Xəbər verdiyimiz kimi, bu il iyun ayının 8-dən etibarən müəllimlərin sertifikasiya imtahanı keçirilir. Birinci mərhələdə 3424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi imtahandan müvafiq keçid balını toplamayıb. Bu il və növbəti illərdə digər fənn müəllimləri də sertifikasiyadan keçəcək. Nazirliyin qərarına əsasən keçid balını toplamayan müəllimlərin işinə xitam veriləcək. Və bu da böyük müəllim çatışmazlığına səbəb olacaq.
Çətinliyin əsasən də kənd məktəblərində yaranacağı bildirilir. Kənd məktəblərində ixtisas müəllimi tapmaq çətindir. Hətta fizika müəlliminin riyaziyyat, coğrafiya müəlliminin tarix fənnini tədris etdiyi bəllidir.
Maraqlıdır, görəsən ilkin mərhələdə sertifikasiyadan kəsilən müəllimlərin çoxu şəhər məktəblərində çalışanlardır, yoxsa kənd? Sertifikasiya yekunlaşdıqdan sonra boşluq ən çox hansı məktəblərdə hiss olunacaq? Həmin müəllimlərin yerini doldurmaq çətin olmayacaq?
Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran təhsil eksperti Elçin Əfəndiyev bildirdi ki, ayın 8-də keçirilən sertifikasiyada müvafiq keçid balını, yəni 30 balı keçə bilməyən müəllimlər ən çox regionlardandır:
“Bu il ümumu iki ixtisas, yəni ibtidai sinif və Azərbaycan dili fənni üzrə müəllimlər sertifikasiya imtahanından keçib. Bu imtahandan kəsilənlərin bir hissəsi regional, bir hissəsi paytaxt və paytaxtdan kənarda yerləşən təhsil idarələrinin tabeliyində çalışan müəllimlərdir. Demək olar ki, üstünlük regional idarələrin tabeliyində olan təhsil müəssisələrindədir. Bu il riyaziyyat, ingilis dili və digər xarici dillər üzrə də imtahan keçiriləcək. Qarşıdaki illərdə müəllimlər tarix, coğrafiya, fizika, kimya və digər fənlər üzrə sertifikasiya prosesinə cəlb olunacaqlar. Mən düşünürəm ki, sertifikasiyaya cəlb olunan 160 min müəllimdən təxminən 30-40 mini bu imtahandan kəsiləcək. Ancaq bu, müəllim çatışmazlığına səbəb olmayacaq”.
Ekspertin sözünə görə, işinə xitam veriləcək müəllimlərin yerini MİQ imtahanında uğur qazanan şəxslər dolduracaq:
“Nəzərinizə çatdırım ki, hər il müəllimlərin işə qəbulu prosesində təxminən 45-50, hətta 50 mindən çox namizəd olur. Və onlardan müvafiq müsabiqə şərtini ödəyənlər 7-9 min vakant yer uğrunda mübarizə aparırlar. Sertifikasiya başa çatdıqdan sonra, müvafiq olaraq, boş qalan yerlərə vakant yerlərin sayı artırılacaq.
Mən düşünmürəm ki, o yerlər boş qalacaq. Əlbəttə burda ola bilər müəyyən istisna hallar olsun, tərəddüdlər olsun. Ola bilər kimsə ucqar kəndlərə getmək istəmir, kimsə ərazisini tərk etmək istəmir. Belə olan hallarda düşünürəm ki, nazirlik tərəfindən müəyyən həvəsləndirici əlavə qərarlar verilə bilər ki, şəxslər gedib həmin yerlərdə işləsinlər, əmək fəaliyyətinə başlasınlar. Düşünürəm ki, bu məsələ sonrakı gediş üçün nazirliyin diqqətində olacaq.
Onu da qeyd edim ki, hər bir fənn üzrə 5 ildən bir sertifikasiya proses keçirilir, lakin müəllimlərin işə qəbulu hər il keçirilir. Ona görə də, hər il keçirilən imtahanda o yerlərin dolması ilə bağlı hər hansı bir problem görmürəm”.