Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Maykl O’Flaerti Azərbaycan Prezidentinə məktub yazıb. Komissarın ofisindən Gununsesi.info-ya daxil olan məlumatda bildirilir ki, məktubunda o, hakimiyyətdən “qanuni fəaliyyətinə və ya hüquqlarını ifadə etdiklərinə görə həbsdə olan bütün hüquq müdafiəçilərinin, jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının dərhal azad edilməsini” xahiş edib.
Prezidentdən xahiş olunur ki, fərqli və ya tənqidi fikirlər söyləmək və onlara qarşı cinayət ittihamlarını ləğv etmək, habelə bununla bağlı məhdudiyyətlər, o cümlədən xaricə səyahət qadağası da götürülsün. Müvəkkil həmçinin Azərbaycan hakimiyyətindən polis nəzarətində olarkən bir neçə hüquq müdafiəçisi, jurnalist və fəalla pis rəftarla bağlı iddialarla bağlı səmərəli araşdırma aparmağı, vəkillə əlaqə və adekvat tibbi xidmət hüququna riayət olunmasını təmin etməyi xahiş edir. O, daha sonra Azərbaycan hakimiyyətini birləşmək, dinc toplaşmaq və ifadə azadlıqları və hüquq müdafiəçilərinin, jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının vəziyyəti ilə bağlı bütün qanun və təcrübələrin Avropa Şurasının müvafiq insan hüquqları standartlarına, o cümlədən Avropa Şurasının müvafiq insan hüquqları standartlarına uyğun olmasını təmin etməyə çağırır. Komissar həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarlarının tam şəkildə yerinə yetirilməsi barədə də çağırış edib.
Fəxrəddin İsmayılov
Sözügedən məktubla bağlı Azərbaycanın Strasburqdakı səfiri Fəxrəddin İsmayılov cavab məktubu yazıb. Həmin məktubda deyilir: “Məktubda adıçəkilən şəxslər (Ələsgər Məmmədli, Akif Qurbanov, İmran Əliyev, Anar Məmmədli, Abzas Media, Kanal 13 və Toplum TV nümayəndələri) Azərbaycan Respublikasının sərhəd gömrüyündən gömrük nəzarəti olmadan və gizli və ya bəyan etmədən külli miqdarda xarici valyutanın ölkə ərazisinə gətirilməsində təqsirləndirilir və toplanmış faktlar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə başlanmışdır (qaçaqmalçılıq, qabaqcadan əlbir olaraq bir qrup tərəfindən törədildikdə) cinayət işi başlanıb”. Səfir onu da vurğulayıb ki, Azərbaycanda peşəkar işlərini yerinə yetirdikləri üçün heç bir jurnalist hədəfə alınmır: “Hər kəs qanun qarşısında bərabərdir. Xüsusilə cinayət işi üzrə istintaq altında olan şəxslərin dərhal azadlığa buraxılmasını tələb etmək, məhkəmə prosesinə müdaxilə kimi şərh edilə bilər".
Səfir o cümlədən Qubad İbadoğlu ilə bağlı məsələyə də mövqeyini bildirib: “Qubad İbadoğluna və onun iddia edilən əsassız həbsinə və ya pis rəftara əsasən qeyd edək ki, o, 2023-cü il iyulun 24-də cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsində nəzərdə tutulmuş əməl (saxta pul hazırlama, əldə etmə və ya satma və ya qiymətli kağızlar) deyə şərh edilir. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 20 noyabr 2023-cü il tarixinədək həbs-qətimkan tədbiri seçilib. 22 aprel 2024-də Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. Daha sonra mayın 21-də məhkəmə öncəsi barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi barədə ifadəsi ilə əvəz edilib (başqa yerə getməməyi öhdəsinə götürür)”. Bəs məhkəmə olmadan, hökm oxunmadan onların azad edilməsinə çağırış nə qədər məntiqlidir?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, məhkəmə hökmü olmadan məhkumun əfv edilməsi mümkün deyil. Hüquq müdafiəçisi bildirdi ki, yalnız hakimin qərarı ilə məhkəmə zalından azad edilməsi ola bilər, lakin hələlik istintaq yekunlaşmayıb. Azərbaycana qarşı qərəzin artdığını vurğulayan Ç.Qənizadə söylədi ki, həbs edilən şəxslər konkret maddələrlə ittiham olunurlar: “Onlar qaçaqmalçılıq və digər ittihamlar üzrə istintaq altındadırlar. Ancaq təəssüflər olsun ki, təkcə Avropa Şurasının komissarı deyil, bir sıra Qərb təsisatları Azərbaycanla bağlı qarayaxma kampaniyası aparırlar. Bu proses COP29 günlərində daha da sürətlənib və ölkəni gözdənsalma məqsədi daşıyır. Təbii ki, prezidentdən xahiş oluna bilər, biz hüquq müdafiəçiləri də müraciətlər edirik, amma məhkəmə qərarı olmadan onlarla bağlı mühakimə yürütmək doğru deyil”.
Çingiz Qənizadə
Ç.Qənizadənin sözlərinə görə, beynəlxalq təşkilatlar anti-Azərbaycan kursu götürüb və Fransa təzyiqlərə başçılıq edir: “Azərbaycanda internet azaddır, hakimiyyət ünvanına kifayət qədər sərt tənqidlər səslənir, media müstəqil fəaliyyət göstərir və hər hansı təzyiq göstərilmir. Elə son olaraq Prezidentin köməkçisi Hikmət Hacıyev COP29-da "AzadlıqRadiosu"nun əməkdaşına cavab verdi ki, “siz qeyri-qanuni fəaliyyət göstərirsiniz, bununla yanaşı, burada iştirak edirsiniz və sizin suallara cavab veririk”. Yəni bizə ittihamlar irəli sürənlər bilməlidirlər ki, həbsdə olan həmin şəxslər konkret maddələr üzrə saxlanıblar və bu iş üzrə istintaq gedir. Daha sonra iş məhkəməyə veriləcək və məhkəmə istintaqı aparılacaq. Məhkəmənin hələ qərarı yoxdur, indidən belə bəyanatlar səsləndirilir. Hesab edirəm ki, bütün bunların arxasında siyasi riyakarlıqlar dayanır".
Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu məhkəmə qərarını gözləməyin tərəfdarıdır. Onun fikrincə, onların günahsızlığı sübuta yetirilərsə, hakim məhkəmə zalından azadlığa buraxılmaları haqda qərar çıxara bilər. X.Teyyublu arzulayır ki, bu məsələlər həllini tapsın və Azərbaycana təzyiq üçün rıçaqlar qalmasın: “Bilirsiniz ki, ildə azı bir dəfə əfv fərmanı verilir. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir və ümid edirik ki, dövlət rəhbərliyi humanist bir addım atacaq, adıçəkilən şəxslərin azad olunması ilə bağlı qərar imzalayacaq. Bundan əvvəl də imzalanan əfv sərəncamları zamanı siyahıda jurnalistlər də, partiya üzvləri də, vətəndaş cəmiyyəti fəalları da olub. Növbəti belə bir addımın atılmasını gözləyirik. Amma hazırda istintaq gedir, onların azadlığa buraxılması mümkün deyil və məhkəmə prosesini gözləmək lazımdır”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”