İki piterlinin tac davası – Karpovun “dönük” Korçnoya qalib gəlməsi Brejnevi məmnun edib

Hər hansı bir idman turniri siyasi xarakter alanda, ona maraq ikiqat artır, azarkeşlərlə yanaşı, siyasilər də bu turnirin qatı azarkeşlərinə çevrilirlər. 1978-ci ildə şahmat üzrə dünya şempionatında olduğu kimi. Hətta bu çempionat ərəfəsində Kremldə Leonid Brejnevə oyunları izləmək üçün ayrıca bir otaq da ayırıblar. Baş katib iş arasında arabir bu otağa keçərək çempionatın gedişatını izləyib.

Maraqlıdır, 1978-ci ildə keçirilən şahmat üzrə dünya çempionatı hansı səbəbdən belə böyük maraq yaradıb?

Həmin turnirdə dünya çempionu titulu uğrunda 27 yaşlı Anatoli Karpovla 47 yaşlı Viktor Korçnoy üzləşiblər. Çempionat Filippinin kurort şəhəri olan Baqioda keçirilib və üç ay, iyulun 18-dən oktyabrın 18-dək davam edib.

images-7685-1538227334.jpg (109 KB)

Çempionluğa idialı olanların hər ikisi SSRİ şahmat məktəbinin yetişdirməsi olub. Hər ikisi SSRİ-nin şimal paytaxtı sayılan Leninqradda (indiki Sankt-Peterburq) təhsil alıb, bu şəhərdə şahmatla bağlı ilk uğurlarını qazanıblar.

Anatoli Karpov çox gənc yaşlarından Kommunist Partiyasının üzvü olub. Viktor Korçnoy isə bu partiyanın yürütdüyü siyasətlə heç vaxt barışmayıb. Belə ki, o, 1976-cı ildə Amsterdamda keçirilən şahmat turnirindən sonra SSRİ-yə etiraz əlamət olaraq Hollandiyadan siyasi sığınacaq istəyib. Amsterdam ona siyasi sığınacaq verməkdən imtina edib, şahmatçıya yalnız bu ölkədə müvəqqəti yaşamaq hüququ verilib. Bir müddət Hollandiyada yaşadıqdan sonra ABŞ rəsmiləri Korçnoyu öz ölkələrinə dəvət ediblər. Korçnoy bu dəvətdən imtina edib. Sonra o, İsveçrədə məskunlaşıb və bu ölkənin vətəndaşlığını alıb.

about_4.png (204 KB)

Sözsüz ki, şahmat üzrə dördqat SSRİ çempionu və bir çox beynəlxalq turnirlərin qalibi olan Korçnoyun SSRİ-yə etiraz əlaməti olaraq xarici ölkədə sığınacaq alması səs-küysüz ötüşməyib. Bu mövzu ətrafında dünyanın aparıcı kütləvi informasiya vasitələrində çoxsaylı yazılar tirajlanıb. Qərb mətbuatı üçün isə bu mövzu göydəndüşmə sayılıb, kommunist rejimini tənqid etmək üçün ən yaxşı “bəhanə” olub.
Korçnoyun xarici ölkədən sığınacaq istəməsi Kremli də qıcıqlandırıb. Şahmatçının məsələsi qeyri-rəsmi şəkildə Siyasi Büro üzvləri arasında müzakirə edilib. Kreml məmurları onun SSRİ vətəndaşlığından çıxarılması haqqında qərar veriblər və beləliklə, Viktor Korçnoy 1978-ci ildə rəsmi olaraq SSRİ vətəndaşlığından məhrum edilib.

Korçnoy ilk açıqlamalarında SSRİ-dən üz döndərməsinin səbəbini aşağıdakı kimi açıqlayıb:
“SSRİ-də mənim inkişafım üçün heç bir perespektiv yoxdur. Mən öz şahmat karyeramı davam etdirmək istəyirəm, dünya çempionu adını almağa iddialıyam. SSRİ Şahmat Federasiyası isə mənim arzularıma, istəklərimə qarşı çıxır. Onlar daha çox gənclərə dəstək olurlar. Bəs mənim illər boyu bu sahəyə çəkdiyim əziyyətlər, SSRİ-nin adını beynəlxalq turnirlərdə qaliblər sırasına çıxarmağım necə olsun...”

65e0c73a60.jpg (189 KB)

Bəli, məhz bu ərəfədə Korçnoy öz söylədiyi kimi SSRİ Şahmat Federasiyasının dəstək verdiyi Karpovla dünya çempionu titulu uğrunda şahmat taxtasının arxasına keçib.

Üç ay davam edən çempionat olduqca gərgin keçib. İlk 7 oyun heç-heçə ilə nəticələnib. Avqustun 3-də Karpov ilk qələbəsini qazanıb. Avqustun 10-da Korçnoy hesabı bərabərləşdirib. Milyonlarla insanın izlədiyi çempionatda hesab 5-2 Karpovun xeyrinə olanda gərginlik səngiyib. Ancaq Korçnoyun üç dəfə bir-birinin ardınca qələbəsi hesabı 5-5 edəndə həm azarkeşlərin, həm də siyasilərin gərginliyini birəbeş artıb.

Nəhayət, oktybrın 17-də çempionatın 32-ci oyununda Karpov üstünlüyü əldə edib. Oyuna bir günlük fasilə verilib. Səhərisi gün, oktybrın 18-də Korçnoy oyunu davam etdirmədən təslim olub. 27 yaşlı Karpov dünya çempionu tituluna sahib olub.

загружено.jpg (117 KB)

Karpovun qələbəsi bütün SSRİ-də olmaqla yanaşı, Kremldə əsl bayram təntənəsi yaradıb. Leonid Brejnev dünya çempionunu Kremldə qəbul edib. Karpov həmin görüş haqqında təəssürlarını belə bölüşüb:

“Həmin vaxt Brejnevin səhhətində ciddi problemlər var idi. O, bizi qəbul edəndə müalicəsi hələ tam başa çatmamışdı. Amma baş katib televiziyada hökmən görünməliydi, xəstəliyi ilə bağlı arada gəzən söz-söhbətə son qoymalıydı. Onu vəziyyətinin qənaətbəxş olmaması o dəqiqə hiss olunurdu. Amma buna baxmayaraq, Brejnev zarafatından da qalmırdı. O, mənə əl uzadıb qucaqladı, təbrik etdi, zarafatla çempionata münasibətini də bildirdi:

- Hesab 5-5 olanda məni infarkt səviyyəsinə gətirmişdin. Bir də belə zarafatlar etmə. Tacı qazandın, onu axıra qədər özündə möhkəm saxla.

Sözsüz ki, baş katiblə belə bir ünsiyyətdə olmaq olduqca xoş idi...”

d3b8fc40fe1f3c4fdbc9ce7aaec6b7d460ab6a51ba3cb418211131.jpg (99 KB)

Karpov Brejnevin “göstərişini” qismən də olsa yerinə yetirib. O, 1985-ci ilə qədər dünya çempionu titulunu özündə saxlayıb. 1985-ci ildə isə dünya şahmat tarixində ən maraqlı və ən “sirrli” növbəti dünya çempionatı keçirilib. Bu tirnirdə Karpov bakılı Harri Kasparovla şahmat masasının arxasına keçib. Bu haqda növbəti saylarımızda yazı təqdim edəcəyik.

İlham Cəmiloğlu, Musavat.com

04.10.2022 13:35
3170