Binəqədidəki dağıntılar altından daha bir cəsəd çıxarıldı - ölənlərin sayı 9-a çatdı; prezidentliyə namizəd Binəqədidəki partlayışdan danışdı: “Biz təxribat məsələsinə çox ciddi yanaşmalıyıq...”
Yanvarın 15-də, günortaya yaxın Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən mebel sexində partlayış-yanğın hadisəsi ilə bağlı araşdırmalar davam edir. Hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 8 nəfər ölüb. Baş vermiş partlayış nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dağıntılar altında qalan şəxslərin axtarışları davam etdirilir.
Partlayışla bağlı Baş Prokurorluğun, Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb. İbtidai istintaqın aparılması Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinə həvalə edilib. Hadisənin baş vermə səbəbləri, dəymiş ziyanın miqdarı, həmçinin diigər əhəmiyyətli halların müəyyən edilməsi məqsədilə müvafiq ekspedisiyalar təyin olunub. Hazırda cinayət işi üzrə ibtidai istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Hüquq-mühafizə orqanları partlayış meydana gəlməsi səbəbi ilə bağlı açıqlama verməyə tələsmirlər.
Sexin yaxınlığında yerləşən təhlükəsizlik kameralarının qeydə aldığı videodan aydın görünür ki, sexdə çox güclü bir partlayış olub. Azərbaycanın sərhədləri bağlı olduğu bir vaxtda, Ermənistanla sülh sazişi də əldə edilmədiyi bir zamanda, faktiki müharibə şəraitində olduğumuz dövrdə partlayışın meydana gəlməsi bir çox versiyaların yaranmasına səbəb olub. Bu hadisədən bir neçə gün əvvəl Perinatal Mərkəzdə yanğın baş verdi, 4 körpə həyatını itirdi. Baş verənlərin yaxından-uzaqdan qonşularımızla əlaqəsi ola bilərmi? Oxşar hadisələr 2009-cu ildə Neft Akademiyasındakı dəhşətli terrora qədər də baş vermişdi. 2015-ci ildə Azərbaycanda keçirilən Avropa Oyunları ərəfəsi də analoji olaylar olmuşdu. Maşınların kütləvi yandırılması, məscidin qapısına “Molotov kokteyli” atılması, nəhayətdə Binəqədidəki hündürmərtəbəli binadakı məşum yanğın törədilmişdi. Eyni ssenari təkrarlanmır ki?
Fazil Mustafa
Bu il fevralın 7-də keçiriləcək prezident seçkisinə qatılmış deputat Fazil Mustafa “Yeni Müsavat”a deyib ki, mebel sexindəki partlayışla bağlı təxribat versiyası araşdırılmalıdır: “Doğurdan da bu hadisənin sıradan olub-olmadığı araşdırılmalıdır. Çünki elə hadisələr baş verir ki, çox ciddi fəsadlar ortaya qoyur. Yanğın nəticəsində körpələrin ölümü, ardından partlayış nəticəsində 9 nəfərin ölümü və 20-dən artıq şəxsin yaralanması bir sıra şübhəli məqamlardan xəbər verir. Ona görə də biz təxribat məsələsinə çox ciddi yanaşmalıyıq. Baş verən hadisələrə münasibətimizi bir də diqqətdən keçirməliyik. Xüsusilə seçki ərəfəsində proqnozlaşdırılan ciddi hadisələrin qarşısını vaxtında almağa çalışmalıyıq. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti çox cəsarətli addımlar atır, hər hansı bir təxribatın qarşısını almağa qətiyyən tərəddüd etmirlər. Əminəm ki, ipucu tapılacaq və hər hansı bir təxribat varsa, kökünü qazıyacaqlar”.
Yada salaq ki, ötən il martın 28-də Fazil Mustafaya qarşı evinin yaxınlığında terror törədilib. Odlu silahdan açılmış atəşlə deputat yaralanıb.
İlham İsmayıl
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, baş verən hadisələrlə qonşu dövlətlərin yaxından-uzaqdan əlaqələrini istisna edir: “Bu, təxribat deyil, bu, diversiya deyil, təzyiq vasitəsi deyil. Bu, sadəcə olaraq, Azərbaycanda hava şəraitinin dəyişməsi ilə əlaqədar qaz və işıqdan istifadənin həddindən artıq istifadə ilə əlaqəli ola bilər. Ola bilsin ki, burada hansısa səhlənkarlığa, məsuliyyətsizliyə yol verilməsi qəzaya gətirib çıxarıb. Xatırlatdığınız olaylar terror idi və Azərbaycana təzyiq vasitəsi idi. 2020-ci il Vətən müharibəsindən sonra "Azərsun" Yağ Zavodunda baş verənləri də Azərbaycana təzyiq vasitəsi kimi qiymətləndirmişdik. Binəqədidəki partlayışla bağlı hələ ki, istintaq ilkin məlumatı açıqlamayıb. Ola bilər ki, qaz sızması nəticəsində meydana gəlib. Bu partlayışın Azərbaycanın mövqeyinə nə təsiri ola bilər? Azərbaycanın ərazi bütövlüyü ilə bağlı, sülh müqaviləsi bağlaması ilə bağlı bu partlayış nə şəkildə xəbərdarlıq ola bilər? Bu partlayışdan sonra mövqeyimizdən geri çəkilməkmi ola bilər? Xarici qüvvələrin Azərbaycana təzyiq etmələri üçün müxtəlif variantları var. Təxribatdan çox diplomatik təzyiqdən istifadə olunur. Necə ki, Fransa senatında Azərbaycan torpağı Qarabağa ermənilərin geri qayıtmasının təminatı üçün deklarasiya hazırlayıblar. Yanvarın 17-də Fransa senatında həmin deklarasiya qəbul ediləcək və Azərbaycana sanksiya tətbiq olunacaq. Azərbaycanın bu gün bölgədə fəaliyyəti Rusiyanın maraqlarına uyğundur. Ermənistanın isə elə gücü yoxdur ki, bir partlayışla Azərbaycanın 30 ildən çox apardığı Qarabağ siyasətində dəyişikliklərə nail ola bilsin".
İlham İsmayıl üçüncü qüvvələrin Azərbaycanda hər hansı bir təşviş və qorxu yaradacaq fəaliyyətlə məşğul ola biləcəyi versiyasını da istisna edir: “Hər yanğın olanda və ölümlə nəticələnəndə təbii ki, narahatlıq keçiririk. Amma bu məsələnin Azərbaycana təzyiq, təhdid olmasını istisna edirəm”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”