İntim videonun yayılmasında media günahkardırmı? DSX generalından müdhiş açıqlama - Qazaxın 7 kəndi... Rauf Arifoğlu ilə CANLI

Hələ 2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatı imzalananda geniş ictimaiyyətə bəlli olmuşdu ki, Azərbaycanın Qarabağdan kənarda işğal olunmuş kəndləri də qaytarılacaq.

Söhbət Qazaxın 7 və Naxçıvanın 1 kəndindən gedir. Bu barədə Üçtərəfli Bəyanatın ilk variantında açıq-aydın yazılmış və bu mətn də yayılmışdı.

Bəyanatın ilkin versiyası hələ də internet resurslarında və vikipediya qaynağında qalmaqdadır. Sitat: ‘’MADDƏ 2: Ağdam bölgəsi və Ermənistan tərəfinin Azərbaycanın Qazax rayonu istiqamətdə nəzarətdə saxladığı ərazilər 20 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytarılır’’.

Lakin qısa müddət sonra Bəyanatın bu hissəsi çıxarıldı. Yayılan məlumatlarda iddia olunurdu ki, ilk anlaşılan və imzalanan, daha sonra isə yayımlanan Üçlü Bəyatın yazılı elan olunan hissələrindən başqa, yazi ilə ifadə olunmayan, şifahi və 4 lider (imza atalra + Ərdoğan) arasında razılaşdırılan mühüm məqamlar da var.

Qazaxın kəndləri və Kərki kəndi bu cür anlaşmanın içərisindədir. Lakin bütün proses kimi, Qazax və Naxçıvanın kəndlərinin qaytarılması prosesi də ləngiməkdədir.

Azərbaycan ictimaiyyətini rahat və təmkinli tutan Prezident İlham Əliyevin bu istiqamətdə apardığı ardıcıl və uğur gətirən siyasətidir. Prezident İlham Əliyevin “nəyi nə zaman etmək lazımdır, mən bilirəm” postulatı kiçik istisnalarla, ümummili etimad qazanmış vəziyyətdədir.

Mövzu isə 16 avqustda yenidən gündəmə gəlib.

Bunun da səbəbi var: Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri general-mayor Elçin İbrahimov məhz 16 avqustda keçirilən mətbuat konfransında birmənalı şəkildə deyib ki, Qazaxın 7 kəndi ilə bağlı məsələ “...delimitasiya mövzusudur. DSX həmin komissiyada fəaliyyət göstərir".

Onun sözlərinə görə, delimitasiya işi başa çatdıqdan sonra demarkasiya işləri həyata keçiriləcək: “Daha sonra isə bütün məsələlərdə olduğu kimi bu məsələ ilə əlaqədar da DSX-nin qarşısına qoyulacaq tapşırıqlar uğurla yerinə yetiriləcək”.

Laçından sonra Qazaxın 7 kəndi və Naxçıvanın 1 kəndinin təhvilinə başlanılacağını düşünmək üçün kifayət qədər əsaslar var.

Ermənilər Kəlbəcəri, Ağdamı və Laçının əsas hissəsini 10 noyabr Üçtərəfli Bəyanata uyğun olaraq 2020-ci ilin sonunda təhvil verəndə o əraziləri minalayıb, yandırıb getmişdilər. Buna o zaman sülhməramlılar göz yummuşdu.

İzahatları da bundan ibarət idi ki, ruslar yeni dislokasiya olunublar, bu səbəbdən də tam nəzarəti təmin edə bilmirlər. Təbii ki, bütün bunlar bəhanə idi.

Rusiya sülhməramlıları əraziyə gələndən cinayətkər səhlənkarlıq və erməni separatçılarına cani-dildən dəstək verməkdədirlər.

İndi də həmin proses təkrar olunur. Musavat.com-a ən müxtəlif mənbələrdən çatan məlumatlara görə erməni separatçılar Laçının mərkəzini, Zabux kəndini tərk edərkən, eyni qaydada ərazini minalayırlar. Görünən də budur ki, sülhməramlılar buna göz yumurlar.

Bu arada, Rusiyanın Ermənistandaklı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota verib. Nota İrəvanın “Surmalu” ticarət mərkəzindəki partlayışla bağlı Ermənistan mediasının Rusiyanın fərqli strukturlarını ittiham etməsinə görə verilib.

TVMusavat-ın saat 12:00-da canlı yayınında “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə gündəmdəki hadisələri müzakirə edirik. Müzakirəyə tamaşaçılar da qatıla bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

17.08.2022 11:39
1760