Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 23-də Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşü olub.
Musavat.com xəbər verir ki, dövlətimizin başçısını salamlayan Rüstəm Minnixanov dedi:
- İlham Heydər oğlu, fürsətdən istifadə edərək Rusiya-Azərbaycan münasibətləri çərçivəsində respublikamıza göstərdiyiniz diqqətə görə Sizə təşəkkür etmək istərdim. Biz bunu çox yüksək qiymətləndiririk və əlbəttə ki, bizim Prezidentin belə bir dövlət səfərini həyata keçirdiyinə görə fəxr edirik. Həmin səfəri çox yaxşı işıqlandırdılar. Bu yaxınlarda Siz bizim rəhbəri təbrik etdiniz, çoxlu işgüzar məsələ var idi. BRICS-i bizə etibar ediblər. Vaxt tapıb gəlməyiniz və iştirak etməyiniz bizim üçün böyük şərəfdir. İcazə versəniz, həmkarlarımızla gördüyümüz işlərlə bağlı bəzi məsələləri məruzə etmək istərdim.
Prezident İlham Əliyev dedi:
- Rüstəm Nurqaliyeviç, sağ olun. Bir daha qardaş torpaqda olmağıma şadam. İlk növbədə, Sizi və Tatarıstan Respublikasının bütün sakinlərini BRICS sammitinin, həmçinin BRICS+ tədbirinin keçirilməsi münasibətilə təbrik etmək istərdim. Bu, Rusiya Federasiyası rəhbərliyinin respublikaya, şəxsən Sizə, Tatarıstan vətəndaşlarına xüsusi münasibətinin təzahürüdür, həmçinin Tatarıstanın Sizin rəhbərliyinizlə nail olduğu potensialın göstəricisidir. Çünki belə bir irimiqyaslı sammitin keçirilməsi, əlbəttə ki, tədbirlərin, dövlət başçılarının ikitərəfli görüşlərinin təşkili üçün resursların, infrastrukturun, o cümlədən mehmanxana şəbəkəsinin olmasını tələb edir. Ona görə də əvvəlcədən səmimi təbriklərimi çatdırıram. Əminəm ki, sammit ən yüksək səviyyədə keçiriləcək.
Əlbəttə, Tatarıstan ilə Azərbaycan arasında münasibətlər Rusiya Federasiyasının və Azərbaycanın dövlətlərarası münasibətlərinin mühüm tərkib hissəsidir. Siz də qeyd etdiyiniz kimi, Rusiya Federasiyasının Prezidenti bu ilin avqustunda Azərbaycana dövlət səfəri etdi. Bundan sonra da biz görüşmüşük. Beləliklə, ikitərəfli münasibətlərin dinamikası, o cümlədən Tatarıstan-Azərbaycan ikitərəfli formatı çox yaxşıdır. Bu gün onları müzakirə edəcəyik. Bizim yoldaşlarımız da görüşümüzə hazırlıqlı gəliblər. Zənnimcə, yaxın vaxtlarda yaxşı nəticələrin şahidi olacağıq. Fürsətdən istifadə edərək, bir daha təbriklərimi çatdırmaq və Sizin üçün münasib bir vaxtda Sizi Azərbaycana səfərə dəvət etmək istəyirəm.
Rəis Rüstəm Minnixanov: Sağ olun. Biz həm işgüzar, həm də turistik baxımdan imkan taparaq dünya səviyyəli kompleksləri qiymətləndirdik və onlara heyran olduq. Mən hələ Bakını demirəm. Bakı bizim üçün işləri necə təşkil etmək, təcrübə toplamaq baxımından özlüyündə bir örnəkdir. Bizim artıq ziyarət etdiyimiz turistik dağ-xizək mərkəzi isə, əlbəttə, hamımızı valeh etdi. Bunun üçün Sizə çox sağ olun deyirik.
Prezident İlham Əliyev: Gələ bilərsiniz. Elə mövsüm də yenicə başlayır, gəlin. Yeri gəlmişkən, artıq ilk qar yağıb.
Rəis Rüstəm Minnixanov: Biz Sizin pərəstişkarınızıq.
Prezident İlham Əliyev: Sağ olun. Belə bir sürpriz haqqında təyyarədə öyrəndim. Sağ olun.
Azərbaycan Prezidentinin Tatarıstanın ali dövlət mükafatı ilə təltif olunması haqqında Fərman oxundu: “Tatarıstan Respublikası Rəisinin Fərmanı ilə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsinə görə Prezident İlham Əliyev “Dostluq” ordeni ilə təltif olunur”.
Rəis Rüstəm Minnixanov: Bu, “Sollers” şirkətidir.
Prezident İlham Əliyev: Bilirik.
Rəis Rüstəm Minnixanov: Həmin avtomobillərdən ən yaxşı yerlərdə istifadə etmək üçün xahiş etmişdik.
Prezident İlham Əliyev: Çox sağ olun, Rüstəm Nurqaliyeviç. Belə yüksək mükafata görə təşəkkür edirəm. Bu, mənim üçün həqiqətən də böyük sürprizdir. Bu barədə təyyarə Kazana enəndə öyrəndim. Tatarıstan Respublikasının yüksək ordeni ilə təltif olunmaq böyük şərəfdir. Bütün Azərbaycan xalqı adından, şəxsən öz adımdan bir daha Sizə təşəkkür edirəm. Elə təyyarədə Sizin Azərbaycana və Bakıya sonuncu səfərinizi xatırlayırdım. Siz həm Cəbrayılda, həm də Zəngilanda tatar icması ilə birlikdə Sabantuy bayramında iştirak edirdiniz. Hədiyyəyə görə də sağ olun. Biz hədiyyələri elə Sizin olduğunuz həmin bölgələrə - Zəngilana, Cəbrayıla göndərəcəyik, orada onlara çox ehtiyac var. Bu mükafata görə Sizə bir daha təşəkkürümü bildirirəm.
***
12:59
Bu gün Prezident İlham Əliyevin Kazanda Tatarıstanın Rəisi Rüstəm Minnixanov ilə görüşü olub.
Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.