Xəbər verildiyi kimi, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili türmədən Paşinyana məsləhətlər göndərib. Onu tələsməyə çağırıb. Paşinyana vaxt itirmədən Azərbaycanla sülh müqaviləsi imzalamağı məsləhət görür, əks halda Ermənistanın dövlət kimi varlığını itirəcəyini bildirir.
“Sizin üçün nə qədər çətin olsa da, Ermənistan ətrafında baş verən son hadisələr regionumuza yeni imkanlar açır. Müəyyən müddətdən sonra biz sərhədləri açıq olan üç Baltikyanı ölkə kimi yaşaya, üçünün hər birinin üstünlüklərindən istifadə eləməklə bütöv bir logistik, maliyyə, enerji qovşaqları sistemi yarada bilərik. Ancaq bunun üçün tələsməli və hər hansı tərəddüdü kənara atmalısınız”, - eks-prezident qeyd edib.
Yəni əslində o həm də “Qafqaz Evi” ideyasını yada salıb. Harada ki, erməni xalqı da öz xoşbəxtliyini və təhlükəsizliyini tapmış ola bilərdi. Demək ki, Saakaşvili bütövlükdə erməni xalqına çağırış edib, təkcə onun baş nazirinə yox.
“Yadda saxlamaq lazımdır ki, vaxtınız çox azdır. Hakimiyyətə gələndən sonra siz fundamental islahatlar apara bilmədiniz və ya həyata keçirmədiniz, ona görə də indiki dövlət aparatınız həqiqətən də Kremlin ”5-ci kolonu"dur. Avropaya inteqrasiya üçün gecikmisiniz!" - Bunu da Saakaşvili məktubunda vurğulayıb.
Qeyd edək ki, erməni mediasında müraciət birmənalı qarşılanmayıb. Bəs Nikol inqilabçı həmkarını eşidəcəkmi? Azərbaycanla sülh müqaviləsini hara kimi uzada biləcək? “Qafqaz Evi” ideyası necə, Avropa Birliyi kimi reallaşa bilərmi?
Daha bir kritik sual: enində-sonunda sülh sənədini Nikol Paşinyan, yoxsa bir başqası imzalamalı olacaq?
Xatırladaq ki, oktyabrın sonuna Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı rəhbərlərinin (İlham Əliyev, Nikol Paşinyan və Şarl Milşel) iştirakı ilə növbəti üçtərəfli görüş gözlənilir.
Anar Əliyev
Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Mixail Saakaşvili Nikol Paşinyana məktubunda bir sıra maraqlı məqamlara toxunub. Sabiq Prezidentin məktubunda sadaladığı bir çox məsələlər, xüsusilə də Cənubi Qafqaz dövlətlərinin imkanlarından istifadə etməklə bölgəmizdə sülh və inkişaf perspektivklərinin artırılması, logistik, maliyyə, enerji, iqtisadi əlaqələrin gücləndirilməsi ilə bağlı fikirləri Azərbaycan Prezidentinin müxtəlif dövrlərdə müraciətlərində dəfələrlə eşitmişik: “Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə açıq şəkildə Ermənistan tərəfinə Cənubi Qafqaz ailəsinin bərabərhüquqlu üzvünə çevrilmək, bu perspektivdən istifadə etmək, bu imkanlardan yararlanmaq və nəticə etibarilə bölgəmizin dünyanın sürətli inkişaf eləyən regionlarından birinə çevrilməklə yanaşı, Ermənistanın, Ermənistan xalqının xoşbəxt və təhlükəsiz gələcəyini qarant altına almaq perspektivlərini təklif edib. Sakaşvilinin Paşinyanı vaxt itirmədən qətiyyətli davranaraq Azərbaycanla sülh müqaviləsi imzalamağa çağırması da müsbət dəyərləndirilməlidir. Amma bu fikirlərə Saakaşvilinin müəyyən mənada birtərəfli yanaşma nümayiş elətdirdiyini qeyd eləyə bilərik. Xüsusilə də Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra fundamental islahatlar apara bilməməsinin nəticəsində mövcud dövlət aparatının Rusiyanın 5-ci kolonu olması ilə bağlı fikrini qeyd etmək istəyirəm. Hesab edirəm ki, Saakaşvili məsələyə bir qədər daha geniş spektrdən yanaşma nümayiş elətdirməli idi və Paşinyanın, onun komandasının Rusiyanın, Qərb paytaxtlarının nəzarəti altında olan, onların birbaşa sifarişlərini yerinə yetirən buyruqçular olduğunu göstərə bilərdi. Başqa güclərin əlində alət olan bir tərəfin güclü müstəqil iradə ortaya qoyma perspektivləri nə dərəcədə mümkündür sualı da açıq qalmaqdadır. Buna baxmayaraq, hesab edirəm ki, ”Avropa Birliyi" timsalında Qafqaz Evi ideyasını reallaşdırmaq perspektivləri hələ də itirilməyib. Bunu həyata keçirmək mümkündür. Amma başlıca tələb olunan şərt kimi təbii ki, Ermənistanın Azərbaycanla sülh münasibətləri məsələsində səmimi olması, iradə nümayiş etdirməsi və bu istiqamətdə bölgə xalqlarının marağından çıxış etməsi zəruridir. Təəssüf ki, biz bir neçə gün bundan öncə Avropa Parlamentinin bir neçə gün öncə iclasında Ermənistan baş nazirinin çıxışında yenə də tamamilə fərqli bir rakurs müşahidə etdik. Yenə də söz yığınından ibarət əsassız ittihamları eşitdik. Paşinyan yenə də alqış, populizm xatirinə reallıqlara qətiyyən uyğun olmayan bəyanatlar səsləndirdi, Azərbaycanı etnik ayrıseçkilikdə, Qarabağdakı ermənilərə qarşı zor tətbiq etməkdə, onların hüquqlarını pozmaqda ittiham elədi. Bu fonda Ermənistandan və onun baş nazirindən mövcud reallıqlara uyğun, bölgəmizin gələcəyinə istiqamətlənmiş adekvat addımlar atacağını gözləmək sadəlövhlük olardı".
Politoloqun fikrincə, amma Ermənistan baş naziri də çox gözəl anlayır ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını sonsuzluğa qədər uzada bilməyəcək. Çünki burada Azərbaycanın, Türkiyənin, Rusiyanın təzyiqləri ilə yanaşı, həm də Ermənistan hakimiyyətinin mövcud ağalarının-Qərb paytaxtlarının da sülh müqaviləsinin imzalanmasında maraqlı olması məsələsi var: “Ona görə də Nikol Paşinyan ayrı-ayrı güclər arasında manevr etməklə özü üçün daha uyğun şərtlər daxilində Azərbaycanla slüh müqaviləsi imzalamağa çalışır. Hesab edirəm ki, bu müqavilənin imzalanması Paşinyan hakimiyyəti dövründə reallaşdırılacaq. Bu müqavilənin Ermənistan tərəfindən Paşinyanın imzası ilə reallaşmasına çalışacaqlar. Həm Ermənistan hakimiyyəti, həm də onların ağaları anlayır ki, sülh müqaviləsinin imzalanmasından sonra Nikol Paşinyan heç kimə lazım olmayacaq və onun siyasi hakimiyyət ömrü bitmiş olacaq. Bunu da anlayan Nikol Paşinyan mümkün qədər öz ağalarından sülh sənədi imzalanarsa hakimiyyətinin mövcudluğuna, siyasi ömrünə təhlükəsizlik təminatı əldə etməyə çalışır. Hesab edirəm ki, bu gün alver predmeti Ermənistan hökuməti ilə Qərb paytaxtları arasında məhz bu istiqamətdə davam etməkdədir. Bu alver Ermənistan baş nazirinin istəklərinə uyğun olacaqsa qısa müddət ərzində Azərbaycanla sülh müqaviləsinin imzalanmasını müşahidə edə biləcəyik”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”