Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Qranada şəhərində keçirilən görüşdə bəlli səbəblərə görə imtina etdikdən sonra avropalı liderlər növbəli şəkildə Bakıya zəng etməyə başlayıblar. Əvvəlcə Almaniya kansleri Olaf Şolts, daha sonra isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın dövlət başçısına telefon açaraq bir sıra aktual mövzuları müzakirə etdilər.
Azərbaycan Prezidenti Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında qaldığını cənab Mişelin diqqətinə çatdırmaqla Nikol Paşinyanın “Azərbaycanın 86,6 min kv.km-lik ərazisini tanıyırıq” - bəyanatının və imzaladığı sənədə etibar etmədiyini diplomatik şəkildə bəyan etmiş oldu. Bu və ya digər mövzuda yaranmış çoxsaylı suallarla bağlı təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a maraqlı fikirlər söyləyib.
- İlham bəy, ötən həftəsonu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı oktyabrın son həftəsində Brüsselə görüşə dəvət edib. Necə bilirsiniz, görüş baş tutacaqmı?
- Görüşün baş tutması çox realdır. Qranada görüşündən haqlı imtinadan sonra Azərbaycanın Avropa İttifaqının təklifindən imtina etməsi beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür yarada bilər. Görüşün vaxtı dəqiqləşdikdən sonra Azərbaycan müsbət münasibətini bildirməlidir. Qeyd edək ki, rəsmilərimiz də belə bir formata etiraz etməyəcəklərini artıq bəyan ediblər.
- Prezidentin köməkçisi Hikmət Hacıyev keçən həftə bəyan edib ki, Bakı üçlü formatda - söhbət Əliyev-Paşinyan-Mişel görüşündən gedir - danışıqlara etiraz etmir. Bəs Avropa Parlamentinin 5 oktyabr tarixdə ölkəmiz əleyhinə qəbul etdiyi son qərəzli və təxribatçı qətnamə necə olsun? Bu, Brüsselin neytral vasitəçi imicini zədələmirmi? Sizcə, Şarl Mişel yaranmış xoşagəlməz durumu necə düzəldəcək?
- 5 oktyabr qətnaməsindən əvvəllər də Avropa Parlamenti bu və digər səbəbləri bəhanə edərək Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib. Hüquqi öhdəliyi olmayan bu qətnamə yalnız münasibət nümayişidir və Azərbaycanın dövlət maraqlarını həyata keçirilməsinə heç bir maneə yarada bilməz. Brüsselin “neytral imici” isə yalnız bizə münasibətdə deyil, digər məsələlərə də mövqe bildirərkən ikili standartlara yol verdiyinə görə çoxdan zədələnib, sadəcə, başqa formatlar ondan da yaxşı olmadığı üçün Brüssel hələ də prioritet kimi qəbul olunur. Şarl Mişelin Azərbaycanın lokal antiterror əməliyyatından sonra verdiyi açıqlamaları heç də birmənalı qəbul oluna bilməz. Onun “Rusiya erməni xalqını satdı” ifadəsi prosesin tərəfi olaraq, həm də bizi ittiham edir. Amma hesab edirəm ki, Azərbaycan Prezidenti ilə telefon danışığı zamanı İlham Əliyevin ona beynəlxalq hüquq normalarını xatırlatması və Azərbaycanın da məhz bu hüquqa əsaslandığını, eyni zamanda səkkiz anklav kəndin azad edilməsinin şərt olduğunu bir daha yada salması yalnız Şarl Mişelə deyil, həm də Avropa Parlamentinə tutarlı cavabdır.
- Azərbaycan Prezidenti İlham Əliyev isə 3+3 formatında (Azərbaycan-Gürcüstan-Ermənistan və Türkiyə-Rusiya-İran) görüşlərin tezliklə keçiriləcəyini elan edib. Bu barədə İlham Əliyev oktyabrın 6-da İranın yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfdən həmsədri Mehrdad Bəzrpaşı qəbul edərkən deyib. Prezident vurğulayıb ki, regional məsələlərin region ölkələrinin iştirakı ilə həll edilməsi vacibdir. Məlumdur ki, Avropa Birliyi, Fransa, Almaniya regiondan çox uzaqdır. Bundan əlavə, Türkiyə lideri “dördlü format” (Azərbaycan-Türkiyə-Ermənistan-Rusiya) təklif edib. O zaman hansı format sonucda “həyata vəsiqə” qazanacaq? Yeri gəlmişkən, 3+3 əməkdaşlıq formatının təşəbbüskarı məhz İlham Əliyevdir. O da məlumdur ki, Gürcüstan ona qoşulmağa həvəs göstərmir, çünki işğalçı Rusiya ilə bir masa arxasında oturmaq istəmir. Bəs o halda Gürcüstan necə yola gətiriləcək?
- Gürcüstanın son illərdə apardığı siyasətə, yəni Rusiya ilə münasibətləri yumşaltma xəttinə əsaslansaq, ola bilsin ki, 3+3 formatı perspektivdə baş tutsun. Türkiyə Prezidentinin Cənubi Qafqaz siyasətində iki alternativ təkliflə çıxış etməsi tərəflərə göstərir ki, etiraz edənlər elə zənn etməsinlər ki, başqa variant yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana son səfərində bu format ətrafında müzakirələrin aparıldığı istisna edilmir. Bilirsiniz ki, Ərdoğanın “dördlü format” təklifi məhz 3+3 formatından imtina edən Gürcüstana bir mesajdır ki, bölgədə əməkdaşlıq etməkdən vaz keçmək sonunda Gürcüstana xeyir gətirməyəcək. Eyni zamanda Zəngəzur dəhlizinin alternativi kimi yolun İran ərazisindən çəkilməsi ilə bağlı Ərdoğanın təklifi və artıq bu istiqamətdə Azərbaycanla İran arasında niyyət protokolunun imzalanması, Araz üzərində körpünün təməlqoyma mərasimi də Ermənistana mesajdır ki, inadlı mövqe yalnız Ermənistana zərər gətirəcək. Bu təklif həm də Rusiya üçün də bir mesajdır ki, Avropaya quru yolu bağlandığı bir vaxtda Zəngəzur məsələsində aktiv mövqe nümayiş etdirməməsi sonda onun maraqlarına uyğun olmayacaq.
“Türkiyə Prezidentinin Cənubi Qafqaz siyasətində iki alternativ təkliflə çıxış etməsi tərəflərə göstərir ki, etiraz edənlər elə zənn etməsinlər ki, başqa variant yoxdur” |
- Maraqlıdır ki, məhz həmin hadisədən bir gün sonra - oktyabrın 7-də Şarl Mişel İlham Əliyevə zəng edib. Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, telefon söhbəti əsnasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlətimizin başçısı qeyd edib ki, Qranadada Azərbaycanın iştirakı olmadan Azərbaycan adının dördtərəfli bəyanata daxil edilməsi düzgün yanaşma deyil. İlham Əliyev həmçinin Fransanın məlum mövqeyinə görə Azərbaycanın Qranadadakı görüşdə iştirak etmədiyini bildirib. Dövlətimizin başçısı xüsusilə vurğulayıb ki, Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq. İlham Əliyev eyni zamanda Avropa Parlamenti tərəfindən ksenofob və şovinist yanaşma əsasında qəbul edilmiş anti-Azərbaycan xarakterli bəyanatın, orada səsləndirilən fikirlərin qəbuledilməz olduğunu diqqətə çatdırıb, bunun regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etmədiyini bildirib. Şarl Mişel öz növbəsində Avropa İttifaqının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində səylərini davam etdirməyə hazır olduğunu bildirib. Bəs bu səylər nə vaxt nəticə verəcək? Ümumiyyətlə, Bakı-İrəvan sülh anlaşması üçün ən səmərəli format hansıdır? Bəlkə hər mənada neytral Gürcüstan?
- Hələ 44 günlük müharibə bitəndən sonra Brüssel və Moskva formatlarının real nəticələrə gətirib çıxarmadığını qeyd edərək, qlobal güclərin vasitəçiliyinin ziddiyyətli xarakterini vurğulayaraq ən yaxşı formatın Tiflis, hətta Qırmızı körpü olduğunu şərhlərimizdə bildirmişdik. Azərbaycan Prezidenti Gürcüstana səfəri zamanı Tiflisin uyğun məkan olduğunu bir daha vurğuladı və bu formatın bölgədə qalıcı sabitliyə və iqtisadi inkişafa səbəb olacağını qeyd etdi. Hesab edirəm ki, bu formatda əldə olunan sülh qlobal güclərin bölgədə maraqları uğrunda apardığı qarşıdurmanı da səngidə bilər. Brüssel görüşündə belə bir formata razılıq əldə olunarsa, sülh müqaviləsinin imzalanmasına maneə qalmayacağı ortada olacaq və indiyədək vasitəçiliyi təsir imkanı kimi dəyərləndirən qlobal güclər könülsüz də olsa, razılaşmalı olacaqlar.
- "Bu gün bir neçə ölkə, eyni zamanda bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışır. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, bu sahədə ən düzgün seçim həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq, əlbəttə ki, Gürcüstan ola bilərdi". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tiflisdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatında deyib. Gürcüstanın bu məsələdə mümkün vasitəçilik imkanlarını ortaya qoyduğuna görə Qaribaşviliyə minnətdarlığını bildirən dövlətimizin başçısı ardınca qeyd edib: “Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər”. Gürcüstan formatı reallaşa bilərmi? Ermənistan, nəhayət, “daşı ətəyindən töküb”, uzaq Fransadan əl çəkib, ağla, haqqa gələcəkmi?
- Göründüyü kimi, Azərbaycan bu formata hazırdır, hətta təşəbbüskar tərəf kimi çıxış edir. Amma müstəqil siyasəti olmayan, Qərb və Rusiya arasında reveranslar edən Ermənistanın məsələyə eyni cür yanaşmasını gözləmək çətin məsələdir. Yalnız Qərb bu formata razılıq verdiyi halda - belə bir razılığın Brüsseldə ola biləcəyi real görünür - Ermənistana təsir edə bilər və Paşinyanın da buna razılıq verməsi tamamilə mümkündür. Fransanın bu istiqamətdə İrəvana təsir edəcəyi hazırkı situasiyada inandırıcı görünmür. Fransa vasitəçi rolunu artıq tamam itirib, deyə bilərik.
Elşad PAŞASOY,
“Yeni Müsavat”