“İnsan kapitalının formalaşması gənclərin təhsilindən keçir”

Aydın Hüseynov: “Gənclərlə bağlı siyasət daha da genişlənəcək və inkişaf edəcək”

Azərbaycan Prezidenti İlham Əliyev hər zaman gənclərlə bağlı siyasətə xüsusi önəm verib. Bunun bariz nümunəsi tərtib olunan uzunmüddətli proqramlar, sərəncamlar və layihələrdir. İllər ərzində gənclər siyasəti ilə bağlı bir neçə dövlət proqramı uğurla icra edilib:

“Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər);

- “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”;

- “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı;

- “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı;

- “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”;

- "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı";

- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”. Yeri gəlmişkən, yeni Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.

Prezident İlham Əliyev ölkədə gənclərin təşkilatlanmasına və onların ictimai fəaliyyətinin stimullaşdırılmasına xidmət edən məqsədyönlü siyasət həyata keçirir. Dövlət başçısının təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10000 (on min) manat məbləğində verilir.

Gənclərlə bağlı mühüm sənədlərdən biri “2015-2025-ci illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası”dır. Sərəncama əsasən Gənclər və İdman Nazirliyinə Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində əlaqələndirməni təmin etmək, strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Prezidentə məlumat vermək tapşırılıb. Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan ölkəmizin mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.

Nəzərə almaq lazımdır ki, hər bir xalqın inkişafında sağlam, vətənpərvər gənclik mühüm rol oynayır. Gənclər, təkcə döyüş meydanında deyil, bütün sahələrdə mübarizə aparırlar, virtual məkanda ölkəmizin haqq mübarizəsini işıqlandırırdılar. Dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimiz Azərbaycan həqiqətlərini təbliğ edir, erməni terroru haqqında məlumatlar yayır, tədbirlər keçirirlər. Lazım gəldikdə yüksək şəkildə təşkilatlana  bilirlər. Bu da o deməkdir ki,  ötən illər ərzində çox güclü gənclik formalaşıb.

Millət vəkili Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, prezident İlham Əliyevin imzaladığı sərəncam gənclərin inkişafı  üçün həyata keçirilən böyük layihələrdən biridir. Onun sözlərinə görə, bunun bariz nümunəsi Azərbaycanda təhsil sisteminin daha da mükəmməlləşdirilməsidir: “Təhsil bazasının genişləndirilməsini, bütün regionlar əhatə olunmaqla məktəblərin yenilənməsini və s.-i xüsusi vurğulamaq istərdim. Təkcə maddi-texniki bazanın yenilənməsi yox, eyni zamanda təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində böyük islahatların aparılmasını qeyd etmək olar. Eyni zamanda gənclərin məşğulluğunun təmin olunması istiqamətində böyük addımlar atılıb. Digər tərəfdən, prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədlərindən biri də insan kapitalının formalaşmasıdır. İnsan kapitalının formalaşması da gənclərin təhsilindən keçir. Ölkə başçısının birbaşa təşəbbüsü ilə minlərlə gənc xaricdə təhsil aldı və almaqda davam edir. İnanıram ki, gənclərlə bağlı siyasət daha da genişlənəcək və inkişaf edəcək”.

Hazırladı: Nigar HƏSƏNLİ
“Yeni Müsavat”

 

 

12.10.2023 08:00
1321