İnam Kərimov beynəlxalq konfransda iqlim dəyişikliyi problemindən danışdı - FOTOLAR

 

Bu gün, sentyabrın 6-da Bakıda Azərbaycan Hakimlər İttifaqının təşkilatçılığı ilə “LAW & CLIMATE” adlı beynəlxalq konfrans öz işinə başlayıb. COP29 ərəfəsində düzənlənən konfransda Ali Məhkəmə sədri İnam Kərimov çıxış edib.

Konfrans iştirakçıları salamlayan sədr deyib ki, dünyada baş verən iqlim dəyişikliyi müxtəlif ölkələrin inkişafına, qlobal iqtisadiyyatın təkamülünə, ərzaq təminatına, ekoloji tarazlığa, insanların həyat tərzinə və sağlamlığa, təbii fəlakətlərə, ekosistemlərinin pozulmasına, miqrasiya proseslərinin güclənməsinə səbəb olur:

-Beləliklə də, iqlim dəyişikliyi insan həyatının bütün sahələrinə təsir edir. Bu dəyişiklərinin fəsadları eyni zamanda hüquqdan da yan keçmir.  Bu proseslər insan hüquqlarının pozulmasına, məhkəmə çəkişmələrinin yaranmasına, məsuliyyət tədbirlərinin tətbiqinə, məhkəmə təcrübəsinin formalaşmasına səbəb ola bilir. Nəticə etibarilə iqlim dəyişikliyi təkcə ekoloji, sosial-iqtisadi məsələ deyil, həm də hüquqi məsələdir. Baş verən iqlim dəyişikliyi əsasən insan davranışlarının və fəaliyyətinin nəticəsidir. Bu baxımdan biz ilk öncə davranışlarımızı və sosial normalarımızı, habelə ətraf mühitdən istifadəyə baxışlarımızı dəyişmədən iqlim dəyişikliyi ilə mübarizə apara bilmərik.  Bu səbəbdən də hüquq təkcə iqlim dəyişikliklərinin fəsadlarına məruz qalan deyil, eyni zamanda onu tənzimləyən və bu proseslərdə preventiv xarakter daşıyan bir vasitədir. Məhz hüquq iqlim dəyişikliyi ilə mübarizədə təbiətin, ətraf mühitin qayğısına qalan, onu qoruyan əsas tənzimləyici və effektiv bir alətdir. İqlim Dəyişmələri üzrə BMT-nin Çərçivə Konvensiyası, Kyoto Protokolu, Paris razılaşması və digər beynəlxalq hüquqi sənədlər dövlətlərin iqlim təsirlərinin qarşısını alması və aradan qaldırılması üçün təsirli tədbirlər görmək, iqlim dəyişikliyini təsirlərini azaltmaq və insanların iqlim böhranına uyğunlaşması üçün lazımi imkanlara malik olmasını təmin etmək öhdəliklərini yaradır. Beynəlxalq hüquq dövlətlərin qlobal ekoloji problemlərin, xüsusilə iqlim dəyişikliyinin həlli üçün kollektiv öhdəliklərini müəyyən edir, istixana qazları emissiyalarını azaltmaq üçün milli fəaliyyət planları qəbul etməyi və həyata keçirməyi tələb edir. Beynəlxalq hüquq təkcə dövlətlərdən deyil, həmçinin şirkətlərdən iqlimə təsirlərinə görə cavabdeh olmağı və iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma səylərində məsuliyyətlə iştirak etməyi tələb edir. Beynəlxalq öhdəliklər öz implementasiyasını məhz milli hüquqda qəbul edilmiş qanunvericilik aktları ilə təmin edirlər.  Hüququn yaranması hüquqşünasların fəaliyyətindən asılı olduğu kimi, onun tətbiqində də hüquq peşəsinin nümayəndələrinin rolu əsasdır. Bu prosesdə vəkillərin, prokurorların, hakimlərin, ədliyyə işçilərinin, hüquq müdafiəçilərinin, elm xadimlərinin və digər hüquq peşə sahiblərinin əlaqəli fəaliyyəti qəbul edilmiş hüququ səmərəli edir. Bu baxımdan bugünkü “Law and Climate” tədbirinin məqsədi hüquq ictimaiyyətini bir araya gətirməklə, diqqəti iqlim dəyişikliyi probleminə cəlb etmək, bu sahədə mövcud beynəlxalq və milli hüquqi tənzimləmə alətləri barədə müzakirələr aparmaqla məsələni gündəmdə saxlamaqdır. Fəaliyyətləri bir-biri ilə əlaqəli olan hüquq peşəsinin sahibləri bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və tətbiqində, eləcə də məhkəmə təcrübəsinin formalaşdırılmasına, iqlim dəyişikliyi ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsində vacib rola malikdirlər.  Bütün hüquq institutları ekoloji cinayətkarlıqla mübarizədə effektiv olduqları kimi, təbiəti mühafizə sahəsində də yeni hüquq münasibətlərinin yaranmasının təşəbbüskarı kimi çıxış edirlər. Nəticə etibarilə hüquqi yanaşmaların da paralel olaraq inkişaf etməsinə təkan verirlər.  Bugünkü konfrans həmçinin Azərbaycan Respublikası tərəfindən iqlim dəyişiklərinin qarşısının alınması üçün qəbul edilmiş səylərin və tədbirlərin təqdimatında səmərəli olacaqdır. Dünyada gedən proseslərə hər zaman müsbət töhfəsini verən ölkəmiz də iqlim dəyişikliyi ilə mübarizədə həmrəylik nümayiş etdirir. Azərbaycan iqlim dəyişiklərinin qarşısının alınmasında, beynəlxalq hüququn formalaşmasında əvəzsiz töhfələrini verməkdədir və beynəlxalq təşəbbüslərin irəli sürülməsində qabaqcıl ölkələrdən biridir. İnanırıq ki, bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP29 kimi mötəbər beynəlxalq tədbir iqlim dəyişikliyi ilə mübarizə sahəsində vacib qərarların, qlobal təşəbbüslərin və beynəlxalq hüquqi sənədlərin qəbul edilməsinə şahidlik edəcəkdir.  Ümid edirəm ki, bugünkü konfrans da iqlim dəyişikliyi ilə bağlı Azərbaycanın bu sahədə təşəbbüslərinə və dünyada gedən proseslərə hüquq ictimaiyyətinin diqqətini çəkməklə effektiv hüquqi müzakirələrə yol açacaq və bu sahədə görülən işlərə öz töhfəsini verəcəkdir.

Qeyd edək ki, konfransda “İqlim dəyişikliyi üzrə BMT-nin Çərçivə Konvensiyası: Kioto, Doha və Paris əlavələri”, “İqlim dəyişikliyi və insan hüquqları: Çağırışlar və hüquqi tənzimlənmə”, “İqlim dəyişikliyi ilə bağlı mübahisələr üzrə milli və beynəlxalq məhkəmələr tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi xüsusiyyətləri”, “İqlim dəyişikliyi ilə bağlı hədəflərdə ekoloji cinayətkarlıqla mübarizənin rolu: Beynəlxalq və milli kontekst” və bir sıra digər mövzularda müzakirələr nəzərdə tutulub. Tədbirdə iqlim dəyişikliyinin hüquqi tənzimlənməsi sahəsində tanınmış beynəlxalq ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri, habelə müxtəlif ölkələrdə və Azərbaycanda fəaliyyət göstərən hakimlər, alimlər və hüquqşünaslar iştirak edir.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

06.09.2024 11:16
349