Xalçaçılıq Azərbaycan mədəniyyəti tarixində özünəməxsus yer tutur. Məişətdə xüsusi yeri olan xalçalar təkcə, dekorativ funksiya daşımayıb. Çadırlarda, alaçıqlarda, evlərdə döşəməyə sərilib, divarlara vurulub. Yəni, xalça tarixi mədəniyyətin bir parçası olmaqla yanaşı, həm də məişətin ayrılmaz parçası idi. Demək olar ki, hər xalçanın öz hekayəsi olub. Rəngarəng saplarla, insan, heyvan, meyvə təsvirləri və s. vasitəsilə xalçaçılar müxtəlif hekayələri nəql ediblər. Dünyanın müxtəlif muzeylərində Azərbaycan xalçaçılıq məktəblərinin nümunələri saxlanır. Saraylarda, saysız-hesabsız incəsənət əsərlərində milli mədəniyyətimizin bu bənzərsiz nümunələrinə rast gəlmək olar. 2010-cu ildən etibarən xalçaçılıq sənətimizin qorunması və gələcək nəsillərə çatdırılması üçün xüsusi tədbirlər görülməyə başlanıb. Belə ki, 2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı"na daxil edilib.
"Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanunun qəbul edilməsini, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün müasir standartlara uyğun binanın inşa edilməsini də vurğulamaq yerinə düşər.
2014-cü ildən fəaliyyətə başlayan Xalça Muzeyində isə 13 mindən çox eksponat saxlanılır. Muzeydə Böyük Britaniyanın Viktoriya və Albert Muzeyində saxlanılan məşhur "Şeyx Səfi" xalçasının surəti, eləcə də müxtəlif əsrlərdə toxunmuş məşhur kompozisiyalar da yer alır. Xalça Muzeyinin kolleksiyası günü-gündən daha da zənginləşir.
Azərbaycan xalça sənətinin yaşadılması üçün daha bir yaddaqalan tədbir keçirilib.
Mayın 4-5-də Qoşa Qala qapısında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə ölkəmizdə ilk Milli Xalça Festivalı keçirilib.
Musavat.com xəbər verir ki, Milli Xalça Festivalı Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis edilmiş “Xalçaçı günü” peşə bayramına həsr edilib. Azərbaycanın 14 regionundan gələn toxucu və emal komandası dəzgahlarda xalça toxuyub, istəyənlərə prosesdə özünü sınamaq imkanı verib. Qazax, Horadiz, Quba, Qəbələ, Kürdəmir, Lənkəran və başqa bölgələrdən xalçaçılar prosesi əyani şəkildə nümayiş etdiriblər. Hətta 3D toxunan xalçalara da rast gəlmək mümkün idi.
Küçələr boyu yerə sərilən, eyvanlardan, divarlardan asılan xalçalar sözün əsl mənasında göz oxşayırdı.
Məlumata görə, Milli xalça festivalı növbəti mərhələdə beynəlxalq səviyyədə keçiriləcək.
Nigar HƏSƏNLİ,
FOTOLAR müəllifindir
Musavat.com