İlham Əliyev: Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb

Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb, bununla da Çin bazarında öz məhsullarını təşviq etməyə çalışır. Həmçinin biz Çin Xalq Respublikasından Azərbaycana ixracın artmasından məmnunuq.

Musavat.com xəbər verir ki, bunları Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə deyib.

“Yenidən görüşməyimizə çox şadam. Siz qeyd etdiyiniz kimi, ölkələrimiz yaxın tərəfdaşlardır və bu gün qəbul ediləcək Bəyannamə Çin Xalq Respublikasını və Azərbaycanı rəsmi olaraq strateji tərəfdaşlara çevirir. Hesab edirəm ki, bu, böyük nailiyyətdir, həmçinin yüksək məsuliyyətdir. Biz gələcəkdə də fəal qarşılıqlı fəaliyyət göstərmək, ikitərəfli əlaqələri bütün istiqamətlər üzrə möhkəmləndirmək niyyətindəyik.

Şadam ki, Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır və ölkələrimiz arasında hərtərəfli münasibətlərin inkişafına mühüm impuls verir. Beynəlxalq strukturlarda qarşılıqlı dəstəyi, ikitərəfli səviyyədə qəbul edilən müxtəlif sənədlərdə ölkələrimizin ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsinin ifadə olunmasını xüsusi vurğulamaq istərdim.

Eyni zamanda, ölkələrimizin nazirləri, idarələri, dövlət strukturları, ictimai təşkilatları səviyyəsində fəal diplomatiyanı, Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında məhsuldar əməkdaşlığı qeyd etmək istərdim. Bütün bunlar əlaqələrimizi möhkəmləndirir.

Ölkələrimiz arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir, o, 3 milyard dollara çatıb və artım potensialına malikdir. Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb, bununla da Çin bazarında öz məhsullarını təşviq etməyə çalışır. Həmçinin biz Çin Xalq Respublikasından Azərbaycana ixracın artmasından məmnunuq.

COVID-19 epidemiyası zamanı göstərilən köməyə görə bir daha Sizə minnətdarlığımı bildirmək istərdim. Mənim Sizə yazılı müraciətimə dərhal müsbət reaksiya verildi və Azərbaycana minlərlə insanın həyatını xilas edən milyon dozadan çox vaksin çatdırıldı. Azərbaycan bu sınaqdan, ilk növbədə, Sizin dostluq münasibətiniz və çətin vaxtda bizə köməyiniz sayəsində ən az itkilərlə çıxan ölkələr sırasında oldu.

Qeyd etmək istərdim ki, investisiya əməkdaşlığının perspektivləri artıq əyani şəkildə görünür. Son hadisələr arasında elektromobillərin və elektrobusların tanınmış istehsalçısı – Çinin “BYD” şirkətinin Azərbaycanın strateji tərəfdaşı seçilməsini qeyd etmək istərdim. Əməkdaşlığın, elektrobusların və digər elektromobillərin birgə istehsalının ilk addımı olaraq müvafiq sənədlər imzalanıb. Əlbəttə, ölkələrimiz arasında yükdaşımaların artmasını xüsusi məmnunluqla qeyd edirəm”, - Azərbaycanın dövlət başçısı qeyd edib.

03.07.2024 22:11
585