Avropada son 50 ildə müstəqilliyini çətinliklə, böyük itkilər, qanlar bahasına əldə etmiş iki kiçik dövlət var: Şimali Kipr Türk Respublikası və Kosova.
Bu iki dövlətin bu yazıda müqayisə edilməsinin tutarlı səbəbləri var. Əsas odur ki, hər iki dövlət öz metrpoliyasından ayrılığa dair “xeyir-dua” almayıb, mübahisə, intriqa davam edir, hər an yenidən savaş başlaya bilər.
ŞKTR (türkcədə qısa olaraq Kıprıs) öz müstəqilliyini 1974-cü ilin oktyabrında yunanların hökmran olduğu Kiprdən qazanıb.
Kosova isə müstəqil dövlət olaraq 2008-ci ilin fevralından serblərdən ayrı yaşamağa başlayıb.
ŞKTR-in müstəqil dövlət kimi yaşamasının qarantoru Türkiyə və onun ordusu olub, yoxsa Yunanıstan və Kipr yunanları adanın şimalındakı türklərə bu hüququ tanımırdılar.
Kosova isə öz müstəqil dövlətçiliyi üçün Albaniya və NATO-ya borcludur. Etnik albanların yaşadığı Kosovaya “böyük qardaşı” və NATO kömək etməsə, serblər Kosovada yeni “Srebrenitsa qırğını” törətmək əzmindəydilər.
Paradoksaldır ki, 1974-cü ildə yunanlar Kiprdə yaşayan türkləri qətliama məruz qoyaraq adadan qovmağa çalışanda öz soydaşlarını qoruyan Türkiyə NATO-nun təzyiqi ilə üzləşib.
Avropa ölkələri də Kosovada yaşayan albanların Serbiyanın genosid siyasətinin qurbanı olacağını mülahizə edərək, müstəqillik istəyən muxtar vilayəti dövlət kimi tanıyıb.
Ancaq eyni genosid siyasətinə məruz qalan Kipr türklərinin qurduğu ŞKTR adlanan dövləti 49 ildir hələ də tanıyan yoxdur.
Bu gün ŞKTR-i yalnız Türkiyə müstəqil dövlət kimi tanıyır, son 15 ildə Kosovanı tanıyan dövlətlərin sayı isə 101-dir. Müqayisə edək: 49 ildə 1 dövlət, 15 ildə 101 dövlət.
Kosova dörd dövlətlə (Albaniya, Serbiya, Şimali Makedoniya və Monteneqro) ilə həmsərhəddir, Şimali Kiprin yeganə quru qonşusu yunan Kipridir.
Daha bir paradoksal detal. Kosova albanları serblərlə eyni dövlətdə, Serbiyanın tərkibində yaşamaq istəmirlər, serblər əksinə, Kosovanın Serbiyanın içində muxtar qurum olmasına razıdırlar.
Kipr türkləri isə yunanlarla eyni dövlətdə bərabər hüquqlara malik olaraq, konfederativ əsaslı dövlətdə yaşamağa hazırdırlar, amma yunanlar bu varianta da razı deyillər.
Kipr yunanları hesab edir ki, türklər heç bir əlahiddə hüquqa malik olmamalıdırlar, ən yaxşısı isə kütləvi şəkildə adanı tərk etməlidirlər. 19 il öncə adada hər iki icma arasında keçirilən referendumda türklər birgəyaşayışa “hə” dedikləri halda, yunanlar “yox” dedilər, özlərini olduqca çətin duruma saldılar, amma Avropa dövlətləri türklərə verdikləri vədi yerinə yetirmədilər.
Əslində vaxtilə iç-içə yaşayan yunanlarla türklərin arasında başlayan nifaq ocağı məhz birincilərin Kipr adasına tam sahiblənmək və adanı türksüzlşədirmək planını gerçəkləşdirməyə başlamasından sonra yaranıb.
Serblərin qaldırdığı "Kosova Serbiyadır" transparantı
Serblər də hökmran olduqları Yuqoslaviyanın müstəqil dövlətlərə (Bosniya və Herseqovina, Xorvatiya, Sloveniya, Monteneqro, Şimali Makdeoniya və Serbiya) parçalanmasını həzm edə bilmədikləri, ayrılmaq istəyən xalqlara qarşı savaş açdıqları üçün son nəticədə həmin ittifaq respublikalarının hamısını, üstəlik, Kosovanı da itiriblər.
Üçüncü paradoksal detal: Türkiyə Kipr adasına hərbi kontingenti adada hakimiyyəti zorla ələ keçirmiş hərbçilərdən, diktatura rejimindən xalqı qorumaq üçün yeridib və müstəqillik üçün vuruşan yerli türklərə yardım edib. Avropa və NATO da Kosova albanlarını diktator Slabodan Miloşeviçin hərbi cani generallarından, cəza dəstələrindən qoruyub, müstəqillik üçün vuruşan albanlara hərbi dəstək verib.
Prinsipcə, Avropa və Türkiyə kütləvi qətliam təhlükəsi qarşısında qalan xalqlara (türklərə və albanlara) münasibətdə eyni xeyirxahlığı ediblər. Ancaq Türkiyənin hərəkəti mənfi planda qeyd olunur, müstəqil dövlətin ərazisini işğal etmək kimi qələmə verilir, özlərinin etdiyi isə müstəqil Serbiyanın ərazisini işğal etmək, bölmək deyil.
Başqa sözlə, ŞKTR-in indiyədək tanınmaması əslində Türkiyəyə münasibətdir, mümkündür ki, Türkiyə bir həmləsi ilə yunanları qəddar aqressordan məzlum qurbana çevirdiyi, 14 mindən çox yunan əsgərini məhv etdiyi üçün xor görülür.
Eyni zamanda Kosovanın tanınması onun himayədarı Albaniyaya münasibətin nəticəsi deyil, 20-ci əsrin sonunda Avropada mədəni xalqlara qarşı genosid siyasəti yeritmiş Serbiyaya və onun hamisi Rusiyaya münasibətin göstəricisidir.
Hazırda hər iki münaqişəni həll edilmiş saymaq olmaz. Bu günlərdə Kosova ətrafında vəziyyət yenidən gərginləşib. İyun ayının ilk günlərində Kosovanın şimalında etiraz edən serblərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Nəticədə xeyli sayda həm mülki, həm də NATO hərbçisi yaralanıb. Ona görə də NATO kontingentindən 700 əlavə hərbçi Kosovaya göndəriləcək.
Kiprdə isə yunanlar və türklər arasında toqquşmalar baş verməsə də, münasibətlər gərgin olaraq qalır. Yunanlar adanın tamamına sahib olmaq niyyətindən vaz keçmir, ŞKTR-i heç cür tanımayacaqlarını bildirirlər. Türklər öz dövlət qurumlarını buraxmaq, özlərini yunanların insaf və mərhəmətindən asılı qoymaq fikrində deyillər.
Kosova da, ŞKTR də, demokratik və dünyəvi dövlətlərdir, dürüst seçki keçirir, insan haqlarına riayət edirlər. Ancaq göründüyü kimi, onlara dünyada və Avropada münasibət fərqlidir. Kosovalıların öz müqəddəratını təyinetmə hüququ tanınsa da, vaxtilə Kipr adasının qədim və hegemon etnik qrupu olan türklərin nəinki bu hüququ tanınmır, hətta deportasiya ediləcəkləri təqdirdə “qoca qitə” rahat nəfəs alacaqmış kimi görünür.
Araz Altayoğlu