İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə polkovnik Zaur Mirzəyevin kassasiya şikayətinə baxılır.

Musavat.com xəbər verir ki, Zaur Mirzəyev Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirli bilinərək 3 il 6 ay azadlıqdan məhrum edilib.

O, barəsindəki hökmlə razı deyil. Apellyasiya instansiyasında şikayəti təmin edilməyəndən sonra kassasiya instansiyasına üz tutub. Zaur Mirzəyev daha yüngül cəza təyin olunmasını istəyir. Onun barəsindəki hökmdən iş üzrə zərərçəkən xanımlar da narazıdır. Zərərçəkən xanım 192 min manatlıq mülki iddiasının tam olaraq təmin olunmasını, Zaur Mirzəyev barəsindəki cəzanın ağırlaşdırılmasını tələb edir.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsi iş üzrə mülki iddianı 4 min manat həcmində təmin edib.

Zaur Mirzəyev 2023-cü ilin avqustunda həbs edilib. Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub. İttihama görə, Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Məhkəmənin növbəti iclası mayın 1-nə təyin edilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

29.04.2024 09:50
2166