Ötən gün Şəkinin Aşağı Göynük kənd sakini 61 yaşlı Beybala Əhmədov yaşadığı evin həyətindəki ağacdan özünü asaraq həyatına son qoyub.
Masallı rayonunda da intihar qeydə alınıb. Dəmirçi kənd sakini, 67 yaşlı Asif Abbaszadə məlum olmayan səbəbdən intihar edib. Cənub zonasında daha bir intihar bir gün öncə, oktyabrın 4-də Lənkəran rayonunun Göyşaban kəndində olub. 1992-ci il təvəllüdlü Röyal Elhad oğlu Nəsirli özünü asaraq intihar edib.
Analoji intihar hadisələri Şəmkirdə, Xırdalanda, Kürdəmirdə də qeydə alınıb. İntihar edənlər arasında qadınlar da var. Təkcə bu həftə ərzində mətbuatda ən azı 7 intihar hadisəsi barədə xəbər dərc olunub. Statistika təəssüf doğurur.
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Musavat.com-a bildirib ki, intihar düşüncəsinin səbəbləri dərin ümidsizlik, dəyərsizlik və təcrid olunmuş hiss etməkdir.
Ekspert qeyd edib ki, şəxs öz həyatında məna tapa bilmədikdə, sosial əlaqələrdən təcrid olunduqda intihar qaçılmaz görünə bilər:
“İntihar etmiş şəxs özünü başqalarının yanında məyus etdiyi və bu məyusluğa görə günahkarlıq hiss etdiyi düşüncəsində olur. İntihar bir növ “özünü cəzalandırma” aktıdır. Travmatik təcrübələr, uşaqlıq dövründə yaşanan ağır hadisələr, emosional və fiziki zorakılıq intihar riskini artırır. Travmatik keçmişi olan şəxslər bu təcrübələrlə mübarizə aparmadıqda intihar düşüncəsinə daha meyilli ola bilirlər. İntihar düşüncəsinin yaranması psixoloji pozuntunun göstəricisidir. İntihar etmək istəyən şəxs yaşamaq üçün səbəb axtarmır, səbəb tapdığını müəyyən edir. Yəni intihar etmiş insanlar yaşamaq üçün adekvat davranış sərgiləmirlər”.
R.Nəcəfov bildirib ki, psixoloji pozuntu kəskinləşəndə şəxsin intihar etmək ehtimalı daha çoxdur:
“Ağır psixotik hallarda xəstələr intihar edirlər. Şəxsə tibbi və psixoloji müdaxilə edilməsə, intihar qaçılmaz haldır. İntiharın yaşı yoxdur. Düşüncənin nə qədər dayanıqlı olması vacibdir. Psixoloji halın nizamsızlığı intihar düşüncəsini davranışla əvəzləyir. Düşüncə immuniteti formalaşmalıdır”.
Nigar HƏSƏNLİ,
Musavat.com