Nizami rayon “Məhsəti 4-6” ünvanında və yaxınlıqda yerləşən binalarda telefon xətləri işləmir.
Bu barədə Musavat.com-a Nizami rayonunda yaşayan sakinlər bildiriblər. Paytaxt sakini Oksana Lembikova bizimlə söhbətdə deyir ki, süründürməçiliklə üzləşib:
“Bir neçə ay əvvəl bizim binalarda internet üçün yeni kabel quraşdırıldı. İnternetə qoşulmayan evlərin telefon şəbəkəsini söndürdülər. Amma biz hər ay abunə haqqı (3 man. 50 qəpik) ödəyirik, telefonumuz isə hələ də işləmir. Bir neçə dəfə 3 saylı Rabitə Xidmətləri Mərkəzinə getdik. Mənimlə birgə eyni problemi yaşayan üç qonşuma da dedilər ki, internetə qoşulun, sonra telefon işləsin. Birincisi, internet çox bahadır, biz kasıb adamıq, istəmirik. Yalnız ev telefonu ilə danışsaq, bəsimizdir. Binamızda pensiyaçılar, əlillər var, təcili yardım çağırmaq lazım olsa necə edəcəyik, axı telefon işləmir. Bir də biz neçə aydır işləməyən telefon üçün niyə ödəniş etməliyik?! Hər dəfə də deyirlər, gözləyin, yandıracağıq. Amma üstündən xeyli müddət keçib, problemimiz həll olunmayıb”.
Qeyd edək ki, məsələ ilə bağlı “Az Telecom”un mətbuat xidmətinə də sorğu ilə müraciət edilib. Cavablandırıldığı halda yayımlayacağıq.
Afaq MİRAYİQ,
Fotolar müəllifindir,
Musavat.com