlərinin verilməsinə başlanılıb. 2024-cü ilin ilk rübündə verilmiş ipoteka kreditlərinin məbləği üzrə orta göstərici təxminən 8 9000 manat, alınan yaşayış sahəsinin qiyməti üzrə 131 000 manat təşkil edib. Regionlarda bu məbləğ orta göstəricidən bir qədər də aşağıdır. Təkcə son üç ildə 1,2 milyard manatdan çox ipoteka krediti verilib ki, bu da 16 400-ə yaxın ailənin mənzil şəraitini yaxşılaşdırmağa imkan verib. Hazırda fondun vəsaiti hesabına müvəkkil banklar həm adi, həm də güzəştli ipoteka kreditlərinin verilməsini həyata keçirir. Adi ipoteka kreditləri üzrə maksimal məbləğ 150 000 manat, maksimal müddət 300 ay, illik faiz dərəcəsi 8%, güzəştli ipoteka kreditləri üzrə maksimal məbləğ isə 100 000 manat, maksimal müddət 360 ay, illik faiz dərəcəsi isə 4% təşkil edir.

Adi ipoteka kreditləri fondun daxili maliyyə bazarlarından cəlb etdiyi, güzəştli ipoteka kreditləri isə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

11.10.2024 11:55
478