“Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Azərbaycan dövlətinin, Azərbaycanın silahlı qüvvələrinin qüdrətini növbəti dəfə nümayiş etdirdi”.
Bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov Musavat.com-a açıqlamasında bildirib. Aydın Hüseynov qeyd edib ki, hərbi paradın qələbənin üçüncü ildönümündə azad Xankəndi şəhərimizdə keçirilməsi 50 milyon azərbaycanlının, bütün Azərbaycan vətəndaşlarının misilsiz qələbəsidir.
Hərbi paradda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin nitqinin möhtəşəmliyinə heyran qalmamaq mümkün deyildi. Qalib dövlətin, qalib xalqın, müzəffər silahlı qüvvələrin Ali Baş Komandanınn çıxışı məhz belə də olmalı idi: “Biz bu çıxışı dinlədikcə Ali Baş Komandan İlham Əliyevin necə qüdrətli, dünya miqyaslı lider olduğunu növbəti dəfə gördük. Prezidentin nitiqi Qarabağ Zəfərimizin ensiklopediyası, xəritəsi idi. Bu çıxışda hər şey əhatə olundu, bu çıxışda qələbənin necə əldə edildiyi ifadə olundu. Eyni zamanda bu çıxışda Ermənistana, Ermənistana havadarlıq edən qüvvələrə Azərbaycan dövlətinin qüdrəti məhz Xankəndi meydanından göstərildi və xəbərdarlıq edildi. Cənab Prezident hərbi paradda bundan sonrakı mərhələdə də ordumuzun gücləndirilməsinin prioritet məsələ olacağının bəyan etməklə bir çox qüvvələrə mesajını vermiş oldu.
Mən Prezident İlham Əliyevin hərbi paradda çıxışını dinlədikcə Azərbaycan xalqının necə xoşbəxt xalq olduğuna bir daha qəti şəkildə əmin oldum. İlham Əliyev kimi lideri olmaq bu xalqın həqiqətən də şansıdır, xoşbəxtliyidir. Mən əminəm ki, İlham Əliyev-xalq birliyi dövlətimizi bundan sonra daha da qüdrətli dövlətə çevirəcək”.
Musavat.com