5-6 il əvvəl idi, bir zamanların “Neftçi” komandasından, onun heyətindən bəhs edən bir yazı yazmışdım. Yazıda Anatoli Banişevskidən tutmuş ta Yunis Hüseynova qədər “Neftçi”də oynamış parlaq futbolçuların adını çəkmişdim, nəyə görəsə Nazim Süleymanov kənarda qalmışdı.
Buna görə bir oxucu, güman ki, Nazim Sülemanovun qohumu və ya dostu redaksiyaya zəng edərək mənə irad tutmuşdu. Ona söz vermişdim ki, vaxt gələcək, bir yazımda Nazim Süleymanova yekə bir abzas həsr edəcəm, xatircəm ol.
Bax, indi həmin vaxt gəlib, bu yazının yarısı Nazim Süleymanovdan bəhs edəcək.
Nazim yaxşı futbolçu olub, 1983-cü ildən 1990-cı ilə qədər “Neftçi”də 177 oyuna çıxıb, 27 qol vurub. Yadıma gəlir, təxminən bildiyimiz Zubir kimi oynayırdı, driblinqi-filanı əlaydı. Sonra o, Moskvanın “Spartak” klubuna aparıldı, orada heç bir oyuna çıxmadı.
Ancaq Nazim Süleymanov futbolçu kimi Vladiqafqazın “Alaniya” komandasında parladı. 1991-ci ildən 1996-cı ilə qədər bu komandada oynayan Nazim 142 oyunda 60 qol vurdu, komandanın lideri oldu, “Alaniya” ilə birlikdə Rusiya çempionu titulunu qazandı. Qazzayev mərdiməzarlıq etməsə, bəlkə də daha yaxşı olacaqdı.
Həmin vaxt 30 yaşlı Nazim Süleymanovla birlikdə komandada bir 24 yaşlı hücumçu da olub və o hücumçu Nazimlə yanaşı Rusiyanın 33 ən güclü futbolçusunun siyahısına düşüb. Onlar meydanda yaxşı anlaşırmışlar, Nazim pas atırmış, o vururmuş, o, ötürmə edirmiş, Nazim vururmuş.
Həmin hücumçu 15 gündən sonra Gürcüstanın prezidenti olacaq.
Düz oxudunuz – o hücumçu Gürcüstan Respublikasının prezidenti seçiləcək. Başqa variant yoxdur – demək olar ki, artıq seçilib.
Onun adı Mixeil Kavelaşvilidir. Hazırda onun 53 yaşı var, Nazimdən 6 yaş balacadır, amma adam Tiflisin “Dinamo” və ya Kutaisinin “Torpedo” klubunun rəhbəri, hətta Gürcüstan Futbol Federasiyasının prezidenti də yox, birbaşa Gürcüstan Respublikasının prezidenti olacaq.
Gürcüstanın “boz kardinal”ı Bidzina İvanişvili belə məsləhət bilib. Bidzinanın özünün dövlət vəzifəsi-filanı yoxdur, amma kimi istəsə, prezident qoyur, kimi istəsə, baş nazir, parlament spikeri, partiya sədri təyin edir. (Meyxanaçı qardaşlar belə yerdə lakonik bir izahat verirlər: “Ay can alan, candı kopolun pulu”).
Bəli, Nazim Süleymanova sinninin 60-da “Neftçi”nin, milli komandanın baş məşqçisi postu qıyılmadığı halda, onun dostu dövlət başçısı olacaq. Düzdür, Kavelaşvilinin prezidentliyinin ömrü və görəcəyi işlər İvanişvilinin iki dodağının arasında olacaq, amma bunun dəxli yoxdur, adam sammitlərdə, beynəlxalq görüşlərdə Gürcüstanı dövlət başçısı kimi təmsil edəcək, nə qədər adama mükafat verəcək, xeyli kadrı vəzifəyə qoyacaq – təbii ki, “boz kardinal”la razılaşdırdıqdan sonra.
Nazim Süleymanov isə məşqçilik karyerasına başlayandan bəri çox vaxt U-19 komandaları ilə əlləşdiyi kimi, eləcə də davam edəcək. Niyə? Bilmirəm.
Amma ona əminəm ki, 1994-95-ci illərdə Kavelaşvili Nazim Süleymanovun yanında artıq-əskik hərəkət etmirmiş ki, birdən “ded”in xoşuna gəlməz.
Sənətkara qiymət vermək başqa şeydir. Gürcülər öz futbolçularına böyük hörmət qoyurlar. Bundan əvvəl başqa bir futbolçu – Kaxa Kaladze Gürcüstanın enerji naziri olub, baş nazirin müavini vəzifəsində işləyib, hakim partiyanın baş katibi seçilib, hazırda yenidən Tiflis şəhərinin meridir. Əslində ondan da prezident çıxardı, amma İvanişvilinin quşu Kavelaşviliyə qonub, nə etmək olar.
Heç demə, Kavelaşvilinin ali təhsili yoxdur, deputat seçiləndə adının qarşısındakı “təhsili” qrafası illərdir boşdur. Zalım oğlu ordan-ora gedib Dərbənddən, Mahaçqaladan hüquqşünas, iqtisadçı diplomu almayıb. Hərəsindən birini almağa pulu çatardı.
Bizdə keçmiş futbolçulardan ən qabağa gedəni Səməd Qurbanovdur, milisdə işləyirdi, mayor rütbəsi almışdı, indi təqaüddədir, 71 yaşı var.
Ancaq bu məsələdə də yada lotereyada avtomobil udmaq istəyən kişinin lətifəsi düşür. Yuxarılardan adama deyirlər, maşın udmaq istəyirsən, heç olmasa, bir dənə lotereya bileti al. İndi onun sözü olmasın, bizim futbolçular da gərək vaxtında siyasətlə maraqlansınlar (hakim partiyada fəallıq etsinlər) ki, vədə başında da kimsə onlara vəzifə versin.
Kavelaşvilinin yoldaşlığı yaxşı olsa, gələn ayın 14-də prezident seçiləndən sonra Nazim Süleymanovu Gürcüstana dəvət edər, deyər, nə vaxta qədər gənclər komandası ilə işləyəcəksən, gəl idman işləri üzrə prezident müşaviri ol. “Bir fincan qəhvənin 40 il xətri olar” məsələsi...