Aydın Hüseynov: “Ulu öndər qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, ora siyasi mədəniyyət gətirdi”
Parlament seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsinın yarısı arxada qaldı. 10 gün sonra Azərbaycanın yeni Milli Məclisi seçiləcək. Bu, 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdikdən sonra keçən 33 ildə 7-ci çağırış Milli Məclis olacaq. Dövlət müstəqilliyini qazandıqdan sonra Azərbaycanda Milli Məclisə ilk seçkilər Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən iki il sonra - 1995-ci il noyabrın 12-də keçirilib.
6-cı çağırış Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirib ki, bu tarix müstəqil Azərbaycanın tarixində çox mühüm yer tutur. Ulu öndər Heydər Əliyev özünün mütərəqqi dünyagörüşü ilə, azərbaycançılıq ideologiyasına əsaslanması ilə sabit dövlətçilik və müasir parlamentarizm ənənələrini formalaşdıraraq milli dəyərlər zəminində bugünkü dövlətçilik sistemimizin ideoloji-siyasi dayaqlarını yaratdı: “Müsəlman Şərqində parlament mədəniyyətinin əsası da məhz Azərbaycanda qoyulub. Ulu öndər belə bir fikri vurğulayırdı ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmişdir. Azərbaycanda parlamentarizm ənənələrinin inkişafına nəzər saldıqda görürük ki, hələ XX əsrin əvvəlində Rusiya imperiyasında ilk parlamentin formalaşmasına Azərbaycan xalqı da öz töhfəsini verib. Rusiyanın dövlət dumalarına seçilmiş azərbaycanlı deputatların, demək olar ki, hamısı milli təəssübkeşliyi özünün həyat amalı hesab edən ziyalılar idi. Sonrakı dövrdə Xalq Cümhuriyyəti parlamenti cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın dövlətçilik və milli şüurunun formalaşmasında mühüm rol oynadı, ölkə həyatının ən müxtəlif sahələrinə aid qanunvericilik aktları qəbul etdi.
Aydın Hüseynov
Heydər Əliyev çağdaş Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, həm də haqlı olaraq, müasir Azərbaycan parlamentinin banisi sayılır. Sovet dövründə Azərbaycanda parlamentin qəbul etdiyi qanunlar kommunist partiyasının ideoloji məqsədlərinə xidmət edirdi. Buna baxmayaraq, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə hakimiyyət orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi, mədəni tərəqqisinə, milli dirçəliş siyasətinin reallaşmasına yönəldə bildi.
Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin tribunalarından müdrikliklə istifadə edir, deputat qrupunun Moskvadakı fəaliyyətini Azərbaycanın mənafeyi baxımından məharətlə istiqamətləndirirdi. Bu siyasətin məntiqi nəticəsi kimi kommunist ideologiyasının tüğyan etdiyi bir vaxtda Heydər Əliyev Azərbaycana demokratik və azad düşüncə tərzi, milli özünüdərk duyğusu gətirdi".
A.Hüseynov vurğuladı ki, dövlət müstəqilliyini yeni elan etmiş Azərbaycana Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı isə müstəqillik tariximizdə keyfiyyətcə yeni siyasi bir eranın başlanğıcı oldu: “Ulu öndər Heydər Əliyev müdrik dövlət xadimi kimi parlamentin milli dövlətçilik sistemində yerini və rolunu lazımınca dəyərləndirir, ölkə qarşısında duran məsələlərin həllində qanunverici orqanın imkanlarından maksimum yararlanmaq nümunəsi göstərirdi. Ali Sovetin sədri kimi ulu öndər ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Ulu öndər parlamentarizm ənənələrinin inkişafına müstəqilliyimizin qorunub saxlanması, daha da möhkəmlənməsi prizmasından yanaşır, bu sahəni dövlətçilik məfkurəsinin ayrılmaz tərkib hissəsi hesab edirdi.
Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 10-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Ulu öndər bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi".
A.Hüseynov qeyd etdi ki, Heydər Əliyev prezident seçildikdən sonra da parlamentlə sıx əlaqə saxlamış, yüksək səviyyəli Prezident-parlament münasibətlərinin dövlətçiliyimizin daha da möhkəmlənməsinə, xalqın rifah halının yaxşılaşmasına xidmət etməsi üçün səylərini əsirgəmirdi: “1995-ci il noyabrın 12-də keçirilən Milli Məclisə seçkilər isə müstəqilliyini bərpa edən Azərbaycanın ilk parlament seçkiləri oldu. Müstəqil Azərbaycanın birinci çağırış Milli Məclisində Prezident Heydər Əliyevin təşəbbüsü ilə müstəqil dövlətimiz üçün həyati əhəmiyyətli qanunlar qəbul olundu. Ulu öndər hüquqi dövlət quruculuğu prosesində parlamentlə sıx əlaqə şəraitində böyük uğurlara nail oldu. Statistikaya müraciət etsək, görərik ki, 1993-cü il oktyabrın 10-dan 2002-ci il dekabrın 30-dək Milli Məclis tərəfindən qəbul edilmiş 1715 qanun və qərardan 975-i Prezident Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilib.
Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf strategiyası bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin inkişaf modeli bütün dünyada maraqla izlənilir.
Hazırda müstəqil Azərbaycanın bütün sahələr üzrə qanunvericilik bazası mövcuddur. Qəbul olunmuş Konstitusiya qanunları, məcəllələr, qanunlar, təsdiq edilmiş konvensiyalar, sazişlər cəmiyyət və dövlət həyatında yaranan münasibətləri tənzimləməyə xidmət edir. Qanunvericilik fəaliyyətində bəşəri dəyərlər milli dəyərlərimizlə üzvi surətdə əlaqələndirilir".
Etibar