"İntim video" testi: sağ çıxdıqmı? - Aynur Camalqızının yazısı

O qadınlara - ana olduğunu unutmuş, analıq missiyasını yaddan çıxarmışlara qətiyyən haqq qazandırmıram. Bu, mümkün də deyil. Onları o “absurd teatr”ın oyuncağına çevirən, öz əxlaqsızlığını dövlət idarəsinin kabinetinə daşıyan birisinin əməlini ifadə edəcək söz də yoxdur leksikonumda.

Amma tam həqiqəti də bilmirik: bu nə tamaşadır, nə quramadır, nə ağudur? Bu əxlaqsız cəmiyyətə nəyi sübut etməyə çalışır?

Baş Prokurorluq cinayət işi açıb, o, namussuz əməlinin cəzasını alır, alacaq. Yəqin ki, istintaq hər şeyi aydınlaşdıracaq və bütün suallara cavab tapılacaq. Yaxşı olardı ki, yekunda baş verənlərlə bağlı ictimaiyyətə də ətraflı məlumat verilsin.

Bu, məsələnin hüquqi tərəfidir. Amma məni daha çox mənəvi nüanslar maraqlandırır.

Bu görüntüləri cəmiyyəti yoxlamaq üçün hiyləgərliklə düşünülmüş məkrli test kimi qəbul edək: sizcə, toplum olaraq bu testdən keçə bildikmi? Mənəviyyat, ləyaqət, şərəf nümayiş etdirə bildikmi?

Uşaqları heçmi düşünmədiniz? Heç bir suçu, günahı olmayan, bu dünyanın eybəcərliklərindən, çirkablarından xəbərsiz, valideynlərini az qala Allah kimi müqəddəs sayan uşaqları; su kimi saf, pak, ürəyi, qəlbi təmiz, arı, dünyanı nağıl, ata-analarını qəhrəman sayan uşaqları...

O uşaqların - analarının videolarına tamaşa etdiyiniz o uşaqların hansı sağalmaz travmanı aldıqlarını, bu dünyanın gözlərində necə darmadağın olduğunu düşünürsünüzmü?

Məncə, onların zehnində, altşüurunda baş vermiş zəlzələnin, dağıntıların fəsadlarını heç vaxt aradan qaldırmaq mümkün olmayacaq.

Bəs, öz uşaqlarınızı necə?

Öz övladlarınızın altşüuruna hansı informasiya ötürdüyünüzün fərqindəsinizmi?

Məşhur sosioloqlardan biri bu cür mövzularda hər kəsə çağırış etmişdi – heç bir uşaq haradasa bir atanın öz qızına təcüvüzü haqda informasiyanı oxumamalı, görməməli, bilməməlidir, onun altşüurunda bu bilgi kök salmamalıdır, onda “belə də ola bilərmiş” təsəvvürü yaranmamalıdır. Çünki onda atasına, qardaşına, doğmasına potensial təhlükə kimi baxacaq…

Siz, özünü namuslu, vicdanlı, ləyaqətli sayan şəxslər, bu videoları paylaşmaqla işləyən, çalışan minlərlə namuslu, vicdanlı, ləyaqətli ana haqda övladlarına hansı informasiyanı ötürdünüz? Onminlərlə namuslu, vicdanlı ananın övladlarının altşuüruna “belə də ola bilərmiş” təsəvvürünü yerləşdirdiyinizi heçmi düşünmədiniz?

O anaların içində şübhəsiz sizin də, bizim də doğmalarımız var! Gülə-gülə, lağ edə-edə, manyakcasına, qisas alırmış kimi paylaşımlarla övladlarınızda hansı düşüncə formalaşdırırsınız?

Vatsapda, Teleqramda, Tiktokda ləzzətlə seyr edib, sonra da dosta, tanışa həvəslə göndərdiyiniz, baxmasını məsləhət gördüyünüz o videoların arxasında neçə uşaq, neçə qadın birbaşa, neçə minlər, onminlər dolayısı ilə var, ağlınızın ucundan heçmi keçirmirsiniz?

Bir neçə gündür ki, bu suallarla sosial şəbəkələri izləyirəm, heyrətlənirəm, o çarəsiz uşaqları və bütövlükdə uşaqları düşünürəm və "həqiqətənmi bu insanlar mənim soydaşlarım, dostlarım, həmkarlarımdır" sualına cavab gəzirəm...

Bəli, biabırçı, ayıb, çox ayıb, utancverici olaydır, xüsusən həm də ona görə ki, dövlət qurumunda əyninə hərbi mundir geymişlər arasında baş verib. Dəhşətli və faciəvidir. Dövlət ərkanına böyük zərbədir. İllərdir ki, FHN sistemində bu dövlətə və insanlara misilsiz fədakarlıqla xidmət edən qəhrəman oğul və qızlarımıza, onların əməyinə, millət və dövlət sevgisinə atılan ləkədir, gözdənsalma, linç kampaniyasıdır. Ölkədə daha ağır problemlər var. Məsələn, elə bu dəqiqələrdə də meşələrimiz yanır. Yanğını söndürmək üçün yüzlərlə mütəxəssis, peşəkar, vətənpərvər günlərdir ki, çöllərdə fasiləsiz işləyir, əmək, çaba sərf edir, əsl mənada öz həyatını riskə qoyur. Sadəcə, peşə borcunu yerinə yetirmək deyil bu, fövqəladə qəhrəmanlıqdır, sevgidir, vətənpərvərlikdir. Amma o boyda Yanğın faktı belə gözardı edilib, bizim toplum "köz"lə oynayır. "İntim səhnəcik"lərin doğurduğu iyrənc təəssürat hər şeydən önə çıxıb. Dəyərlərimiz amansızcasına məhv edilir. Hamı "hərşeyşünas" olub. Hamı danışır, hamı fikir bildirir, ağız deyəni qulaq eşitmir.

Hətta media da... Media da bütün tapındığı dəyərləri məhv etməklə məşğuldur. Kənarda seyrçi qalmağa üstünlük verən 1-2 media orqanı var. Yerdə qalanlar xorla "araşdırma" aparır, başlıqlar ürək bulandırır, fotoşəkillər, açıq-aydın sifətlər paylaşılır, qadınların sayı, geyinməsi-soyunması xəbərə çevrilir, yayımlanır, sanki elə belə də olmalıymış kimi, başıpozuq, xaotik bir proses davam edir.

Şayiələr, uydurmalar, yalanlar... əsl həqiqəti qaranlığa gömür. Hamı qışqırır, hamı tələb edir, öz evindən xəbəri olmayanlar minlərlə insanın çalışdığı böyük bir dövlət qurumunun məsuliyyətini 1 nəfərdən tələb edir. Mənəvi məsuliyyəti cinayət məsuliyyətindən fərqləndirə bilmirlər...

Ən pisi isə... oxuyub, təhsil alıb karyera quran, öz ayaqları üzərində durmağa, güclü olmağa çalışan, can atan, zəhməti ilə, namusu ilə inkişaf etməyə, yüksəlməyə əzm göstərən qızlarımıza, qadınlarımıza dəyən zərbədir. Təəssüf ki, illərlə, minbir əziyyətlə yaratdığımız Təhsilli-karyeralı-güclü Qadın Obrazı qətl edilir. Və bu prosesi durduran yoxdur. Başıpozuq güruha anladan yoxdur ki, harada insan varsa, orada bənzər hadisələr olub, yaşanıb, bundan sonra da olacaq, yaşanacaq. Önəmli olan bu travmatik skandallardan cəmiyyət olaraq az zədə ilə çıxmaqdır. Əgər dünyanın fövqədövləti sayılan ABŞ-da, Ağ Evdə də “Monika skandalı” baş veribsə, nəyə təəccüblənməliyik və niyə təəccüblənməliyik? Elə indi, olduğunuz, dayandığınız yerdən bir divar o biri üzdə nə baş verdiyindən xəbəriniz varmı? Və ya əminsinizmi nəsə baş verməyəcək?

20.08.2022 10:17
1527