İlkin Süleymanov: "Mən bu cinayətdə şərlənərək, heç bir günahım olmadan həbs olunmuşam"

İyunun 2-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndinin sakini İlkin Süleymanovun məhkəməsi davam edib. İlkin Süleymanov həmkəndlisi olan 10 yaşlı Nərmin Quliyevanı oğurlayaraq 47 gün evində gizlətməkdə, öldürməkdə, cəsədini yandırmaqla təqsirləndirilir. İlkin Süleymanovun məhkəməsi 2 ildən çoxdur gedir və bu gün o, son söz deyib. 

Musavat.com xəbər verir ki, nəhkəmə iclası başlayan kimi hakim Dadaş İmanov İlkin Süleymanova üzünü tutub və ona son söz deməyi təklif edib.

İlkin Süleymanov sözə öz ailəsindən başlamaq istəyib: -Mən bir ziyalı ailəsində doğulmuşam. 

Hakim sözünü kəsir:

- İlkin Süleymanov, bu şeylərə ehtiyac yoxdur. Qısa danış. 

İlkin Süleymanov:

-Hörmətli məhkəmə, mən yanan meyiti görüb polisə xəbər verəndə ağlıma da gəlməmişdi ki, bu cinayət öz üstümdə qalacaq. Mən əvvəl polis şöbəsinə şahid kimi aparılmışdım. Şahid kimi də dindirildim. Ancaq sonra mənə ağır işgəncələr verildi. Ailəmlə hədələndim, psixoloji təzyiqlərə məruz qaldım. Deyirdilər ki, onsuz da rayonda hamı səndən danışır. Hamı deyir ki, Nərmini sən öldürmüsən. Mənə o qədər dözülməz işgəncələr verdilər ki, axırda dözmədim, hər şeyi boynuma götürdüm. 

İlkin Süleymanov təhdid, təzyiq prosesində Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov, Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcov, Tovuzun o vaxtkı polis rəisi Şirzad Əsgərov, onun müavini Şahlar Cəfərov və digərlərinin adlarını çəkib.

İlkin Süleymanov sözünə davam edərək deyib ki, Nərminin ailəsindəki arxayınlıq onu məyus edib:

-Bir neçə kəlmə də Nərminin ailəsinin mənə qarşı qərəzindən danışmaq istəyirəm. Meyitlə bağlı şübhələrimiz var. Amma ailəsi ekskumasiyaya qəti şəkildə etiraz etdi. Təəssüf edirəm ki, ailə Nərminin başına gələnlərin obyektiv araşdırılmasında maraqlı deyil. Əksinə, onların bir mövqeyi var ki, İlkin Süleymanov tutulub, o da cəza alsın.

Məhkəmədə çıxışlarımızda üzə çıxartdığımız saxtakarlıqların heç biri onları maraqlandırmır. Halbuki, bunlar ilk növbədə ata olaraq Şərifin özünü maraqlandırmalı idi.

Hakim İlkin Süleymanovun sözünü kəsib:

-Sənin ailə ilə işin olmasın, Şərifin adını çəkmə, özündən danış. 

İlkin Süleymanov cinayətin motivi haqda cinayət işinin materiallarında yazılanlara da toxunub:

-Mən övladlığa uşaq götürürdümsə, onu niyə 47 gün soyuq otaqda saxlayırdım, ona niyə əzab verirdim? Burada məntiq yoxdur. İkincisi, mənim yaxınlarımın uşaqları var, onlardan götürüb saxlayardım. Üçüncüsü, ekspertiza rəy verib ki, mən təkliyə meylli, ünsiyyətcil olmayan biriyəm. Doğrudur. Mən niyə övladlığa uşaq götürmək istəyim? Ekspertiza mənim psixi baxımdan sağlam olmağım haqda rəy verib. Halbuki, həm övladlığa götürmək məqsədilə uşaq oğurlasın, həm də onu soyuq otaqda saxlasın, əzab versin - bunu anlaqsız, psixi xəstə adam eləyər...
İlkin Süleymanov prokurorun çıxışına da münasibət bildirmək istəyib. Ancaq hakim yenə sözünü kəsib. 

İlkin Süleymanov son sözünü belə yekunlaşdırıb: "Mən bu cinayətdə şərlənərək, heç bir günahım olmadan həbs olunmuşam. 3 il yarımdır ki, həbsdə saxlanılıram. Məhkəmədən də xahişim budur ki, bu ədalətsizliyə son qoyulsun. Ədalətsizliyə son qoyulması isə bəraət hökmü çıxarılması olar. 

Hakim bildirib ki, bu iş üzrə iyunun 5-də hökm elan olunacaq.

2019-cu il noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Bu hadisəyə görə kənd sakini İlkin Süleymanov həbs olunub. O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələriylə ittiham edilir.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İbtidai istintaq azyaşlı qızın İlkin Süleymanov tərəfindən qətlə yetirməsi qənaətinə gəlib.

İlkin Süleymanovsa məhkəmə ifadələrində cinayətin işgəncəylə boynuna qoyulmasından danışıb.

Məhkəmə ötən müddətdə həm də xeyli şahid dindirib. Əksər şahid ifadələri İlkin Süleymanova qarşı irəli sürülmüş ittihamları şübhə altına alıb.

 

E.Məmmədəliyev,
Musavat.com

02.06.2023 22:58
1417