Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib.
Musavat.com xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk. Hazırda ölkələrimiz arasında əlaqələrin dərinləşməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar yaranmışdır. Siyasi dialoqumuzun müntəzəm xarakter daşıması birgə fəaliyyətimizin inkişafına öz müsbət təsirini göstərir. Bu baxımdan iyun ayının əvvəlində Misirə həyata keçirdiyim səfər çərçivəsində əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin əhəmiyyətini xüsusi vurğulamaq istərdim.
Əminəm ki, dövlətlərarası münasibətlərimizi möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".