Xalq artisti Nazpəri Dostəliyeva qalmaqal yaşadığı mərhum Xalq artisti İlhamə Quliyevanı bağışlamasından söz açıb.
Bu haqda sənətçi qonaq olduğu “Rəngarəng” verilişində danışıb.
Dostəliyeva bildirib ki, Quliyeva dünyasını dəyişdiyi üçün onu bağışlayıb:
“İlhamə Quliyeva zamanında mənimlə qalmaqal yaşadığına görə bir çox aparıcılara qadağalar qoyub. Hətta o, bir aparıcını işlədiyi radiodan çıxartdırmışdı. Bu kimi şeylər çox olmuşdu. İlhamə Quliyeva ilə mənim aramda olan məhkəmə nə qərar çıxartmışdısa, onu da yerinə yetirdim. Amma bir insan ki artıq dünyasını dəyişib, haqqın dərgahındadır, Allahın yanındadır, deyə bilmərəm ki, xeyr, bağışlamıram. İlhamə Quliyeva sağ olanda bağışlamaq haqqında söhbət belə yox idi. Amma o dünyasını dəyişdi və mən onu bağışladım. Burada onun rəhmətə gedəndən sonra xasiyyətinin dəyişməyindən söhbət getmir. Mənim içimdəki Allahıma olan istəyim və yazdığı qanunlarına tabe olmağımdır. Haqsızlıqlara susdum və heç zaman cavab vermədim. Susdum ona görə ki, Allahıma arxayın idim”.
Qeyd edək ki, mərhum İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın onu efirdə parodiya etməsinə qəzəblənərək məhkəməyə vermişdi. O, iddia ərizəsində şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirmişdi. (olay)