Pakistanın keçmiş baş naziri, ən böyük müxalifət partiyası olan "Ədalət Hərəkatı"nın qurucusu İmran Xan insan haqları təşkilatı Pakistan World Alliance (PWA) tərəfindən Nobel Sülh Mükafatına namizəd irəli sürülüb.
Musavat.com xəbər verir ki, bu barədə "The Times of India" qəzeti məlumat yayıb.
"Biz İmran Xanı insan haqlarının və demokratik dəyərlərin müdafiəsində göstərdiyi töhfəyə görə Nobel Sülh Mükafatına namizəd göstərmişik", – qəzet PWA-nın açıqlamasına istinadən yazıb.
İmran Xan ikinci dəfədir ki, nüfuzlu mükafata namizəddir. 2019-cu ildə o, Pakistan və Hindistan arasında hərbi gərginliyin azaldılması üçün göstərdiyi səylərə görə namizəd olub və Pakistan parlamenti onun namizədliyini dəstəkləyən qətnamə qəbul edib. Lakin İmran Xan Nobel Sülh Mükafatına layiq olmadığını bildirib, bu mükafatın Kəşmir məsələsini həll edərək Cənubi Asiyada daimi sülhə nail olan bir siyasətçiyə verilməli olduğunu deyib.
Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub. 2022-ci il aprelin 10-da parlamentdə ona etimadsızlıq göstərilərək vəzifədən uzaqlaşdırılıb. 2023-cü ildən isə vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya ittihamları ilə 14 illik həbs cəzası verilib.
Musavat.com