İnstituta qəbul ola bilməyən ukraynalının terror cəhdi – qorxuya düşən amerikalılar DTK-dan kömək istəyiblər  

 

O, əvvəlcə çox sakit tərzdə ABŞ-ın Moskvadakı səfirliyinin buraxılış məntəqəsinə yaxınlaşıb.

Mədəni şəkildə mühafizəçilərlə salamlaşdıqdan sonra  pencəyinin altından partlayıcı qurğunu çıxarıb və onların qarşısına tələb qoyub:

-Əgər məni içəri buraxmasınız, bu düyməni basmaqla hamınızı cəhənnəmə göndərəcəm.

Mühafizəçilər onu sakitləşdirmək istəsə də heç bir nəticə əldə olunmayıb. Yuri Viçenko sakit danışıq tərzindən aqressiv tona keçib. Mühafizəçilər dərhal məsələ ilə bağlı səfirliyin əməkdaşlarını məlumatlandırıblar. Səfirliyin ikinci katibi məsələyə aydınlıq gətirmək üçün Viçenko ilə görüşə çıxıb. Amma buraxılış məntəqəsində tərəflər qarşılıqlı anlaşmaya gələ bilməyiblər. Viçenkonun aqressiv hərəkətləri amerikalılardan kifayət qədər ehtiyatlı olmağı tələb edib. Vəziyyəti az da olsa yumşaltmaq üçün Vlasenkonu konsulluğun binasına dəvət ediblər.

653a0f0b71eaa.jpeg (110 KB)

Ukraynanın Xerson şəhərinin sakini Viçenko ilk tələblərini irəli sürüb. O bildirib ki, yerli məmurlar onun instituta qəbul olunmasına əngəl törədiblər. Bu səbəbdən də o, Amerikaya getmək, orada yaşamaq, təhsil almaq və işləmək arzusundadır. Ancaq heç dəqiqələr ötməmiş Viçenkonun tələbləri dəyişib. O, səfirlik əməkdaşlarından xidməti avtomobillə onu hava limanına aparmağı, Amerikaya uçuşa hazır olan təyyarəyə minməyinin təmin edilməsini və bir milyon dollar pul tələb edib.

Hər cümləsindən sonra partlayıcı qurğunun düyməsini göstərən Viçenkonun aqressivliyi hər dəqiqə artıb. Çıxılmaz vəziyyətdə qalan səfirlik əməkdaşları DTK-ya zəng vurmağa məcbur olublar.

DTK sədri Yuri Andropov dərhal əməliyyat müşavirəsi keçirib. Ehtimal olunan terrorun qarşının alınması “Alfa” qrupuna həvalə edilib. Qeyd edək ki, Andropovun təşəbbüsü ilə 1974-cü ildə yaradılan bu qrup ilk illərdə əsasən mühafizə işlərinə cəlb olunub. Sovet rəhbərlərini ölkədaxili və xarici səfərlərdə, həmçinin xarici ölkələrin siyasi liderlərinin SSRİ-yə səfərləri zamanı onları müşayiət ediblər. Bununla yanaşı, “Alfa” təyin olunmuş yerlərdə siyasi məhbusların dəyişdirilməsi tədbirlərində də iştirak edib. ABŞ səfirliyində terror törətmək istəyən şəxsin zərərsizləşdirilməsi isə “Alfa”nın terrorçuluqla mübarizədə ilk tədbiri olub.

Beləliklə, “Alfa” qrupunun əməkdaşları hadisə yerinə yollanıblar. Onlardan biri danışıqlara gedərkən özünü SSRİ Xarici İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edib. Birinci danışıq cəhdi heç bir nəticə verməyib. “Alfa” əməkdaşı söhbəti yumşaltdıqca Viçenko daha da qəzəblənib və barmağını partlayıcı maddənin düyməsinə qoyub.

ebe02fe774699f1252ce66e7b0842c94.jpg (80 KB)

İkinci dəfə danışıqlara hərbi libaslı “Alfa” əməkdaşları cəhd ediblər. Bu cəhd xeyli davam edib. Hətta Viçenko onlara bir neçə şeir də söyləyib. “Alfa” şeir qiraətindən sonra qənaətə gəlib ki, Viçenkonun psixoloji durumunda problem var. Belələri ilə danışmaq isə çətin olur. Yəni normal düşüncəyə sahib olmayan şəxs həmin düyməni hər an basa bilər.

Qısa məşvərətdən sonra xüsusi təyinatlılar belə qərara gəliblər ki, bir nəfər Viçenko ilə söhbət aparsın, onun fikrini partlayıcıdan yayındırmağa çalışsın və digər bir xüsusi təyinatlı isə binanın damından kəndirlə düşərək pəncərədən onu silahla zərərsizləşdirsin. Ancaq psixoloji durumu problemli sayılan Viçenko bu hiyləni anlayıb, otağın elə yerində dayanıb ki, pəncərədən onu silahla vurmaq mümkünsüz olub.

Bununla yanaşı Viçenko xüsusi təyinatlılarla söhbətdən imtina etməyib. Bu söhbət isə nə az, nə çox, düz 3 saat davam edib. Viçenko sonda fikirlərini belə bildirib:

“Siz yaxşı oğlanlarsınız. Mən sizi öldürməyəcəm, əlimdəkini partlatmayacam. Amma bir şərtlə ki, mənim tələblərimi yerinə yetirəsiniz. Mən başqa cür də hərəkət edə bilərəm. Tələblərim yerinə yetirldikdən sonra buraları yerlə-yeksan da edə bilərəm. Amma sizə görə bunu etməyəcəm...”

Çıxılmaz vəziyyətdə qalan xüsusi təyinatlılar növbəti hansı addımı atacaqlarını düşünmək üçün səfirliyin həyətində növbəti dəfə məşvərətə başlayıblar. Onlar pillələri enəndə Viçenkonun olduğu otaqdan partlayış səsi eşidilib. Qurğu təsadüf nəticəsindəmi, yaxud ehtiyatsızlıq ucbatındanmı işə düşüb. Bəlkə də Viçenko özü bilərəkdən onu partladıb.

scale_1200-1.jpg (34 KB)

Xoşbəxtlikdən, üç hissədən ibarət olan partlayıcı maddənin biri partlamayıb. Partlayış nəticəsində Viçenko yerindəcə həlak olub. Otaqdakı şkaf və digər avadanlıqlar isə yararsız hala düşüb.

Sonrakı araşdırmalar nəticəsində məlum olub ki,  Viçenkonun psixoloji durumunda kifayət qədər ciddi problemləri olub və o, bir neçə dəfə psixiatriya xəstəxanasında müalicə olunub.

Terrora cəhd etmək istəyən Viçenkonun zərərsizləşdirilməsində “Alfa”nın heç biri rolu olmasa da Amerika səfirliyi Mərkəzi Komitəyə və DTK-ya uğurlu əməliyyata görə yazılı təşəkkür göndərib.

İlham Cəmiloğlu, Musavat.com

29.04.2024 12:05
1523