"İlon Maskın Bakıda fiziki olaraq iştirak etməməsinin səbəbi budur ki... "

Məlum olduğu kimi 2-6 oktyabr tarixində Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin son günündə "Space X” şirkətinin sahibi İlon Mask onlayn qaydada "Daha təsiredici gələcək yaratmaq" mövzusunda 1 saatlıq çıxış edib.

Qeyd edək ki, İlon Maskın konqresə şəxsən gələcəyi haqda iddialar yayılmışdı və onun onlayn formatda qoşulması suallara səbəb olub.

Musavat.com bildirir ki, tanınmış texnobloger Fərid Pərdəşünas məsələyə bu cür şərh bildirib:

Pardashunas_Farid.jpg (621 KB)
 
“İlon Mask Bakıya canlı bağlanıb, düz 1 saat çıxış etdi. 2023-cü ilin hesablamalarına görə, İlon Maskın 1 saatlıq qazancı 1.6 milyon $-dır. İlonu yaxından izləyən biri olaraq deyə bilərəm ki, Maskı tədbirə gətirmək pullu deyil. Bu adamı, ümumiyyətlə, pulnan razı salmaq olmur. Bu da başa düşüləndir. Mask son zamanlar tədbirlərə qoşulmur və danışmır. Çox nadir hallarda onu görmək olar. Nəzərə alın ki, dünyada onlarla böyük texnologiya konqresi var ki, Maskı gətirmək istəyir, amma alınmır, gəlmir.

Çox təəssüf ki, bəzi media qurumlarının “klik” xatirinə yaydığı xəbərlər yanlış informasiyaya səbəb olub. İlon Maskın fiziki gəlmə xəbəri - açıqlaması olmayıb. Yalnız onlayn qaydada iştirakı nəzərdə tutulub. Media isə onlayn sözünü başlığa yazmadan "İlon Mask Bakıda konqresdə iştirak edəcək" deyə məlumatlar yayıb. Düşünürəm ki, İlon Maskın nazir Rəşad Nəbiyev ilə görüşüb, dəvəti qəbul etdikdən sonra 1 saat vaxt ayırması belə alqışlanası haldır”. 

F.Pərdəşünas Konqresə biletlərin baha olmasından da danışıb:

“Konqresin biletləri bizim üçün çox bahadır, amma bu, normaldır. Səbəb isə sadədir. Konqresi Azərbaycan təşkil etmir. Bakı sadəcə ev sahibidir. Bu konqres illərdir var və öz qiymət strategiyası var. Məsələn, mənim hər il iştirak etdiyim "Cannes Lions" Festivalına qoşulmaq 7000 manatdır. Eləcə də, Mobil Dünya Konqresi bileti 3000 manatdır. Burada təşkilatçılar adi insanları yox, sahənin ekspertlərini hədəf alırlar. Yəni pavilyonda gəzidiyin yerdə qarşına "NASA"nın yüksək vəzifəli şəxsləri, "JAXA"nın rəhbəri, hansısa astronavt çıxır və s. Beynəlxalq Konfransların belə strategiyası olur. Bunun Azərbaycanla əlaqəsi yoxdur. Çünki bu tədbirin əsas iştirakçıları xarici professionallar olur və onlar nəinki biletə bu qədər pul verir, konqres üçün otelə, uçuşa da xərc çəkirlər. Lakin buna baxmayaraq, Azərbaycan tərəfi bir çox məktəblərin əlaqədər sahə üzrə həvəskar şagirdlərini təşkilatçılar ilə danışaraq ictimai girişini pulsuz təmin etdi. Bu limitli sayda olsa da, məktəblilər və gənclər üçün fürsət yaradıldı.

Yekun olaraq düşünürəm ki, bu Konqres illər sonra yenə Azərbaycanda baş tutmaqla keyfiyyətini ortaya qoydu. Ümumi təşkilatçılıq uğurlu alındı. Problemli dönəmdə olmağımıza baxmayaraq, qonaqlar problemsiz, təhlükəsiz qarşılandı və razı yola salındı”.

Xatırladaq ki, “SpaceX”in qurucusu İlon Mask Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində kosmos sahəsində əldə etdiyi nailiyyətlərə görə Beynəlxalq Astronavtika Federasiyasının Ümumdünya Kosmik Mükafatına layiq görülməsi ilə əlaqədar öz rəsmi səhifəsində yazı paylaşıb.

Onun X platformasındakı paylaşımına 3675 şərh, 12,2 min repost, 92,4 min bəyənmə gəlib, həmçinin tvitə 15,2 milyon baxış olub.

İlon Mask Bakı vaxtı ilə saat 17:45-18:45 arasında Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə onlayn danışıb. O, 60 dəqiqəlik Bakı çıxışını səhifəsinin yuxarı hissəsinə sancıb. Alt hissəsində “Azərkosmos”un loqosu olan bu tvit isə 37 milyondan çox baxış sayı qazanıb.

Xalidə Gəray,
Musavat.com

08.10.2023 09:40
2980