Deputat Razi Nurullayev Milli Məclisdə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edib.
Musavat.com-un xəbərinə görə, o bildirib ki, komitə iclaslarında, birinci oxunuşda həmkarları tərəfindən xeyli məsələlər, problemlər sadalanıb:
“Təklif edilən dəyişikliklər də qanunu daha müsbət yöndə təkmilləşdirmək üçündür. Qanunla bağlı tövsiyələrini vermək üçün bir neçə maliyyəçi dostlarıma müraciət etdim və istədim ki, onlar mənə qanunun ikinci oxunuşda konkret maddələr üzrə narahatlıqları desinlər. Çünki təhsilim maliyyə deyil. Aldığım cavab bu oldu ki, ürəklə bu qanunu dəstəkləyə bilərsən, çünki qanun konkret olaraq bir sıra məsələlər, o cümlədən yerli bankların fəaliyyətinin asanlaşdırılması, yeni bank filiallarının yaradılmasının təmamilə sadələşdirilməsi, yeni peşəkarların və inzibatçıların təyinatı ilə bağlı məsələləri asanlaşdırır”.
Razi Nurullayevin sözlərinə görə, bank sistemində ciddi problemlər mövcud olub və dövlət olaraq onun haqqını baha ödəmişik: “2014-2015-ci illərdə yaşadığımız inflyasiya şokundan hələ də tam ayılmamışıq. Onun üçün də maliyyə bazarlarına həm ciddi nəzarət, həm də inkişaf üçün sadəlik, süründürməçilikdən uzaq sadə idarəçilik mexanizmləri vacibdir və görürəm ki, təklif olunan dəyişikliklər bu narahatlıqları aradan qaldırmaq gücündədir. Qanuna dəyişikliklərdən sonra arzum budur ki, Mərkəzi Bank vətəndaşların və sahibkarların kredit əlçatanlığını təmin etmək üçün yeni-yeni məhsulların təqdim edilməsi, əlçatanlığın artması üçün fəaliyyətini daha da genişləndirsin. Buna ciddi ehtiyac var. Mərkəzi Bankın sədri Taleh müəllimə, iştirak edən rəhbər şəxslərə və kollektivlərinə də qanuna edilən müsbət dəyişikliklərdən dolayı təşəkkürümü bildirmək istəyirəm. Taleh müəllimin təyinatı ilə bank sistemində yeni müsbət dəyişikliklər və maliyyə dayanıqlığı əmələ gəlməkdədir. Ona görə də bütün peşəkar kadrları və onların gətirdikləri müsbət yenilikləri dəstəkləməyi borc hesab edirəm”.
E.Paşasoy,
Musavat.com