“İlhamə yaşasaydı, bu sözləri onun üzünə deyə bilərdinmi?!”

Aparıcı Xoşqədəm Hidayətqızı mərhum Xalq artisti İlhamə Quliyevanın ona aldığı hədiyyədən danışaraq müzakirələrə səbəb olub.

Belə ki, aparıcı efirdə mərhum Xalq artistinin hədiyyəsinin saxta olduğunu iddia edib:

"Ad günü idi. İlhamə Quliyeva dedi ki, sənə gözəl bir brilyant boyunbağı hədiyyə edəcəyəm. Qaşlı boyunbağı idi. And olsun Allaha, o boyunbağını boğazımdan çıxarmadım, gecə onunla yatdım. Səhər baxıb gördüm ki, boğazım qapqaradır. Etmədim tənbəllik yoxlatdırmaq üçün getdim həmin boyunbağını zərgərə göstərdim. Zərgər mənə dedi ki, bu nə qızıl, nə də brilyantdır. Bu, bijuteriyadır”.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan mərhum İlhamə Quliyevanın qohumu, müğənni Əli Mirəliyev bu işin əslinin başqa cür ola biləcəyini deyib:

“Bu söhbətin dəqiqliyini bilmirəm, onların yanənda olmamışam, lakin bəzi mülahizələrim var. Ola bilər ki, İlhamə Quliyevanın özünə həmin boyunbağını orijinal adı ilə bağışlayıblar. O da həmin hədiyyəni bir başqasına hədiyyə edib. Ola bilməz ki, gedib özü saxta boyunbağı alıb kiməsə hədiyyə etsin. Düşünürəm ki, bundan heç İlhamə Quliyevanın özünün də xəbəri olmayıb. Bəlkə də bunu bilə-bilə edib… Hər şey ola bilər”.

Əli Mirəliyev mərhum sənətkarın ölümündən sonra bu cür söhbətləri gündəmə gətirənləri tənqid edib:

“Bu gün İlhamə həyatda yoxdur, indi bu mövzunu açmağın nə mənası var? Bu gün çıxıb belə danışmaq düzgün deyil. İlhamə ölüb, Allah ona rəhmət eləsin. Hadisədir, olub, keçib, çıxıb bunu dilə gətirmək, fikrimcə, doğru hərəkət deyil. Onun deməyindən belə çıxır ki, İlhamə Quliyeva yalançı, “aferist” adam olub. Mən bu cür söhbətlərə yaxşı baxmıram. Dünyadan köçmüş insanın dalınca danışmazlar. İlhamə yaxşı müğənni, sənətkar olub. Bu gün çıxıb bu cür söhbətlər eləmək sizə nə verir?! İlhamə həyatda yoxdur, əgər o həyatda olsaydı, bu sözləri onun üzünə deyə bilərdinmi, Xoşqədəm?! Heç vaxt deyə bilməzdin. O sənin cavabını dərhal verərdi.

Mən İlhamə Quliyevanın qohumu kimi yox, bir insan kimi danışıram, əgər bir nəfər ölübsə, onun dalınca danışmağın heç bir mənası yoxdur. Bu, heç kəsə baş ucalığı gətirməz! Və bu sözlərin heç bir mənası yoxdur”.

10.06.2024 17:40
3353