Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə İqtisadiyyat İnstitutunun icraçı direktoru Müşfiq Atakişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Onunla bərabər müttəhimlər kürsüsünə Dəyanət və Samir Quliyevlər çıxarılıblar.
Musavat.com xəbər verir ki, Müşfiq Atakişiyev “Elm və Təhsil Mərkəzi - Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətlini sifariş verməkdə, digər iki şəxs isə cinayəti icra etməkdə ittiham olunurlar. Keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra Müşfiq Atakişiyevin vəkili Kamran Kərimov vəsatət verib. O bildirib ki, təqsirləndirilən şəxs ifadəsində ailə sirri, kommersiya sirri təşkil edən məlumatlar verə bilər. Vəkil bu əsasla prosesin qapalı davam etdirilməsini istəyib: “Təqsirləndirilən şəxslərin səmimi etirafı üçün iclasın qapalı keçirilməsi vacibdir”.
Müşfiq Atakişiyev və digər təqsirləndirilən şəxslər vəsatəti müdafiə ediblər.
Prokuror Cövdət Mehrəliyev vəsatəti əsaslı saymayıb. Deyib ki, cinayət işinin materiallarında ailə sirri, kommersiya sirri təşkil edən məlumatlar yoxdur, əgər proses vaxtı bu hallar müəyyən edilərsə, həmin hissə qapalı keçirilə bilər.
Hakim də prosesin qapalı keçirilməsi üçün əsas olmadığını deyib. Bu səbəbdən vəsatəti təmin etməyib. Hakimin sözlərinə görə, prosesin gedişində iclasın qapalı keçirilməsinə hər hansı zərurət yaranarsa, məsələ müzakirə oluna bilər. Məhkəmə baxışı yanvarın 22-ə təyin olunub. Qeyd edək ki, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa edilib. İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşfiq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun sifarişi əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşfiq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə 40 min dollar müqabilində, gələcəkdə maddi və mənəvi dəstək olmaq şərtilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən olunub.
Müşfiq Atakişiyev və Dəyanət Quliyev Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Məlum olub ki, təqsirləndirilən Dəyanət Quliyev hadisə vaxtı daxili işlər orqanlarında işləyib. O, 2000-ci ildən 2020-ci ilə kimi Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsində əməliyyat müvəkkili işləyib. Samir Quliyev isə taksi fəaliyyəti ilə məşğul olub. Həmçinin Müşfiq Atakişiyev Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışıb. Qeyd edək ki, iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev Təfəkkür Universitetinin rektoru olub. Təfəkkür Universiteti 2017-ci ildə ləğv edilib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com