“Mən yanan meyiti görüb bu barədə polisə məlumat verəndə ağlıma da gəlməzdi ki, cinayət öz boynumda qalacaq. Nərminin ailəsi mənə qarşı çıxmaqla bu cinayətin açılmasında maraqlı olmadığını göstərib. 3 il 6 aydır ki, şərlənərək həbsə atılmışam. Məhkəmədən ədalətli qərar verilməsini, bəraət hökmü çıxarılmasını xahiş edirəm”.
Musavat.com xəbər verir ki, bu sözləri İlkin Süleymanov son sözündə deyib. O, 10 yaşlı Nərmin Quliyevayla bağlı cinayətin boynuna işgəncəylə qoyulduğunu bir daha hakimin diqqətinə çatdırıb.
Hakim tez-tez İlkin Süleymanovun sözünü kəsib, ondan çıxışını qısaltmasını tələb edib. İlkin Süleymanov son sözünü bitirdikdən sonra hakim bildirib ki, iyunun 5-də hökm elan olunacaq.
2019-cu il noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Bu hadisəyə görə kənd sakini İlkin Süleymanov həbs olunub. O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələriylə ittiham edilir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib. İbtidai istintaq azyaşlı qızın İlkin Süleymanov tərəfindən qətlə yetirməsi qənaətinə gəlib. İlkin Süleymanovsa məhkəmə ifadələrində cinayətin işgəncəylə boynuna qoyulmasından danışıb. Məhkəmə ötən müddətdə həm də xeyli şahid dindirib. Əksər şahid ifadələri İlkin Süleymanova qarşı irəli sürülmüş ittihamları şübhə altına alıb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com