Amerikalı milyarder İlon Mask bildirib ki, bəşəriyyət çoxplanetli növə çevrilərsə, sağ qalmaq şansı daha çox olacaq.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bunu Lankasterdə (Pensilvaniya) ABŞ prezidentliyinə namizəd Donald Trampa dəstək tədbirində çıxışı zamanı deyib.
“Yer üzündə nəyinsə baş verməsi ehtimalı həmişə var, bu texnogen fəlakət və ya təbii fəlakət ola bilər. Bir dəfə meteorit dinozavrları öldürdü. Yer kürəsinin tarixi kütləvi qırğına səbəb olan bir çox hadisələri bilir, belə hadisələr qarşıda da olacaq. Ancaq biz çoxplanetli bir növ olsaq, insan sivilizasiyasının ömrü daha uzun olacaq”, - Mask deyib.
Milyarderin sözlərinə görə, bəşəriyyəti xilas edəcək planetlərdən biri də Mars olacaq.
Daha əvvəl o, bildirmişdi ki, “Starship” kosmik gəmisi iki il ərzində insansız rejimdə Marsa gedə bilər.
Əgər gəmilərin planetə enişi uğurlu olarsa, insan tərəfindən Marsa ilk uçuşlar dörd ildən sonra baş tuta bilər.
Sahibkarın qarşısına qoyduğu əsas məqsəd 20 ildən sonra Marsda özünü təmin edən şəhər yaratmaqdır.
Musavat.com