İlon Maskın sirli Rusiya sevgisi - “evə girən oğruda” günah yoxdur?

“Bəli. Yeganə sual budur ki, bu reallıq qəbul edilənə qədər daha nə qədər insan öləcək. Sülh müqaviləsi bir il əvvəl bağlanmalı idi. O vaxtdan bəri minlərlə əsgər boş yerə öldü, Ukraynanın mövqeyi hər gün zəifləyir”, - milyarder yazıb.

Bu arada Maska məxsus X sosial şəbəkəsi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnayanın hesabını bloklayıb. Navalnayanın hesabını açmağa çalışarkən bildiriş gəlir ki, “hesab dayandırılıb”. Yuliya fevralın 19-da sosial şəbəkədə hesab açıb. 

Qəribədir deyilmi? Mask niyə Rusiyanı bunca müdafiə və təbliğ edir, maraq nə? Bir ölkə və ya xalq işğalçıya qarşı vuruşmamalı, ona “xoş gəldin”mi deməlidir? “Evə girən oğruda” heçmi günah yox? Bəs Maskın təmsil etdiyi, Ukraynaya “qorxma-qorxma” deyib kömək vəd edən, fəqət, indi arxasından qaçmaq istəyən varlı-karlı Qərb, ABŞ necə, günah yiyəsi deyil? 

Axı belə bir mövqe Rusiyanı, Putini şirnikləndirməkdir. Yəni “dayanma, Ukraynadan sonra digər postsovet ölkələrini də işğal et” məntiqi...

Deputat Sona Əliyeva: "Şagirdlər üçün xüsusi dərsliklər hazırlanır" -  AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Sona Əliyeva: "Qərbin "evə girən oğrunu" müdafiə etməkdən başqa çıxış yolu qalmayıb"

Milli Məclisin sabiq üzvü, siyasi təhlilçi Sona Əliyeva Qərbin masaya oturmaq üçün artıq bu yolla mesajlar verdiyini düşünür: “Amerikalı milyarder İlon Maskın bu ifadələri əslində Qərb siyasətinin əyani təzahür formasıdır. Daha dəqiq ifadə etsək, İlon Mask Ukraynanı Rusiya ilə savaşa sürükləyən Qərb dairələrinin hazırkı mövqeyini ifadə edib. İndi Qərb qütbü Ukraynanı Rusiya ilə sülh bağlamağa təhrik etməkdədir, çünki onlar Rusiya kimi bir supergüclə savaş aparmağın mənasız olduğunu anlayıblar. 2 il ərzində Avropa və Amerika bütün güc və imkanlarını bir araya gətirərək Rusiyanı oyundankənar buraxmaq istədi. Ancaq onların bu istəkləri alınmadı. Əgər onların istədiyi reallaşsa, bu, üçüncü dünya savaşını qaçılmaz edəcəkdi. Bir haşiyə çıxaraq demək istəyirəm ki, Ukrayna prezidenti Volodimir Zelenskinin aqibəti yaxın gələcəkdə Ermənistanın baş nazirini və Moldovanın prezidentini də gözləyir. Çünki Qərbin diqtəsi ilə oturub-durmağın aqibəti məhz budur. Artıq Qərb Ukraynaya dəstəkdən imtina etməkdədir. Niderland da ötən gün Kiyevin yeni silah istəklərini geri çevirdi. İndi vəziyyət dəyişib və Qərb Ukrayna üzərindən alış-veriş masasına oturmağa çalışır. Məhz bu səbəbdən İlon Mask hazırda işğala məruz qalanın yox, işğalçının yanında qərar tutub. Amerikalı milyarder Qərbin ismarışlarını bu yolla Ukraynaya çatdırmaq istəyir. Kömək vədi altında Ukraynanı ölümə sürükləyən Qərb indi Kiyevi Moskva ilə danışıqlara çağırır. Əslində bu, indiki vəziyyətdə Ukraynaya daha öldürücü zərbədir. Qərbin "evə girən oğrunu" müdafiə etməkdən başqa çıxış yolu qalmayıb. Çünki Kreml həm “mavi yanacaq kartı”ndan, həm də “nüvə əzələsi”dən istifadə etməklə Amerikanı və Avropanı çıxılmaz dalana çəkib. İndi Moskva sakit dayanmayacaq, Qərbin geri çəkildiyini hiss edib daha da irəli gedəcək. Hətta Moskva hazırda işğal altında saxladığı ərazilərlə kifayətlənmək niyyətində də deyil. Kremlin hazırkı hədəfi Odessa və ətrafındakı kurort zonalardır. Bu baş versə, proseslərin axarı Zelenski hakimiyyətinin siyasi intiharına gətirib çıxaracaq".

Asif Nərimanlı: "O başqa məsələ ki, İran Azərbaycanı yox, Ermənistanı sevir"

Asif Nərimanlı: "ABŞ-da keçiriləcək seçkilərdə Ukrayna məsələsi həlledici amil ola bilər"

Siyasi analitik Asif Nərimanlı burada səbəb kimi ABŞ-dakı prezident seçkilərini görür: “Ukrayna müharibəsi başlayanda İlon Mask şirkəti vasitəsilə Kiyevə dəstək verirdi, lakin indi mövqeyinin dəyişməsinin birdən çox mümkün səbəbi ola bilər. Fikrimcə, burada ilk səbəb ABŞ-da keçiriləcək prezident seçkiləri, Maskın demokratlarla qarşıdurması və respublikaçıları dəstəkləməsidir. ABŞ-da keçiriləcək seçkilərdə Ukrayna məsələsi həlledici amil ola bilər, çünki həm ictimai rəydə Kiyevə verilən dəstəkdə narazılıq var, həm də biznes sektorunda. İstisna deyil ki, Maskın bu mövqeyi respublikaçıların mövqeyinin gücləndirilməsinə hesablana bilər. Digər tərəfdən, ABŞ-ın özü də daxil olmaqla, Qərbə Ukraynanın mövcud vəziyyətlə barışmağını və Rusiya ilə atəşkəs imzalamasını istəyənlər var. Bu, təkcə siyasətçilər səviyyəsində deyil. Əslində bu mövqeyi dəstəkləyənlər yeni dünya nizamının qurulmasında Rusiya amilinin nəzərə alınmasını da istəyənlərdir. Görünür, İlon Mask bu mövqeyi paylaşan cəbhənin yanındadır”.

Bakı şərt irəli sürür ki...” - Ekspert DETALLARI açdı

Aqşin Kərimov: "Rusiya ilə Mask arasında qaranlıq razılıqlar mövcuddur"

Siyasi şərhçi Aqşin Kərimov burada Moskva ilə Mask arasında razılığın olduğunu ehtimal edir: “İlon Maskın Rusiya-Ukrayna müharibəsindən sonra geosiyasi qabarıqlıqdakı obrazı münaqişədən kommersiya məqsədləri üçün istifadəni izah edir. Düzdür, cənab Mask ona məxsus olan "Starlink" peyklərinin əldə etdiyi dataların Rusiyaya verildiyi məlumatlarını cidd-cəhdlə təkzib edir. Amma Rusiyanın “Starlink”dən istifadə etməsinə dair şübhələr qüvvətli fikirlərə əsaslanır. Əgər bunlar doğrudursa, deməli, Rusiya ilə Mask arasında qaranlıq razılıqlar mövcuddur və Kreml özünün kritik qalibiyyəti üçün milyarderdən yardım istəyir. O zaman sual edilir, bəs Mask Moskvadan etdiyinin müqabilində nələr tələb edir? Bu sual özü qaranlıq mətləbləri əhatə edir, ancaq ona kommersiya nöqteyi-nəzərdən izah tapmaq olar. O mənada ki, Ukraynadakı müharibə kəşfiyyat səhnələrini də qızışdırır və tərəflər yalnız hökumətlərin tanış olduğu peyk görüntülərinə çıxış üçün yarışa girişir. Kommersiya peyklərinin çəkdiyi görüntülər hərbi planlaşdırmalara kömək etdiyindən həmin şirkətlərdən böyük məbləğdə pul müqabilində faktlar alına bilər. Çünki dövlətlər kommersiya peyklərinin təklif etdiyi misilsiz üstünlükləri dərk edirlər. Burada ən çox yatırımın Maska edildiyi görünür. Əgər Rusiya-Mask şübhəli əlaqələri özünü doğruldursa, burada bir məntiqi geosiyasi fikir irəli sürmək olar: Rusiya Maskın inhisarında peyk-kommersiya şirkətlərini geosiyasi sferanın aktiv oyunçusuna çevirməyi hədəfləyir. Hər halda, “Starlink”in başqa münaqişə zonalarında işləmək üçün təsdiqlənəcəyi gözləniləndir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

24.02.2024 11:10
838