İnanılmaz qətl: Şokolad oğurlayan qızını dəmirlə döydü, hamilə arvadını...

Abşeron rayonunda 1994-cü il təvəllüdlü Vüqar Nəmətov 28 yaşlı həyat yoldaşı Səidəni öldürüb, 8 yaşlı övladı Gülərə (adlar şərti verilib – red.) isə xəsarət yetirib.

Hadisə 21 oktyabr 2022-ci ildə Saray qəsəbəsində baş verib.

Həmin gün saat 22 radələrində orta dərəcəli sərxoş vəziyyətdə olan Vüqar qızı Gülərin “Al market”dən 37 manat dəyərində müxtəlif şirniyyat məhsulları oğurladığı barədə məlumat alıb.

O, qızını sorğu-sual edib, oğurluq xəbərinin doğru çıxmasına və arvadı Səidənin bundan xəbəri olmasına əsəbləşib. O, qızını cəzalandırmaq məqsədi ilə həyətdən dəmir boru parçasını götürüb, boru ilə, habelə əli ilə qızını vurub.

25-26 həftəlik hamilə olan arvadı ona yaxınlaşıb, dəmir borunu itələyərək onun əlindən almaq istəyib. Bundan daha da əsəbləşən Vüqar arvadını öldürmək qərarına gəlib. Boru ilə həm arvadına, həm də qızına çoxsaylı zərbələr vurub. Səidə aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Azyaşlı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

“Oğlumuzun olacağını bilirdik”

İstintaq orqanı tərəfindən Vüqarın barəsində Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.8 (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) və 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2012-ci ildə Səidə ilə ailə həyatı qurub, aralarında rəsmi nikah 19 fevral 2015-ci ildə bağlanıb: “Bu nikahdan iki övladımız - 2015-ci ildə Gülər, 2016-cı ildə Anar dünyaya gəldi.

Mərhum arvadım Səidə hadisə vaxtı 6 aylıq hamilə idi. Hətta hadisədən əvvəl Abşeron rayon Mərkəzi Xəstəxanasında ginekoloqun müayinəsində olmuşdu və oğulumuzun olacağını bilirdik”.

“Nisyə tort aldım”

Təqsirləndirilən şəxs qeyd edib ki, şirkətdə fəhlə kimi işləyib, pul qazanıb, ailədaxili münasibətlərimiz normal olub: “Hadisədən əvvəl, saat 17 radələrində işdən evə gələn zaman oğlumun olacağı xəbəri münasibəti ilə evin yaxınlığında yerləşən “Hüseyn” marketə dəydim. Oradan nisyə tort, 3 ədəd şam və 5 ədəd dəmir bankada olan spirt tərkibli “Go” adlı enerji içkisini aldım. Evə gedən zaman yolda iki banka həmin içkidən qəbul etdim. Evə gəldikdən sonra tortun bir hissəsini ailə üzvlərim ilə yedik. Mən də qalan 3 banka həmin spirtli içkini içdim”.

“Ata, bir də etməyəcəm”

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün saat 18 radələrində evlərinin yaxınlığında yerləşən “Al market”dən kassir işləyən bir qadın əməkdaş gəlib və ona qızı Gülərin hadisədən iki gün əvvəl mağazadan çörək alan zaman 37 manat miqdarında oğurluq etdiyini bildirib: “Qadın məni mağazaya apararaq kamera görüntülərini göstərdi. Qızımın mağazadan oğruluq etdiyinə əmin oldum. Çünki videogörüntüdən qızımı tanıdım.

Evə qayıtdım və qızımdan olanları soruşdum. Gülər olanları etiraf etdi. Lakin hərəkətinin səbəbləri barədə bir söz demədi. Sadəcə qorxdu və “ata mən eləmişəm, ata qələt elədim, birdə etməyəcəm” dedi”.

“Şokolad, qələm, dəftər, karandaş götürmüşəm”

Vüqarın ifadəsinə görə, bundan sonra pulu olmadığından borc istəmək üçün yaxınlıqda yaşayan xalası oğlu Nicatın evinə gedib: “Lakin Nicat pulunun olmadığını bildirdi. Bundan sonra “Al Market”ə getdim. Orda noyabrın 18-i maaş alacağımı, qızımın borcunu artıqlaması ilə qaytaracağımı dedim. Lakin onlar təklifimi qəbul etmədilər.

Bundan sonra yenidən evə getdim. Saat 22 radələri idi. Gülərdən 37 manatlıq nə götürdüyünü soruşdum. “Ata, “Ozmo” şokoladı, qələm, dəftər, karandaş götürmüşəm” dedi. Anasının bunlardan xəbəri olub-olmadığını soruşdum, "hə" cavabı aldım. Bərk əsəbiləşdim, Güləri şillə ilə vurdum. Oğlum da bunların şahidi oldu, qorxdu və qırağa çəkildi. Gülər də qorxdu, evin ikinci otağına, yəni yataq otağına qaçdı”.

“Arvadım aramıza girdi”

Təqsirləndirilən şəxs bildirib ki, Güləri daha da sərt cəzalandırmaq üçün evin koridoruna çıxıb və dəmir materialdan olan qaz borusunu götürüb: “Gülərin olduğu yataq otağına qaçdım. Boru ilə ayaqlarına və qollarına 3 dəfə güclü zərbə vuraraq ona xəsarət yetirdim. Gülər yerə yıxıldı, sonra ayağa qalxdı. Sol əlimlə sifətinə daha bir şillə vurdum.

Gülərin başı otaqda olan soyuducunun dəmir hissəsinə dəydi və başından qan açıldı. Bunu görən arvadım Səidə Gülərin döyməyimin qarşısını almaq üçün aramıza girdi. Məni Gülərdən uzaqlaşdırmaq məqsədi ilə itələdi, arxam üstə yerə yıxıldım.

Səidə əlimdəki borunu alaraq kənara atdı. Səidə sonra da evdən həyətə çıxdı, su götürərək Gülərin yanına qayıtdı, onun üzünə su vurdu”.

“Öldüyünü başa düşdüm”

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə vaxtı anası və oğlu Anar da evdə olublar: “Anam mənə “eləmə, eləmə” deyərək qışqırdı, sonra da heç bir söz demədən evdən getdi. Mən isə əsəbiləşərək evin koridoruna çıxdım. Dəmir materialdan olan digər qaz borusunu götürdüm və arvadımın məni itələdiyinə görə ikinci uzun dəmir boru ilə onu döyməyə başladım.

Əlimdə olan qaz borusu ilə 6 aylıq hamilə vəziyyətdə olan Səidənin əvvəlcə ayaqlarına, sonra isə boyun nahiyəsinə xəsarətlər yetirdim. Ümumilikdə altı zərbə vurdum. Oğlum Anar həm Gülərə, həm də Səidəyə xəsarət yetirdiyimin şahidi oldu.

Özümə gəldikdə Gülərin üz-başını yudum, uşaqlarla birlikdə televizora baxdıq. Səidə də digər otaqda oturdu. Birdən-birə Səidə məndən su istədi. Ona su verdim, içdi. Yenidən uşaqların yanına qayıtdım. Birdən Səidənin xırıltısını eşitdim, o, yerə yıxıldı.

Səidəyə ilkin tibbi yardım göstərməyə çalışdım. Ona süni nəfəs verməyə başladım və üzünə su vurdum. Səidəyə süni nəfəs verməyimə baxmayaraq heç bir reaksiya vermədiyini gördüm. Onun öldüyünü başa düşdüm”.

“Polis bölməsinə getdim”

Təqsirləndirilən şəxs deyib ki, anasını çağırsa da, onun evdə olmadığını görüb: “Anamı evdən çıxmış və qapını çöldən bağlamışdı. Bir müddət sonra anam polis əməkdaşları ilə birlikdə evə gəldi. Polis əməkdaşları ilə birlikdə polis bölməsinə getdim. Bölməyə gedən zaman qızım Gülər, oğlum Anar və arvadım Səidənin meyiti evdə idi. Yəni Səidəyə kömək etmək üçün təcili tibbi yardım xidmətini çağırmamışdım”.

Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi spirtli içkiləri içsə də, ona az təsir etdiyini, həm Güləri, həm də Səidəni dəmir boru ilə döyən zaman hər şeyi aydın dərk etdiyini, törətdiyi əməli idarə edə bildiyini, onları bilərəkdən döydüyünü və etdiyi əməldən peşman olduğunu bildirib. O bildirib ki, əvvəllər də belə hallar olub, o, arvadı Səidəyə və qızı Gülərə dəfələrlə əl qaldırıb.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 19 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasının ilk 3 il hissəsini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan Vüqarın müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi Vüqarın barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib.

Şikayət araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rəşadət Ağayevin sədrliyi ilə araşdıılıb. Sonda şikayət təmin edilməyib./Teleqraf.com

26.09.2023 16:10
985