Əslində, namaz qılmaq üçün yerlər dəqiq müəyyənləşdirilib. İnsanların hərəkətinə mane olmamaq şərti ilə namaz qılmaq olar.
Bu fikirləri Musavat.com-a açıqlamasında ilahiyyatçı Rəsul Mirhəşimli deyib.
O, insanların namaz qılmasına belə reaksiyaları qəbuledilməz hesab edir:
“Əgər oradakı insanlar bu qərarı bir yerdə veriblərsə, bu qədər hay-küyə ehtiyac yoxdur. Sadəcə sosial şəbəkələrdə müzakirələr bəzən nifrət həddinə çatır. Bundan öncə avtobus sürücüsü sonuncu dayanacaqda namaz qılmışdı. O zaman da eyni reaksiya olmuşdu. Halbuki o heç kimə mane olmamışdı, heç kimin haqqına girməmişdi. Son zamanlar bəzi insanların dinə bu cür münasibəti islamofobiyadan qaynaqlanır. Azərbaycanda son illər bu özünü çirkin şəkildə büruzə verir. Hər halda insanların toyda dava salmağı, içki məclislərinin təşkil olunması, toylarda israf, dəbdəbəli toylar bəzilərinin etirazına səbəb olmur. Amma müsləmanların ibadəti etiraz doğurur, ələ salmağa çalışırlar. İbadət, inanc müsəlmanların söykəndiyi dəyərdir. İnsanların dəyərinə qarşı bu şəkildə aqressiv münasibət etikadan kənardır. Eyni zamanda bu qanunvericiliyə ziddir”.
R.Mirhəşimli vurğuladı ki, namaz təmiz yerdə qılınmalıdır, bu aspektdən yanaşdıqda isə yaranan mənzərə xoş deyildi:
“Əslində, şadlıq saraylarında o şəkildə namaz qılınmağı mənə də xoş deyil. Bəzi mərasim zallarında namaz qılmaq üçün xüsusi otaqlar var. Mən bildiyim qədər toy sahibi də bu şəkildə namaz qılınmasını istəmirmiş, sadəcə insanlar kütləvi şəkildə toplaşdıqdan sonra etiraz edə bilməyib. Nəticədə görüntülər sosial şəbəkələrdə paylaşılıb”.
Qeyd edək ki, Bakı şəhərinin böyük şadlıq saraylarından birində toy iştirakçıları zalın ortasında camaat namazı qılıblar. Bu barədə video sosial şəbəkədə yayılıb. Paylaşılan videoya yazılan rəylərdə qeyd olunur ki, şadlıq evi araq süfrələrinin açıldığı, yeyib-içmək məclislərinin qurulduğu, insanların şənləndiyi məkandır və buradan təyinatına uyğun olmadan istifadə edilib, ayaq altında namaz qılınıb. İbadət etmək üçün Bakıda məscidlərin, eləcə də şadlıq saraylarında namaz otaqlarının olduğu əsas gətirilərək, toy iştirakçılarının bu davranışı tənqid edilib.
Nigar HƏSƏNLİ,
Musavat.com